
-Əli müəllim, son illər belə demək mümkünsə, məhkəmə orqanlarından ictimaiyyət arasında tez-tez narazılıqlar eşidilir. Bir sıra beynəlxalq qurumların hesabatlarında da məhkəmələrin fəaliyyətini kəskin tənqid edən məqamlar öz əksini tapır. Hansı ki, həm ictimaiyyət arasında, həm də beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda əvvəllər daha çox polis, prokurorluq orqanlarından şikayətlərə, tənqidlərə rast gəlinirdi. Bəzən də belə fikirlər, iddialar səslənir, ortaya qoyulur ki, məhkəmələrdən narazılıqların yaranmasına başlıca səbəb onların işinə, fəaliyyətinə ali icra hakimiyyəti orqanı tərəfindən müdaxilələrin olması, müəyyən təsirlərin edilməsidir və sair. Siz bu haqda nə deyərdiniz?
- Əvvəla onu deyim ki, bu iddialar, bu yöndə səslənən fikirlər tam əsassızdır. İkincisi, Azərbaycanın cinayət qanunvericiliyində məhkəmə fəaliyyətinə müdaxiləyə görə məsuliyyət yazılıb, məsuliyyət nəzərdə tutulub. Axı, necə ola bilər ki, hakimiyyət orqanları - fərqi yoxdur - Prezident Administrasiyası, parlament və yaxud da, ədliyyə orqanları məhkəmə hakimiyyətinin müstəqilliyini formalaşdıra-formalaşdıra həm də ona, onun işinə müdaxiləyə yol verirlər və versinlər? Bu, heç cür anlaşılan və qəbulolunan hal deyil. Bu gün məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olan yeganə qurum Məhkəmə-Hüquq Şurasıdır. Düzdür, orada bütün komponentlər təmsil olunur, amma əslinə qalanda bu gün hakimiyyət məhkəmədədir. Onları müdaxilədən qoruyuruq belə hallar olanda. Bununla yanaşı, bəzən istisna hallar da ola bilir. Belə hallar isə fərdi hallardır. Bəzən bu hallar, belə deyim, hakimlərin öz günahı ucbatından baş verir...
-Nə mənada?
- O mənada ki, bəzən onlar müdaxilə üçün özləri şərait yaradırlar. Amma Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin müstəqilliyini möhkəmləndirməsi ilə bağlı tədbirlərdə həm israrlıdır, həm də qətiyyətlidir. Əksinə, biz müdaxilə hallarının qarşısını alırıq. Əgər hansısa müdaxilələr varsa və bu müdaxilələr hakimə, yaxud, hakimlərə olunursa, o zaman yaxşı olardı ki, onlar özləri bunu ictimailəşdirsin, müraciət etsin, tədbirlər görülsün. Sadəcə, anlamıram ki, yəni, bilmirəm belə hallar olurmu ki, hansısa qərarlar qəbul edəndə hakimlər istinad edirlər və ya etsinlər ki, onlara hansısa bir təsir olub. Əgər belə hal varsa, deməli, hakim özü-özünə hörmət etmir. Hakim buna yol verirsə, deməli, o, hakim deyil. Ancaq düzünü deyim ki, biz Məhkəmə-Hüquq Şurası olaraq belə halları müşahidə etməmişik və hesab edirəm ki, Azərbaycanda məhkəmə sistemi ilə bağlı formalaşdırılan bu mənfi imic, xüsusən beynəlxalq təşkilatlar tərəfindən yaradılan belə bir rəy bilərəkdən edilir, bilərəkdən baş verir. Əslində bizim məhkəmə sistemimizdə aparılan islahatlarımızda ciddi uğurlarımız var, amma problemlərimiz də var və qalmaqdadır. Onları da biz yaxından öyrənirik, bir sıra tədbirlər həyata keçiririk. Demək istəyirəm ki, məhkəmə korpusunun müstəqillik məsələsi daim bizim diqqətimizdədir. Hakimin, məhkəmə korpusunun müstəqil fəaliyyət göstərməsindən ötrü də bütün əsaslar var. Qanunvericilik əsasları, müstəqilliyin tam təminatları, maddi-texniki təminatlar...
- Yeri gəlmişkən, Azərbaycanda hakimlərin sayının azlığı ilə də bağlı fikirlər səslənməkdədir...
- Azərbaycanda hakimlərin sayı həqiqətən də bir neçə il əvvəl az idi. Amma məhkəmə-hüquq sistemimizdə keçirilən islahatlar nəticəsində onların sayı ötən dövrdə kifayət qədər artdı. Yəni, hakimlərin sayına görə indi artıq orta Avropa göstəricimiz var. Bu, normaldır. Düzdür, bizdə hakimlərin işi yenə də çoxdur və çoxalmağa da doğru gedir. Burada belə bir qeyd də etmək istərdim ki, gələcəkdə məhkəmə-hüquq islahatları nəticəsində mübahisələrin məhkəməyə qədər həlli mexanizmləri barəsində düşünmək lazımdır. Məsələn, vətəndaş müraciət edir məhkəməyə, amma o işin hüquqi prespektivi olmaması əvvəlcədən məlumdur. Bu yerdə onu da deyim ki, bir çox sivil ölkələrdə ailə vəkilinin olması vətəndaşları bahalı və uzun məhkəmə prosedurlarından çəkindirir. Çünki ailə vəkili tutması ilə vətəndaşın yaxşı peşəkar hüquq təminatı var, yəni, vətəndaş şəxsi vəkil tutması ilə məhkəmə mübahisəsinə getmir. Ümumiyyətlə, hər kəs bilməlidir ki, məhkəmə mübahisəsi uzun sürən bir prosesdir. O, rüsumlar ödənilməsi ilə həyata keçirilir. Yəni, bu, asan bir proses deyil...
Kamil Həmzəoğlu



