|
|
|
|

Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadədir.
- Firdovsi müəllim, statistikaya əsaslansaq, kənd təsərrüfatının hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Altı ayın nəticələrinə görə, kənd təsərrüfatında 3,4 faiz artım var. İlin sonunadək bu tempin davam edəcəyini gözləyirik. Ümumi kənd təsərrüfatında fundamental problemimiz quraqlıq və su resurslarının çatışmazlığıdır. Eyni zamanda kiçik, orta fermerlərin maliyyə resurslarına çıxışı problemi mövcuddur. Hazırda bununla bağlı dövlət qurumları müzakirələr aparır ki, daha rahat mexanizmlər yaradılsın. Kənd təsərrüfatındakı intensivləşmənin genişləndirməsi digər bir çağırışdır. Bilirsiniz ki, bitkiçilikdə bununla bağlı uyğun mexanizmlər qurulub. Eyni zamanda heyvandarlıqda da cins mallardan ibarət fermaların qurulmasına dəstək verilir. Əsas məsələlərdən biri də torpaq, su resurslarının dayanıqlı istifadəsinə əsaslanan metodların tətbiqidir ki, bu məsələlərlə bağlı fermerlərin maarifləndirilməsi aparılır. Həmçinin, ixrac bazarlarında sertifikasiya məsələsi də aktualdır.
- Ölkələrə görə sertifikasiya tələbi dəyişirmi?
- Biz meyvə-tərəvəz məhsulları üzrə daha çox MDB ölkələrinə fokuslanırıq. Ancaq digər bazarlara çıxmaq üçün sertifikasiya tətbiq olunmalıdır. Bu gün istər Avropa, istərsə də Yaxın Şərq ölkələrinin bazarlarında mütləq olaraq məhsulların diversifikasiyası tələbi qoyulur. Tələb olunan sertifikasiya məhsulun yetişdirilərkən aqrotexniki qaydalara düzgün əməl olunub-olunmamasının göstəricisidir. Bilirsiniz ki, Avropa bazarlarının çox mürəkkəb tənzimləmələri var. Amma əsas şərtlərdən biri sertifikasiyadır. Rusiya bazarında da bu tələb yaranmağa başlayıb. Orda da ənənəvi bazarın yerində daha çox müasir supermarketlər yaranmağa başlayır. Yeni tələblərə əsasən bir məhsul ixrac bazarına gedirsə, müvafiq keyfiyyətdə olduğunu təsdiqləyən sertifikasiya olmalıdır. "Bu, dadlı Azərbaycan pomidorudur", "Bu, dadlı Azərbaycan almasıdır" deyə ənənəvi stereotiplərlə qərar vermə dövrü arxada qalıb. Artıq istehsalçı nəsli dəyişir, yeni nəsil gəlir. Onlar üçün də yeni ticarət infrastrukturu qurulur. Digər aktual məsələlərdən biri kənd təsərrüfatı sahəsinin dəyər zənciri üzrə inkişafı nəzərdə tutulur. Yəni sadəcə olaraq pambıq və onun xammalının yox, iplik parça mərhələlərində də istehsalın həcmi artırılmalıdır. Yaxud da biz fındığı hazırda ilkin emal formasında ixrac edirik. Gələcəkdə isə fındıq emalını daha da dərinləşdirərək fındıq əzməsi kimi ixracının artırılması nəzərdə tutulur.
- Pambıqçılıqdan söz düşmüşkən, son illərdə pambıq və barama istehsalına ayrılan diqqət özünü nə dərəcədə doğrultdu?
- Bu siyasət özünü onda doğrultdu ki, pambıq və barama xammalının istehsal həcmində çox ciddi artım oldu. Ancaq bizim üçün çağırış hələ də aktualdır. Söhbət bu məhsullar üzrə emal mərhələlərindəki istehsal həcminin artırılmasından gedir. Bizim bu məhsulların istehsal həcmini bir neçə dəfə artırmaq potensialımız var.
- Kənd təsərrüfatı potensialına görə, hansı bölgələrimiz ilk sıralardadır?
