Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Sabirabadda dini zəmində baş verən xoşagəlməz hadisə ilə bağlı ölkə müsəlmanlarına müraciət edib.
Müraciətdə deyilir:
“Uca Allahın adı ilə! Əziz azərbaycanlı bacı və qardaşlarımız! Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına bildirmək istəyirəm ki, Sabirabadda radikal vəhhabi təriqətinə mənsub olduğu bildirilən ölkə vətəndaşının təhqir olunmasını qətiyyətlə pisləyirik. Fanatizmə və qaragüruha qarşı mübarizə aparmış dahi Sabirin adını daşıyan bu bölgəmizdə, xüsusilə, müqəddəs Ramazan ayında belə bir hadisənin gerçəkləşməsi Peyğəmbərimizin (ə) və onun pak Əhli-beytinin mükəmməl xoşgörü ənənələrinə yaddır. Əziz həmvətənlərimiz! Bu gün yaxın Şərqdə cərəyan edən qanlı hadisələr bunu göstərir ki, xaricdən dəstəklənən qeyri-ənənəvi radikal təriqətlərə qarşı ən uyğun mübarizə üsulu dövlət tərəfindən aparılan elmi maarifləndirmə kampaniyasıdır.
Belə ki, Qarabağ Seyid Ocaqları radikalizmə radikalizmin öz dili ilə cavab verməyi bir mənalı olaraq rədd edir, məzhəblər arası münasibətlərdə dövlət və millət olaraq göstərdiyimiz nümunəvi dözümlülüyü davam etdirərək Azərbaycan Respublikasının bütövlüyü naminə birlik və bərabərliyimizi qorumağa çağırır".
Qeyd edək ki, Sabirabad rayonunda vəhhabinin saqqalının kəsilməsi və təhqir olunması ilə bağlı video sosial şəbəkələrə yerləşdirilib