
Müasir dövrdə əmək bazarının tələblərinin dəyişməsi insanların əksəriyyətini sıravi işçi kimi çalışmaqdan uzaqlaşdırır. Bu səbəbdən bir çox insan öz biznesini qurmağın və yaxşı pul qazanmağın xəyalı ilə yaşayır. Son zamanlar kiçik və orta bizneslə məşğul olanların sayında artımın müşahidə olunmasının səbəbi də məhz budur. Ən müxtəlif fəaliyyət sahəsində biznes qurmaq üçün isə ilk növbədə perspektivli ideyalar lazımdır. Əgər bir ideya, fikir yoxdursa, gəlirli və səmərəli iş aça bilmək çətin məsələdir.
Biznes elə bir sahədir ki, bu işə başladıqdan sonra onu davam etdirmək üçün dövrün tələb və təklifini dərindən bilmək vacibdir. Bu səbəbdən də cəmiyyətdə baş verən hadisələri yaxından izləyib, analiz etmək zəruri məqamlardan sayılır.
Bu gün dünyada ən geniş yayılmış biznes sahələrindən biri onlayn biznesdir. Təsadüfi deyil ki, indiki dövrdə insanların da ən çox müraciət etdiyi sahələrdən biri budur. Qeyd edək ki, ilk onlayn alış-veriş 1994-cü ildə amerikalı Phil Brandenberger tərəfindən yaradılıb. Ondan sonra isə "Amazon", "Alibaba", "Ebay" kimi elektron şəbəkələr yaranıb və dünyanın biznes nəhənglərinə çevriliblər.
İqtisadçı ekspert Eyyub Kərimli "525"ə açıqlamasında bizneslə məşğul olmaq istəyən gənclərin qarşısında bir çox imkan və çətinliklərin durduğunu bildirib: "Hazırkı dövrdə gənclərin iş qurmaq imkanları olduqca genişdir. Dünyada rəqəmsal iqtisadiyyata keçid baş verir və gənclər bu sahədə öz biliklərini sınaya bilirlər. İnternet platformaları, sosial şəbəkələr vasitəsilə gənclər satış edərək öz kapitallarını artırırlar. "Amazon", "Ebay" kimi platformalar mövcuddur ki, onların sayəsində elektron mağazalar yaradaraq, ticarət əməliyyatları həyata keçirmək mümkündür. Müasir iqtisadiyyatda rəqəmsallaşma getdiyindən ənənəvi biznes sahələri artıq ikinci plana keçib. Bununla da dünyada yeni biznes trendləri daha çox inkişaf edir. Bu gün ölkəmizdə internet resurslarına və şəbəkə təhlükəsizlinə böyük ehtiyac var. Düşünürəm ki, gənclərimiz bu sahədə özlərini sınasalar, daha uğurlu nəticələr əldə edə bilərlər".
Onu da qeyd edək ki, yeni başlayan hər bir biznes riskli sayılır. Bu sahədə təcrübə qazanmış mütəxəssislər bildirirlər ki, işə yeni başlayan sahibkarlar bütün diqqətini həmin istiqamətə yönləndirməlidirlər.
Fərdi Sahibkar Nübar Salamovanın sözlərinə görə, karyera qurmaq üçün insanın məqsədinin olması yetərlidir: "Diplomlu, dil biliyi olan xeyli sayda mütəxəssislər var ki, öz ixtisasları ilə əlaqəsi olmayan fəaliyyət sahələrində çalışırlar". N.Salmanovanın fikrincə, indiki dövrdə diplom və dil biliyi önəmli deyil. O, təhsil və dil biliyinin dünyagörüşümüzün artırdığını və intizam yaratdığını vurğulayıb: "Lakin hər hansısa bir sahədə böyük uğurlar qazanmaq üçün bunlar yetərli deyil. R.Kiyosakinin müəllifi olduğu "Varlı ata, kasıb ata" kitabında deyilir ki, heç bir məktəb və ya universitet varlanmağı, pul qazanmaq yollarını öyrətmir. Biznes qurmaq istəyən şəxs özündə mütləq nizam-intizam formalaşdırmalıdır. Motivasiya gəlib-keçici duyğudur və buna güvənib bir işə başlamaq düzgün deyil. 20 yaşdan "Network Marketing" sahəsində çalışıram. 5 illik təcrübəmə əsasən deyə bilərəm ki, hazırda və gələcəkdə ən çox tələbat olanlar "E-Ticarət", "Network Marketing", "Digital Marketing" kimi sahələrdədir".
İşə yeni başlayan bir çox insanlar psixoloji problemlərlə qarşılaşırlar ki, bu zaman mütləq şəkildə psixoloqa müraciət etmək lazımdır.
Psixoloq İlhamə Mustafayeva bildirir ki, statistikaya görə, iş quranların 70 faizində istək zəif, 30 faizində güclü olur: "İstəyi çox olan insanlar günün 24 saatını işə sərf etməyə hazırdırlar. Bu insanlarda güclü daxili motivasiya olur və xarici stimullara ehtiyac duymurlar. İstəyi güclü insanlarda uğurun faiz göstəriciləri daha yüksək olur. Biznesə yeni addım atan insanlar üçün qorxu və narahatlıq normal haldır. Bu, neyron bağları ilə əlaqəlidir. Hər hansı yeni addımlar atanda insanda yeni neyron bağları qurulur və bu bağlar 24 gün ərzində möhkəmlənir. Bu müddət ərzində insanların özünə güvəni artmış olur. Beləliklə, qorxunu aradan qaldırmaq üçün müəyyən psixoloji bilgilərə sahib olmaq lazımdır".
Qeyd edək ki, bir çox insanlarda işə başlayan kimi çoxlu qazanc əldə etmək istəyi yaranır. Həmin insanların işi sevmələri çox vacibdir ki, ilk mərhələlərdə uğursuz alınsa belə, həmin işi yarımçıq qoymasınlar. İş quran insanlarda səhv etmək qorxuları da olur. Belə hallarda isə insanlar uğurlu iş adamlarının təcrübələrindən faydalanmalıdırlar.
Havar ŞƏFİYEVA