- Şəmkir, Xaçmaz, Şəki, Cəlilabad, Kürdəmir ən böyük potensiala malik olan rayonlar sırasındadır. Abşeron baxmayaraq ki, torpaq həcmi kənd təsərrüfatında kiçikdir, amma burda daha intensiv olan istixanalar buranı böyük həcmdə kənd təsərrüfatı regionu kimi şərtləndirir. Hazırda regionlar müxtəlif sahələr üzrə böyük rol oynayır. Elə region var ki, orda kartof istehsalı üstünlük təşkil edir, eləsi var taxıl, eləsi var heyvandarlıq və s.
- İşğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialına dair proqnozlar necədir?
- İşğaldan azad olunmuş torpaqlarımızda 150 min hektar əkin sahəsinin olacağı proqnozlaşdırılır. Ümumi bu potensialın bizə inteqrasiyası başa çatdıqdan sonra kənd təsərrüfatında indikinə nisbətən 7-8 faiz həcmində artım yaradılması gözlənilir. Regionda həm də meyvə-tərəvəz istehsalında yeni bir trend yaranacaq. Baxmayaraq ki, ora ənənəvi olaraq taxılçılıq, heyvandarlıq, üzümçülük regionu kimi tanınıb, bu dəfə üzümçülüklə bərabər, intensiv bağçılıq da geniş vüsət alacaq. Artıq bizim ilkin təhlillərimiz var. Bununla bağlı sahibkarlar müraciətlər edir. Ağdam və Füzulidə soğan istehsalında ciddi bir artım olacaq. Həmçinin dağətəyi ərazilərdə tütün istehsalı nəzərdə tutulur. Orda həmçinin heyvandarlıq təsərüfatı həmişə önəmli yer tutub. Gələcəkdə həmin ərazilərdə heyvandarlıq təsərrüfatlarının bərpası və inkişafını gözləyirik.
- Bəs sözügedən istiqamətdə sahibkarlarla iş necə qurulur?
- Dövlət bu məsələ ilə bağlı təşviq siyasətini bəyan edib, hamımız bilirik ki, orda hansı güzəştlər var. Deyə bilərəm ki, hazırda nəinki o regiondan olanlar, hətta o regiondan olmayan sahibkarlar da regionun quruculuğuna töhfə kimi orda biznes qurmağa hazır olduqlarını bəyan ediblər. Bilirsiniz ki, ordakı sənaye parklarında rezidentlərin siyahıyalanması ilə bağlı mətbuata məlumatlar verilir. Məncə, məskunlaşma ilə eyni sürətdə, hətta bəlkə daha artıq sürətlə bizim biznes, sahibkarlıq sektoru orda öz fəaliyyətini quracaq.
- Firdovsi müəllim, ən vacib kənd təsərrüfatı məhsullarının təminatı bizdə hansı səviyyədədir?
- Biz kənd təsərüfatı məhsulları ilə özümüzü normal səviyyədə təmin edirik. Deməli, ət və süd məhsulları ilə orta hesabla 83-85 faiz, kartofla 90 faizdən yuxarı təmin edə bilirik. Meyvə-tərəvəz və bostan məhsullarının ixracatçısıyıq. Ərzaqlıq yumurta ilə də özümüzü təmin edirik. Buğda ilə təxminən 60 faiz özümüzü təmin edirik, 40 faizdən yuxarı idxaldan asılıdır. Bitki yağlarında idxaldan asılılıq yüksək səviyyədədir. Qarğıdalı üzrə demək olar ki, 100 faiz idxaldan asılılıqdır. Günəbaxan üzrə özünütəminetmə 1-2 faiz civarındadır. Burda müsbət trend pambıq yağındadır. Bir də son dövrlər dövlət dəstəyi ilə genişləndirilən zeytunçuluq hesabına zeytun yağında. İdxaldan asılılığın yüksək olduğu digər bir məhsul intensiv heyvandarlıqda əsas yem tələbatı soyadır. Soyanın da 98 faiz təminatı idxal hesabına təmin olunur.
