
Son illər qlobal iqtisadi böhranı şərtləndirən proseslər bir daha göstərir ki, Azərbaycan investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Elə bu səbəbdən də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür.
Sürətli inkişaf edən texnologiya dövründə investorların daha çox maraq göstərdikləri tibb texnologiyaları, yaşıl enerji, biotexnologiya, kənd təsərrüfatı kimi sahələrdir. Lakin zaman keçdikcə yeni ideyalar formalaşır və bu da yeni investisiya sahələrinin yaranmasına gətirib çıxarır. Sadaladığımız bu sahələrin müasir standartlara cavab verməsi və inkişafı təcrübəli mütəxəssislərin fəaliyyətinin nəticəsidir ki, bu da investorların maraqlarını artırır. Əcnəbi investorlar üçün regionların investisiya cəlbediciliyində ən mühüm amillər regionun nəqliyyat-coğrafi mövqeyidir. Əgər region təbii sərvətlərin böyük təchizatı və müxtəlifliyi ilə seçilmirsə, bu zaman dövlət yüksək iş şəraitinin qurulması üçün daha rahat imkanlar yaratmalıdır.
Əcnəbi investorlar hər hansı ölkədə o sahəyə maraq göstərirlər ki, ilk növbədə ölkənin özü həmin sahəyə xarici investor cəlb etməkdə maraqlı olsun. Bütün ölkələrdə bir çox sahələr var ki, xarici investorlar üçün qapalı olur və yaxud xarici investisiyalar üçün limitlər qoyulur. Bu sistemdən, həmin sahələrin tamamilə onların əlində olmaması üçün istifadə olunur.
İqtisadiyyat Nazirliyindən "525"ə verilən açıqlamada
investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasətinin həyata keçirildiyi bildirilir: "Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Azərbaycanda investisiyaların qorunması, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir".
Bununla yanaşı, xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması, işğaldan azad edilmiş ərazilərimizin imkanlarının dünyaya açılması Azərbaycanın dayanıqlı iqtisadi perspektivlərini şaxələndirərək ölkəmizin investisiya cəlbediciliyini artırır. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağını proqnozlaşdıra bilərik. Onu da qeyd edək ki, son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir.
İqtisadçı Xalid Kərimli isə bildirir ki, xarici şirkətlər daha çox zəmanət verən sahələrə istiqamətlənirlər. Onun sözlərinə görə, bunlardan ən çox maraq doğuran neft-qaz sektorudur: "Azərbaycana xaricdən cəlb olunan investorların böyük hissəsi neft qaz sektoru ilə maraqlanır. Ümumiyyətlə, ölkəmiz riskli bölgələrdən sayılır. Qonşu ölkələrin atdığı təhlükəli addımlar, davam edən müharibələr böyük risklərin olduğundan xəbər verir. İqtisadi sahə üzrə həyata keçirilən Zəngəzur dəhlizinin uğurlu bir layihə olduğunu qeyd etsək də, bu, problemli məsələyə çevrilib. Qonşu ölkələrimiz olan Rusiya və İran ciddi sanksiyalar altındadır. Şübhəsiz ki, bu ölkələrə qoyulan sanksiyalar ölkəmizin iqtisadiyyatından da yan keçmir. Bu kimi ölkəmizdən asılı olmayan bir çox məsələlər var ki, burada iqtisadi inkişaf üçün digər dövlətlərin rolu da əhəmiyyətlidir".
Havar ŞƏFİYEVA



