|
|
|
|

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük elmi işçisi, sənətşünas Sevinc Quliyevadır. Onunla rəssam Ahmet Öcalanın "Kozmik kedi" əsərindən danışmışıq.
Ahmet Öcal 1962-ci ildə İspartada anadan olub. O, rəssam, şair və ürək-damar cərrahıdır. 1989-cu ildən fəal şəkildə rəssamlıqla məşğuldur. O, 17-si fərdi və 12-si qrup halında olmaqla 29 sərgidə iştirak edib, əsərləri iki mühüm sənət sərgisində nümayiş olunub. 1990-cı illərin əvvəllərində İstanbul Çengelköydə emalatxanası olan rəssam Maltepe İncəsənət Qalereyasının qurucularındandır. Hazırda İstanbulda fəaliyyətini davam etdirir.
- Sevinc xanım, istərdim əsərin şərhinə keçmədən öncə rəssamın fərqli texnikası haqqında məlumat verəsiniz.
- Rəssam dünyada ilk dəfə inkişaf etdirdiyi texnika ilə rentgen (X-ray) filmlərindən kətan kimi istifadə edib. Standartlardan kənara çıxmağı sevən rəssamın müraciət etdiyi material təkcə x-ray filmləri olmayıb, həmçinin zibil torbalarından istifadə edərək yüzlərlə sənət əsərləri yaradıb. Rəssam obrazlı mövzularında varlığın dərin ağrısı kimi insanın mütləq tənhalığını, kədərini ön plana çıxarır.
- Bəs "Kozmik kedi" əsəri nə vaxt işlənib?
- "Kozmik kedi" 2018-ci ildə rentgen üzərində 40x40 ölçüdə akril boya ilə təsvir edilib.
- Əsərin kompozisiyası necədir?
- Rəssam əsərin sujet xəttində çox geniş və mürəkkəb sahə olan kosmologiya elmindən əhatəli formada istifadə edib. Bildiyimiz kimi, kainat işıq mənbələri ilə dolu olsa da, əslində qaranlıqdır. Onda belə bir sual meydana gəlir - kosmik bir əsər ancaq qara olmalıdır, lakin bu əsərdə biz tam əksini görürük. Parlaqlıq və rəngarənglikdir bizim gördüyümüz. Onu qeyd edim ki, bir şeyin "qaranlıq" olması onun rəngi ilə birbaşa əlaqəli deyil. Məsələn, bir cismin üzərinə heç bir işıq düşmədikdə, "qara" kimi qəbul edilir; lakin obyektin faktiki rəngi qara deyil. Bunu tam mənası ilə qavramaq və rəssamın bizə tam olaraq nəyi çatdırmaq istədiyini anlamaq üçün rəngin neyrobiologiyasından qısaca məlumat verim. Bildiyiniz kimi, rəng gözümüzə gələn işığın dalğa uzunluqları ilə müəyyən edilir. İlk olaraq, əgər işıq gözümüzə birbaşa işıq mənbəyindən gəlirsə, məsələn, hansı dalğa boyunda və ya boylarında işıq saçırsa, bu zaman gördüyümüz rəngi təyin edir. Əgər işıq mənbəyi sadəcə mavi dalğa boyunda işıq saçırsa və işıq gözümüzə çata bilirsə, biz də onu mavi olaraq görərik. Və ya gözlə görünə bilməyən bir dalğa boyunda işıq saçarsa, o zaman qara olaraq görərik. Bu zaman belə bir nüans ortaya çıxır. Deməli, əsər qara rəngdədir, lakin biz əsəri rəngli görürük. Rəssamın müasir kosmoloji biliklərin işığında öz həllini tapmış düşüncələrinin bizə əks etdirilmə üsulu tam olaraq budur.
- Əsər hazırda harada saxlanılır?
- Rəssamın bir çox əsərləri milli və beynəlxalq kolleksiyalarda mühafizə edilir. Lakin bu əsər hazırda rəssamın emalatxanasındadır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- İlk növbədə onu vurğulayım ki, rəssam pişikləri çox sevir. Hətta emalatxanasında 3 pişik dostu var. Ona görə də rəssamın həqiqətin xam səsi kimi gördüyü pişikləri düşüncələrinin insanlara ötürdüyü ən sevdiyi vasitədir. Əsərə baxdıqda görürük ki, rəssam məkan və zamanca yaxın olan paralel bir epizod fikirləşib və onları yerləşdirərkən kompozisiya qurmanın nisbiliyindən istifadə edib. Əsərin iştirakçısına ilk baxışımızda nəyisə təsəvvürümüzə gətiririk, lakin dərinliyinə endikdə başqa sirlərin məlum olması halı ilə qarşılaşırıq. Bütün kainatda etibarlı olan tək bir həqiqət var, az-çox eyni işlədiyini düşündüyümüz və bizə düşmən olan tək bir şey var, o da zamandır. Zaman bizim düşmənimizdir. Bütün kainat möcüzələrlə doludur, eyni zamanda düşmən və bədxah bir dizayna malikdir. Ən qorxulu cəhəti onun biganəliyidir. Ahmet Öcal kainatın ən əsası da həqiqətin sirlərini, sevdiyi dostları vasitəsi ilə bizə ötürür. Anın və əbədiyyətin kompozisiyada anidən birləşib hisslərin bütünlüyünü göstərməsi əslində, nə qədər aydın ifadə olunsa da, daha çox izahsızlığı önə sürür.
Aytac SAHƏD



