|
|
|
|

Bu yaxınlarda kollecdə müəllim işləyən dostlarımla görüşüb çay süfrəsində ordan-burdan söhbət edirdik, yəni dərdləşirdik. Birdən dostlarımdan birinə zəng gəldi və o həmin şəxsi oturduğumuz yerə dəvət elədi. 10-15 dəqiqədən sonra içəri daxil olan şəxslə tanış olduq. Söhbət zamanı məlum oldu ki, təzə tanışımız Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra magistraturanı bitirib, elmi işçidir, hazırda universitetdə çalışır. Bir az ordan-burdan danışandan, yerimizi-yurdumuzu bir-birimizə bəlli edəndən sonra söhbət gəlib çıxdı cəmiyyətimizin yaralı yeri olan məmurlar məsələsinə. Balaca məclisimizdə məmurların fəaliyyəti ilə bağlı təbii ki fərqli fikirlər səsləndi. Bir azdan isə müzakirə mövzumuz daha da konkretləşdi. Hamımız az-çox müddətdə Sabunçu rayon sakini olduğumuz üçün istər-istəməz söhbət yönəldi rayonun təzə icra başçısı Adil Vəliyevin fəaliyyətinə.
Söhbət zamanı təzə tanışımızın fikirləri məndə xeyli maraq oyatdı. Ona görə də onun fikirlərini və öz əlavələrimi cəmiyyətlə bölüşmək qərarına gəldim.
Yaşca bizdən xeyli kiçik olan təzə tanış olduğumuz universitet müəllimi utana-utana bizə dedi ki, sizlərdən fərqli olaraq mən Bakıda, daha doğrusu, Sabunçuda doğulub-böyümüşəm. Mənim uşaqlığım da, yeniyetməliyim də, gəncliyim də Sabunçuda keçib. Sabunçu son 1 ildə o qədər dəyişib ki, mən Sabunçunu tanıya bilmirəm...
Sözün düzü, təzə tanışımızın söhbəti həm maraqlı, həm də mübahisəli gəldiyi üçün ordan-burdan əks-suallar verməyə başladıq.
Təzə tanışımız yenə utana-utana, həm də ədəb-ərkanla bizə bildirdi ki, Sabunçu Bakının digər mərkəzi rayonlarından (Səbail, Nərimanov, Nəsimi və s. ) fərqli olaraq həm "kənd tipli rayon" olub ( inzibati vahidlərinin çoxu kənddir), həm də həmişə bir az gözdən uzaq düşüb. Ona görə də hətta sovet dövründə də Sabunçuya elə də diqqət ayrılmayıb. Şəhərin mərkəzi rayonlarından fərqli olaraq Sabunçuda həmişə bir pərakəndəlik, dağınıqlıq, bir az natəmizlik olub. Və ən əsası odur ki, Sabunçu şəhərdən çox kəndə bənzəyib. Ona görə deyirəm ki, Sabunçu son 1 ildə büsbütün dəyişdi, rayon indi sözün əsl mənasında şəhərə bənzəyir. Və mən doğulub boya-başa çatdığım Sabunçunu tanıya bilmirəm...
Sözün düzü, həmsöhbətimizin arqumentləri, həm inandırıcı idi, həm də və ən əsası səmimi söylədikləri bizə xoş təsir bağışladı. Çünki təzə tanış olduğumuz universitet müəlliminin Sabunçunun icra başçısı Adil Vəliyevə vəkillik eləməyə nə ehtiyacı vardı, nə də elə xarakter sahibinə qətiyyən oxşamırdı. Qarşımızda oturan daha çox ziyalı tipi idi və doğma rayonunda baş verən müsbət dəyişiklikləri bizə fərəhlə və ürəkdolusu danışırdı.
Bizim maraqla qulaq asdığımızı hiss edən təzə tanışımız söhbətini belə davam etdirdi:
Bilirsiniz, Sabunçuda lap sovet dövründən paytaxtımıza yaraşmayan bir səliqəsizlik, pintilik, sıxlıq, basırıqlıq hökm sürürdü. Adil müəllim icra başçısı gələndən sonra Sabunçuya məhz bir səliqə-sahman, təmizlik gəldi. Əvvəllər Sabunçunun, Bakıxanovun ( keçmiş Razin ) küçələrində yeriyəndə adamın ürəyi sıxılırdı. İndi maşallah, bir genişlik, səliqə-sahman var, hiss edirsən ki, məhz şəhərin küçələri ilə gedirsən. Düzdür, Adil müəllim təzə gələndə bəzi sakinlər, elə mən özüm də düşünürdüm ki, bu qədər söküntü-dağıntı olar? Amma indi həmin söküntünün nəticəsini fərəhlə hiss edirik. Sabunçu nə 70 illik sovet dönəmində, nə də son 20 ildən artıq müstəqillik dövründə bu qədər abadlaşmayıb.