Əsas ixracyönümlü məhsullarımız fındıqdır, xurmadır, alma, sonra çəyirdəkli meyvələr - gilas, şaftalı, ərik və nar. Son illərdə nar yeni bir trendə çevrilib, nar ixracı bir neçə dəfə artıb. Bizim alma ixracımızın böyük həcmdə ömrü Rusiya-Avropa münaqişəsi bitənə qədərdir. Amma fındıq bağlarımızı nə qədər genişləndirsək, onun ixrac limiti o qədər çoxdur. Nar bizim dünyada yeni bir trendimiz olacaq.
Təbii ki, müəyyən dövrdə biz hansısa ət məhsulunu ixrac edə bilərik. Amma bunlar epizodik göstəricilərdir. Biz heç vaxt ət, süd məhsullarının ixracatçısı olmayacağıq.
- Bu pessimist proqnozu şərtləndirən əsas amillər hansıslardır?
- Biz burda fikirlərimizi aşıq ədəbiyyatı janrında bəyan edə bilmərik. Bizim danışdıqlarımız realist, tədqiqatlara əsaslanan, ölkənin mövcud kənd təsərrüfatı potensialını özündə əks etdirən məsələlərdir. Dünyanın heç bir ölkəsi özünü bütün məhsullarla təmin eləmir. Deyək ki, bizim soyanı idxal elədiyimiz Braziliya, Argentina soya üzrə ixtisaslaşıb. Onlar da soyanı ixrac edirsə, başqa məhsulları idxal edirlər. Ölkənin mövcud təbii resursları çərçivəsində düyü, şəkər, soya xammalı ilə təminatda idxaldan asılılığımız davam edəcək. Çünki onların hamısını təmin etməyə bizim o qədər torpaq resurslarımız yoxdur və ya olan resurslarımız da idxal edilən maya dəyərində və keyfiyyətdə əldə etməyə imkan vermir.
- Bir qədər də Rusiya-Ukrayna müharibəsinin kənd təsərrüfatındakı nizama təsirindən danışaq.
- Müharibənin təsiri ilə bizim əsasən buğda üzrə təchizatımızda qeyri-sabitlik yarandı. Ancaq dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu sahədə ən kritik dövrlərdə belə problemimiz olmadı. İstər pandemiya, istərsə də Rusiya-Ukrayna müharibəsinin ən kəskin dövründə vətəndaşlarımız vitrində məhsul çatışmazlığını görmədilər.
- Firdovsi müəllim, biz ara-sıra məhsulu sahədə qalan fermerlərin etiraz səsini eşidirik. Əsas səbəb, yaxud səbəblər nədir?
- Kəndçinin bazara gələn yolunu bir mətbuat nümayəndələri cızır, bir də bəzi ekspertlər. Kəndçinin fiziki olaraq bazara gəlişi yox, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının son istehlak bazarına çatması müzakirə olunmalıdır. Burda logistika infrastrukturunun olub-olmamasından söhbət gedir. Bu istiqamətdə son illərdə inkişaf var. Bu gün supermarketlər özləri birbaşa sahələrdən məhsulların tədarükü ilə məşğul olurlar. Dünyada yalnız Azərbaycan və Türkiyə mətbuatı müzakirə edir ki, sahədə 10 qəpiklik məhsul niyə bazarda 90 qəpik oldu? Bu, dünyanın hər yerində olan qanunauyğunluqdur. Bazar iqtisadiyyatının ideal strukturu olan ABŞ-ın kənd təsərrüfatı nazirliyinin saytına girib baxsanız, görərsiniz ki, sahədən satışla, son istehlak qiyməti arasındakı fərqlər dörd-beş dəfədir.
Əgər fermerin sahədə 10 qəpiyə sata bilmədiyi məhsul Bakıda bir manatdırsa, gəlsin satsın burada. Hansı maneə var? Bəlkə yolda post qurublar ki, biz fermeri Bakıya buraxmırıq?..
Aytac SAHƏD



