
Samux rayonunun tarixində rekord taxıl istehsalı göstəricisi qeydə alınıb. Bu haqda rayonun Statistika İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu mövsümdə rayonda 13,4 min hektar sahədə taxıl biçini aparılıb və bu sahələrdən 53 min ton məhsul yığılıb. Bu, rayonun tarixində ən yüksək göstəricidir. İstehsal olunan taxılın 31,4 min tonu buğda, 21,6 min tonu isə arpadır. Orta məhsuldarlıq göstəricisi hər hektardan 39,5 sentner olub. Biçilmiş sahələrin 7,8 min hektarı fərdi, 5,6 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Biçilən sahələrin 7,4 min hektarı buğda, 6 min hektarı isə arpa əkini altındadır.
Qeyd olunur ki, taxıl istehsalının artması ilk növbədə, iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Həmçinin Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərib.
Zakir MURADOV



