
Azərbaycan coğrafiyasının ən tanınan simvollarından olan möhtəşəm Kəpəz dağı öz ətrafına Vətən təbiətinin ən incə nümunələrindən olan doqquz gölü cəm edib. 884 il bundan qabaq bu dağın başını uçuran güclü zəlzələnin yaratdığı göllər, hərəsi dövrənin bir tərəfindən, Kəpəzə güzgü tutub. Bu gözəllikləri özündə birləşdirən Göygöl Milli Parkının girişində vurulan marşrut istiqamətləndiricisinə nəzər saldıqda, insan elə bil, poetik bir nümunə oxuyur: "Göygöl-Maralgöl","Göygöl-Qaragöl", "Göygöl-Quşgölü", "Göygöl-Gözgöl", "Göygöl-Ördəkgöl", Göygöl-Güzgügöl", "Göygölün mənbəyi", "Zəligöl-Keçiqayası", "Zəligöl-Gəlinqayası, "Şamlıgöl-Kəpəz dağı".
Havalar isindikcə, eləcə də bu yay qəfil artmış yağarlıqlar aman verən kimi, Vətənimizin bu füsunkar məkanlarına üz tutanların sayı artır. Göygöl Milli Parkı da necə deyərlər, öz proqnoz planına uyğun olaraq gücləndirilmiş iş rejiminə keçir. Artıq bura gün ərzində 2 min nəfərədək istər yerli, istərsə də xarici turist üz tutur.
Dəniz səviyyəsindən təqribən 3 min metr hündürlükdə qərar tutmuş Milli Parkın təmiz havası, bir-birindən gözəl göllər, ətrafdakı qalın meşəli dağlar, təpələr, düzəngahlar, onların zəngin bitki örtüyü, ara-sıra insan gözünə tuş gələn ceyran, cüyür, maral və digər heyvanlar - budur turistlərin maraq dairəsini təşkil edənlər.
Yay mövsümü üçün Göygöl Milli Parkında yuxarıda sadaladığımız 10 ekoturizim marşrutu fəaliyyət göstərir. Ən populyar istiqamət Maralgölədir. Görünür, bu həm marşrutun asanlığı, həm də orada uzaqdan da olsa, "ceyran qaçar, cüyür mələr" mənzərəsi ilə rastlaşmaq ehtimalı ilə bağlıdır.
"Maralgölə mikroavtobuslarımız tez-tez çıxır, aparırıq. Bu göl ilə daha yaxın təmas mümkündür. Həm də onun ətrafında, eləcə də yol boyunda hərdən ceyran-cüyür görmək olur. Həmçinin o tərəflərdən Kəpəz, Göygöl də gözəl görünür" - deyə, marşrut üzrə işləyən sürücülərdən biri olan Vüqar Quliyev bildirir.
"İnsanlar Hacıkəndə, ordan Göygöl Milli Parkına gəlirlər. Burada turistlərə təqdim edəcəyimiz təbiət gözəllikləridir. Məqsədimiz təbiət abidələrinin, mənzərələrinin qorunması, bu gözəlliklərin vətəndaşlarımızın və qonaqların diqqətinə çatdırılması, Azərbaycan təbiətinin populyarlaşdırılmasıdır" - deyə, Göygöl Milli Parkının direktoru Fuad Quliyev bildirir.
O, həmçinin qeyd edir ki, bütün marşrutlar üzrə səyahətlər təlimat əsasında, bələdçilərin rəhbərliyi altında, həm piyada, həm də maşınlarla həyata keçirilir və ekoturizm marşrutlarını təyin edərkən, onun heyvanların həyat areallardan, yəni canlıların yuvalarından, miqrasiya zonalarından kənar yerlərdən keçməsi prinsipi mütləq şəkildə gözlənilir.
Qeyd edək ki, 12 755 hektar ərazisi olan Göygöl Milli Parkının ərazisində 70 -dən çoxu ağac və kol olmaqla, 420-dən artıq bitki növü var. Burada həmçinin Qafqaz maralı, cüyür, ayı, vaşaq, meşə pişiyi, samur, təkə, porsuq və digər heyvanlar, nadir quşlar və balıqlar yaşayırlar.
Azərbaycan ərazisində ilk təbiət yasaqlığı olan Göygöl Dövlət Qoruğu 1925-ci ildə yaradılıb. Müasir dövrümüzdə, təbiətimizin daha əsaslı şəkildə qorunması məqsədilə, Azərbaycan Prezidentinin 1 aprel 2008-ci il tarixli Sərəncamı ilə Göygöl Milli Parkı yaradılıb və onun ərazisi daha da genişləndirilib.
Zakir Muradov,
Gəncə



