Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinə start verilib. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində təşkil olunur. İyulun 6-dan 11-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq.
İyulun 6-da "Yay məktəbi"nin açılışı olub. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Eyni zamanda, layihə iştirakçıları Heydər Əliyev Mərkəzində oldular.
Sonra rayon ərazisində yerləşən "Relax" istirahət mərkəzində "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin açılış mərasimində çıxış edən qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs edib. Bildirib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
V.Rəhimzadə qeyd edib ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar.
V.Rəhimzadə gənclərə göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlığını bildirib.
Açılış mərasimində çıxış edən YAP İcra Katibliyinin baş təlimatçısı Rəfail Gülməmmədov və YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat veriblər.