
Azərbaycanda dəmir yolu nəqliyyatının yaranması tarixi XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi istehsal olunan məhsulun daşınma zərurətini meydana çıxarmışdı. Odur ki, Azərbaycanda polad magistral yolların çəkilişi də o vaxta - 1878-ci ilə təsadüf edir. Buna görə də Azərbaycanda dəmir yolunun tikintisinin başlanması və onun sonrakı inkişafı neftin çıxarılması və emalı ilə sıx bağlı olub. Neftin daşınması uzun illər dəvə karvanı və arabalarda yerləşdirilmiş taxta çəlləklərlə həyata keçirilib. Bu üsulla neftin nəqli çox əziyyətli idi, həm də baha başa gəlirdi. Bunun üçün də neft istehsalçıları yüksək gəlir əldə etmək məqsədilə dəmir yolu xətlərinin çəkilişinə ehtiyac olduğu qənaətinə gəldilər. Bu da istehsal olunan neftin nəqli məsələsinin aktuallaşması, əvvəl Bakıda, sonra isə bütün Azərbaycanda dəmir yolunun yaranmasına təkan olub. Azərbaycanda 1878-ci ildə salınan 20 kilometr uzunluğunda ilk dəmir yolu Bakı-Suraxanı-Sabunçu yaşayış məntəqələrini əhatə edib. Bununla da dünyada ilk dəfə neftin sisternlərlə daşınmasına başlanıb və bununla da Azərbaycanda dəmir yolunun əsası qoyulub. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı-Tbilisi-Batumi, 1890-cı ildə Biləcəri-Dərbənd magistral xətləri çəkilib. 1900-cü ildə Dərbənd-Tixoretskaya xəttinin tikintisi başa çatdırılandan sonra isə Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı vaxtdan dəmir yoluna diqqət daha da artırılıb, bu sahədə mühüm işlər görülüb. Ümumiyyətlə, ölkədə dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz Ümummilli liderin qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqi zirvəsinə çatıb. Heydər Əliyev Azərbaycanda, istərsə də keçmiş Sovet İttifaqında rəhbər vəzifədə çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onun inkişafına xüsusi önəm verib.
1969-cu ildə ilk dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, dəmiryolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan olub. Azərbaycan dəmiryolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti də məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. Ulu öndər istər bilavasitə ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-1987-ci illər ərzində Azərbaycanın dəmir yolu müasir maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunub.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilib. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılıb.
1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülüb, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib istifadəyə verilib.
Heydər Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən, Uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı (BAM), eləcə də Azərbaycan BAM-ı adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu Ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilib. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edilib və 1985-ci ildə istifadəyə verilib.
Azərbaycanda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Məhz Ümummilli liderin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatıb.
Hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması təsadüfi deyil, bu, prioritet istiqamətlərdən biridir.
Uzun illər dəmiryolçu kimi çalışmış İftixar Abbasov deyir ki, 1969-cu ildə ilk dəfə ölkədə rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilib. Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alanlardır: "Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilib. Həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir".
Ulu öndərin siyasi xəttinin davamçısı, Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də tədbirlərin həyata keçirilməsi davam etdirilir. Azərbaycan dəmir yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi. Ölkədə dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədilə İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolu nəzərə alınaraq prezidentin sərəncamı ilə hər il oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis edildi. Bu gün ölkə başcısı tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə müsbət dəyişikliklər, mühüm uğurlar əldə olunub. Lokomotiv parkının yenilənməsi istiqamətində önəmli addımlar atılıb. Beynəlxalq maliyyə qurumları ilə "Azərbaycan Dəmir Yolları" arasında əlaqələr intensivləşib. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar əlavə, valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilib. Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurma tədbirləri görülüb. Bakı-Sumqayıt sərnişin dəmir yolu yenidən istifadəyə verilib. İran ilə Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin inşası müştərək şəkildə uğurla davam etdirilib. Bölgədə Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ən önəmli layihənin- Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisə kimi yaddaşlara yazılıb.
Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi üstünlüklərindən biri də onun Avropa ilə Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya imkanlarına malik olmasındadır. Son dövrlərdə ölkənın mühüm tranzit və logistika mərkəzinə çevrilməsini təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bu, Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.
Bir sözlə, ölkədə iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Millət vəkili Vüqar Bayramov deyir ki, Qədimdən İpək yolunun keçdiyi Azərbaycanın ərazisi tarixin müxtəlif dönəmlərində dövlətləri birləşdirən nəqliyyat dəhlizlərinin kəsişdiyi bir məkan olub. Bu gün iqtisadi və ticarət yollarının əhəmiyyəti öz vacibliyini qoruyub saxlayır. Müasir dünyanın iqtisadi həyatında ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təbii ki, dəmir yollarının inkişafı və bu sahədə həyata keçirilən təkmilləşdirmə siyasəti ölkənin bu istiqamətdə strateji rolunu möhkəmləndirən və artıran mühüm amillərdən biridir.
Ölkələri, geniş mənada qitələri birləşdirən dəmiryolu nəqliyyatı sözün əsl mənasında müasir dövrümüzdə qlobal xarakter daşıyır. Bütün bu reallıqlar nəzərə alınmaqla Azərbaycanda "polad yollar" sisteminin inkişaf etdirilməsi son illərin ən vacib məsələlərindən biridir. Əslində Azərbaycanın dəmir yolları tarixi bir layihə olmaqla, dövlətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından çox vacibdir. Bu polad yollar təkcə daşımalar sistemində yox, eləcə də beynəlxalq iqtisadi əlaqələrdə sənaye və kənd təsərrüfatının, ağır sənaye sahələrinin inkişafında, biznes və məşğulluq sahəsində də xüsusi təsirə malikdir. Dəmir yolları təkcə beynəlxalq əlaqələrin inkişafında deyil, həm də daxili iqtisadiyyatın da güclənməsində mühüm rola malikdir.
Sevinc QARAYEVA
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.



