|
|
|
|
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Əli Hüseyndir. Onunla məşhur rəssam Piter Paul Rubensin "İki Satir" əsəri haqqında danışmışıq.
Piter Paul Rubens 28 iyun 1577-ci ildə anadan olub, 30 may 1640-cı ildə vəfat edib. Rubens öz əsərlərində barokko dövrünün canlılığını və həssaslığını əks etdirən flamand rəssamıdır. Rubensin yaradıcılığı Breygel realizmi ilə Venesiya məktəbinin qarışığından ibarətdir. O, mifologiya və din mövzusundakı böyük əsərləri ilə yanaşı, həm də portret və peyzaj ustası kimi tanınır.
Rubensin işləri Flamand və Venesiya məktəblərinin ənənələrinin harmonik birləşməsidir. On yeddinci əsrin bir çox rəssamları kimi portret rəssamı Rubens də dini və mifoloji mövzularda rəsm çəkməyi sevirdi.
- Rubens mifoloji xarakterlərə böyük maraqla yanaşırdı. Bu əsərində də mifoloji xarakter yaradıb. Gəlin söhbətimizə də əsərin mifoloji şərhi ilə başlayaq.
- Əsərdə gördüyümüz satirlər Yunan mifologiyasında meşə tanrılarıdır. Bu varlıqlar çox tənbəl olub günlərini şərab içərək musiqi sədaları altında rəqs etməklə keçirirdilər. Şair Hesiod ilk şərabı satirlərin hazırladığını və onların çox güclü seksual aktivliyə malik olduqlarını deyirdi. Əfsanələrə görə, onlar dağlıq ərazilərdə yaşayır və heç vaxt çimmirlərmiş. Əksərən satirlər insan bədənli, keçi ayaqlı təsvir edilir. Lakin onlarla bağlı ilk mənbələrə nəzər salsaq görərik ki, satirlər tamamilə insan cildindədir, sonrakı illərdə məhsuldarlıq iblislərinin görünüşündə dəyişikliklər baş vermiş və populyar görkəmlərini almışlar. Dəyişən isə yalnız xarici görünüş deyil, həm də xarakterləri idi. Satirlər yavaş-yavaş pozğun həyat mühitindən uzaqlaşmış, daha təmkinli və mədəni varlıqlara çevrilmişdilər. Bu proses Renesans dövründə daha sürətli getmişdi. Martin Uestin fikrincə, satirlərin digər hind-Avropa mifologiyalarına təsiri böyük olub. Doğurdan da, hind, kelt, slavyan, german, şotland və digər xalqların əfsanələrində satirlərə bənzər məxluqlara rast gəlmək olar. Rubens də satirləri məhz mifologiyada olduğu kimi insan bədənli və keçiyə bənzər, yəni keçibuynuzlu təsvir edir.
Rəsm "İki Satir" adlandırılsa da, əsərdə cəmi bir satir var. Arxa planda Rubens içki içən bir adamı göstərir və onun başında aslan maskası var. Əsl satir əlində həyat və məhsuldarlıq simvolu olan üzüm ağacı tutub və sərxoş adama nifrətlə gülür.
- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?
- Rəssam bu əsərdə soyuq rənglərə müraciət edib. Həmçinin tünd rənglərin ahəngini burada görə bilərik. İşıq və kölgə əsərə xüsusi bir rəng qatıb. Rəssam rəng həllindən o qədər dəqiqliklə istifadə edib ki, obrazların üzündəki cizgiləri və emosiyanı aydın şəkildə görüb hiss etmək mümkündür. Qəhvə rənginin müxtəlif tonlarından istifadə olunub. Dəri rəngi ustalıqla işləndiyi üçün obrazın üzərinə kölgə düşməsi aydın şəkildə hiss olunur. Satirin əlindəki üzümün rəngində də işıq və kölgənin təsiri görünür.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası olduqca dinamik və diqqətçəkicidir. Burada iki obraz görürük: mərkəzdə və ön planda yerləşiblər. Arxa fonun qara rəng olması əsas diqqətin mərkəzə fokuslanmasına təkan verir. Təsvir olunan obrazlardan biri acgözlüklə şərab içir, digəri isə əlində üzüm, məkrli baxışla tamaşaçıya baxır. Onlar tənbəldirlər, buynuzları var, hər zaman içirlər və pəriləri ovlayırlar. Bu əsərdə rəssamın ən böyük uğuru işıq və kölgədən möhtəşəm şəkildə istifadə etməsidir. Bunun sayəsində Satir obrazı olduqca mərkəzə çıxıb və diqqət çəkir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər hazırda Münhendəki muzeylərin birində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəsmə diqqətlə baxanda görürük ki, arxa tərəfdə olan obraz şərab içən yerdə təsvir olunub. Onun üz ifadəsindən sərxoşluğunu da hiss etmək mümkündür. Əsas obrazın əlində bolluq, məhsuldarlıq rəmzi olan üzüm tutması buna işarə ola bilər. Rubens bu əsər vasitəsilə Satirə xas keyfiyyətləri göstərir.
Aytac SAHƏD