Ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək, onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb.
Bu barədə Lent.az-a Xidmətdən məlumat verilib.
Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, Ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.
Nazir yeni vəzifələrə təyin edilmiş əməkdaşları təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında qanunçuluğun möhkəmləndirilməsi və dövlətimizin humanizm prinsiplərinə əsaslanan cəza-icra siyasətinin həyata keçirilməsi işində uğurlar diləyib.