Həmsöhbətimiz daha maraqlı bir fikir də söylədi: bilirsiniz, dövlətimizin paytaxtı Bakının gözəlliyi və abadlığı təkcə mərkəzlə bağlı ola bilməz. Bakının "başı"nı bəzəməklə abadlığa və quruculuğa nail olmaq mümkün deyil. Axı, şəhər təkcə başdan ibarət olmur. Bunun qolları var, gövdəsi var, ayaqları var... Bunlar hamısı gözəl olanda Bakıya abad və gözəl şəhər demək olar. Yoxsa Bakı başı gözəl, amma ayaqları əyri-üyrü, qolları zəif, gövdəsi eybəcər raxit orqanizmə bənzər. Çünki Sabunçu, Suraxanı, Xəzər rayonları Bakının qollarıdır. Məhz bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev cənabları Bakıətrafı qəsəbələrin abadlaşdırılmış problemini gündəmə gətirdi ki, Bakı sözdə deyil, həqiqətən də gözəl olsun. Və dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayırdı. Ancaq görəsən hər ayrılan vəsait təyinatına uyğun xərclənirmi? Əsas məsələ budur. Bax bu məqamda bayaqdan söhbətin əvvəlində müzakirə elədiyimiz məmur məsələsi, kadr problemi ortaya çıxır.
Məmur yerində olanda cəmiyyətdə narazılıq yaranmır, cəmiyyət də razı qalır, ölkə başçısı da.
Ümumiyyətlə, kadr məsələsi, komanda problemi hər bir rəhbərin ən həssas yeridir. Düzdür, müstəqillik tariximiz cəmi 22 il olduğu üçün bizdə hələ kadr korpusu tam oturuşmayıb. Ona görə də ölkə başçısı bəzi yararsız kadrları vəzifəsindən uzaqlaşdırmaqla məmur korpusuna yeni bacarıqlı kadrlar gətirir ki, problemlər həll olunsun. Axı, dövlət başçısının ölkənin qarşısında duran problemləri təkbaşına həll etmək üçün ən azı fiziki imkanları çatmaz. Bu mümkün olan iş deyil. Ona görə də hər bir dövlət məmuru ölkə başçısının ona göstərdiyi etimadı məhz MƏSULİYYƏT kimi başa düşməlidir ki, prezident mənim çiynimə məsuliyyət qoydu.
Düzdür, obyektivlik naminə onu da qeyd etməliyik ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının illərlə yığılmış problemlərini həll etsin. Əslində bizim vətəndaşlar məmurlardan çox şey də ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Belə insani münasibətləri son bir ildə Sabunçu sakinləri rayonun yeni rəhbərliyindən görür.
Bir daha qeyd edirəm ki, heç bir məmur hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Çünki məmurun borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların problemlərinin həllinin yarısı deməkdir. Çox təəssüf ki, bu adi həqiqəti bəzi məmurlar başa düşmür.
Bir idarə rəisinin qəbuluna düşməyin dəhşətli bir problem olduğu, süründürməçilik günümüzün acı reallığıdır. Ancaq bu problem Sabunçuda son 1 ildə demək olar ki, öz həllini tapıb. Həm də söhbət təkcə icra başçısının özündən deyil, eyni zamanda vətəndaşlarla işləməyi bacaran işgüzar komandasından gedir. Axı, icra başçısı az bir müddətdə bu qədər işi təkbaşına görə bilməzdi.
Yazının bu yerində yadıma bir neçə il əvvəl yenicə mühüm vəzifəyə təyin olunmuş bir dövlət məmurunun ilk teleçıxışı düşdü. Həmin məmur deyirdi ki, prezident mənə qəti şəkildə tapşırdı ki, " get oranı düzəlt". Aydındır ki, heç bir ölkənin rəhbəri rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Əksinə istəyir ki, ölkə inkişaf eləsin, abadlıq olsun, insanların rifahı yaxşılaşsın. Çünki ölkədə yaxşı və pis nə varsa ictimai rəydə və tarix qarşısında ölkə başçısının adına yazılır. Amma bəzi məmurlar prezidentin "get oranı düzəlt" tapşırığını öz xarakterlərinə uyğun olaraq, öz başa düşdükləri kimi icra edirlər. Sonra da hər şeyi keçid dövrünün üzərinə atırlar. Axı, Adil Vəliyev də, öz işinin öhdəsindən gəlməyən bəzi məmurlar da eyni prezidentin, eyni keçid dövrünün, eyni hakimiyyətin kadrlarıdır. Hər şeyi keçid dövrünün üzərinə atmaq olar?
Bu məqamda ölkə başçısı İlham Əliyev cənablarının bir sözü yada düşür: "Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Onların özləri, yaxınları insanları incidirlər, yersiz hərəkətlər edirlər, özlərini təvazökar apara bilmirlər...
Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən mən".



