
Son vaxtlar yer üzündə baş verən ən müxtəlif hadisələr dünya bazarlarında dənli bitkilərin qiymətlərinə də müəyyən təsirini göstərib. Rusiya-Ukrayna müharibəsi fonunda həm taxıl ixracatının azalması, həm də taxıla tələbatın artması müşahidə olunur (taxıl ixracatına görə Rusiya dünyada birinci, Ukrayna isə ilk beşliyə daxil olan ölkədir).
2023-2024-cü illərdə əhalinin artan sayını nəzərə alaraq, Qazaxıstan, Rusiya, eləcə də Avropa İttifaqı ölkələri buğda istehsalını artırmaqda davam edirlər. Qeyd edək ki, 4 il bundan öncə BMT dünyada taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Hətta o vaxt Azərbaycan parlamentində də ciddi müzakirələr aparılmış, anbarlarda buğda-taxıl ehtiyatını təmin etmək üçün təkliflər irəli sürülürmüşdü. Bəs indi vəziyyət necədir? Yaranmış yeni şəraitdə ölkənin taxıl ehtiyatının artırılması ilə bağlı hansı tədbirlər görülür?
Ölkəmizin illik taxıl tələbatı təxminən 3.2 milyon tondur. Bunun təxminən 1.8 milyonu idxal, qalan hissəsi isə daxili istehsal hesabına təmin edilir. Əkinə yararlı torpaqlarımız ölkə üzrə 1 milyon 714 min hektar təşkil edir. Sözsüz ki, bu sahələrin hamısında taxıl əkmək mümkün deyil. Çünki çovdar, arpa, qarğıdalı, günəbaxan kimi bitkilərin əkilməsi də vacibdir. 2022-2023-cü il üçün ölkədə 1 milyon 44 min hektar əkin əkilib. Bunun 649 min hektarını buğda, 395 hektarını arpa, 160 hektarını isə çovdar təşkil edir. Orta hesabla hər hektardan 3 sentner məhsuldarlıq nəzərə alınsa, təxminən 1 milyon 947 min ton buğda məhsulu əldə emək olar ki, bu da illik tələbatın 60 faizi deməkdir.
İqtisadçı Rəşad Hüseyn "525"ə açıqlamasında bildirib ki, ölkəmizdə taxıl sahələrinin əkilməsi prosesi sürətləndirilsə də, görülməli işlər hələ də çoxdur: "Dünyada taxıl qiymətlərinin yüksəlməsinə əsas səbəblərdən biri Ukrayna-Rusiya müharibəsidir. Vəziyyəti nəzərə alan bir çox ölkələr öz taxıl ehtiyatlarını artırmaq üçün əkin sahələrini genişləndirməklə məşğuldur. Qeyd edək ki, ölkəmizdə də taxıl sahələri genişləndirilir və daha məhsuldar sahələrinin əkilməsi sürətləndirilib. Kənd təsərrüfatı elə bir sahədir ki, burada bazar qiymətlərini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığından subsidiya mexanizmi mütləqdir. Onu da nəzərə almalıyıq ki, subsidiya mexanizmi olmasa, sahibkarlar bu məsələyə maraq göstərməz, nəticədə idxaldan asılı vəziyyətə düşə bilərik. İşğaldan azad olunmuş ərazilərdə əkin sahələri 231000 ha təşkil edir. Bu da ümumi əkin sahələrinin 13.4 faizi deməkdir. Azad olunmuş ərazilər həm də məhsuldarlığı ilə digər ərazilərimizdən fərqlənir. Düşünürəm ki, bu ərazilərdə əkin sahələri tam əkilərsə və dövlətin dəstəyi ilə subsidiyalar qaydasında verilərsə, daha yüksək nəticələr əldə etmək mükmün olar. Bir vacib məsələni də qeyd etmək lazımdır ki, suvarmalı olan əkin sahələrində su təminatı yaxşılaşdırılmalı və diqqət mərkəzində olmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 19 iyul 2022-ci il tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmana əsasən, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini və qazancını nəzərə almaqla, hər il dövlət tədarük qiymətini müəyyən etməlidir.
Ölkə Prezidentinin imzaladığı fərman qarşıdakı tam 5 ilim əhatə edir. Mütəxəssislər bunu nəzərə alaraq qeyd edirlər ki, ölkəmizdə taxıl istehsalı tədricən, ildən-ilə artacaq. Bu da gələcəkdə taxıl bolluğunun olacağından, idxaldan asılılığın minimuma enəcəyindən xəbər verir.
Havar ŞƏFİYEVA



