
Dünyanın bir çox ölkəsində tətbiq edilən onlayn əməliyyatlar vasitəsilə istehlakçı heç bir yerə çıxmadan, zaman və məkan fərqi olmadan alış-veriş etmək imkanını əldə edir.
Mütəxəssislərin fikrincə, hazırda dünyada elektron ödəmələrin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralardadır. Ölkəmizdə də əhalinin bir qismi onlayn ödənişlərə üstünlük verir ki, onların da əksəriyyəti alış-veriş edərkən, əsasən, xarici elektron ticarət platformalarından sifarişlər verirlər. Onlayn ödənişlərin inkişafı həm də yeni iş yerlərinin yaradılması və yerli məhsulların xarici satış platformalarına çıxarılması nəticəsində ölkənin tanıdılması deməkdir. Bu sahədə inkişaf təkcə sahibkarların sayəsində deyil, həm də dövlət dəstəyi ilə mümkündür. Xüsusilə Azərbaycan məhsullarının xarici ölkələrdə internet platfromaları ilə satışa çıxarılması üçün dövlət dəstəyi vacibdir. Hazırkı dövrdə onlayn ödənişlərin qəbulu proseduru hər kəs üçün olduqca adi hala çevrilib. Onlayn ticarətin qurulması şirkətlərin gəlirlərinin optimallaşdırılmasına və artmasına zəmanət verir, eyni zamanda müştərilərlə ünsiyyəti asanlaşdırır. Qeyd edək ki, ölkəmizdə bir çox nəqliyyat ödənişləri də məhz onlayn şəkildə həyata keçirilir ki, bu da sərnişinlərin işini xeyli yüngülləşdirir. Əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərə daha geniş imkanlar təklif edilir. Sentyabrdan başlayaraq sərnişinlərə "BakıKart"ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradıldı. Qeyd edək ki, vətəndaşlar yalnız dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən "MilliÖn" terminalları vasitəsilə də "BakıKart" balansını artıra bilirdi. Bu yaxınlarda isə müştərilər üçün "BakıKart" onlayn tətbiq istifadəyə verilib. Tətbiq vasitəsilə istifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa, avtobusları real vaxt rejimində izləyə bilərlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "525"ə verilən məlumata görə, sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir: "BakıKart" plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, "BakıKart" plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Tətbiq həm də istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Bu funksiyanın tətbiqi sərnişinlərə artıq "BakıKart" olmadan da avtobuslarda ödəmə imkanı yaradır. QR biletlər yaradıldığı andan etibarən 5 dəqiqə ərzində etibarlı olur və istifadə edilmədiyi təqdirdə vəsait pul kisəsinə geri qaytarılır".
Havar ŞƏFİYEVA



