"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülviyyə Məmmədovadır. Onunla məşhur rəssam Frans Snydersin "Balıq bazarı" əsəri haqqında danışmışıq.
Frans Snyders 19 avqust 1579-cu ildə Belçikanın şimalında - Antverpen şəhərində anadan olub. On yeddinci əsrdə görkəmli rəssam Piter Paul Rubensin yaratdığı Flamand rəssamlıq məktəbinin nümayəndələrindən biri də Frans Snyders olub. Snydersi həm də barokko natürmortunun ustası hesab edirdilər. Cəsarətli fırça vuruşları ilə tanınan rəssam monumental kompozisiyaların ustadlarından idi. Frans Snydersin natürmortarında zənginlik, bolluq kimi bir sıra xüsusiyyətlər özünü bariz şəkildə göstərir. Onun "Ov quşuyla natürmort", "Qu quşuyla natürmort", "Piştaxtalar silsiləsi" buna nümunə ola bilər.
- Ülviyyə xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?
- Frans Snydersin sənət incilərindən olan "Balıq bazarı" əsəri 1618-1620-ci illərə aiddir. Rəssamın belə bir mövzunu işləməsi təsadüfi deyil, çünki onun natürmortlarında qida məhsullarının müxtəlifliyi, zənginliyi çox təsvir edilib. Rəssam müxtəlif növ dəniz və çay balıqlarını masaların üzərinə yığılmış şəkildə təsvir etməyi çox sevirdi. Bu onun yaradıcılığına xas əsas xüsusiyyətlərdən idi.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- "Balıq bazarı" natürmort janrında olan ən mükəmməl əsərlərdən biridir. Kətan üzərində yağlı boya ilə işlənən rəsm 209x341 sm ölçüyə malikdir. Bu əsər istər ölçü, istər rəng həlli, istərsə də janr baxımından tamlığı ilə fərqlənir. Kompozisiyanın əsasını məhz dəniz məhsulları təşkil etsə də, insan təsvirinə də yer verilib. Bu da öz növbəsində əsərin mükəmməl sintezindən xəbər verir. Həmçinin qeyd edim ki, tabloda dəniz məhsullarının canlı kimi görünmələri rəssamın istedadlı fırça ustası olmasından irəli gəlir. Fransın yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlər - dinamizm, realizm, monumentalizm, eləcə də digər dekorativ elementlərin bir neçəsini bu əsərdə də görmək mümkündür.
Burda qeyd etmək yerinə düşərdi ki, rəssam sərbəst yaradıcılığa bir neçə predmetdən təşkil edilmiş kiçik natürmortlardan başlayıb. Frans, əsasən, meyvələrlə səbətlər və güldanlar təsvir edirdi. Sonralar isə masalarda və ya piştaxtalarda vurulmuş ov quşu, meyvələr, güllər və tərəvəzlər olan böyük formatlı monumental əsərlər işləməyə başladı.
- Bəs əsərin rəng həlli necədir?
- Əsərdə rəng kütlələrinin tənzimlənməsi, masalar, dəniz məhsulları satan dükanların dəqiq horizontallarının kompozisiyasını təşkil edir, bütövlük yaradır. Tabloda piştaxtanın üzərinə düzülmüş dəniz canlıları - çox çeşiddə olan balıq növləri, xərçəng, suiti, ilan və sair görürük. Bu da öz növbəsində bolluqdan xəbər verir.
- Tablo harada saxlanılır?
- Əsər hazırda Ermitaj muzeyində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Frans Snydersin digər natürmortlarında olan qida məhsullarının müxtəlifliyi və zənginliyini bu əsərdə də özünü göstərir. Çeşid-çeşid dəniz məhsullarının masanın üzərinə üst-üstə yığılması, təsvirdə verilmiş iki nəfərin - birinin dəniz məhsullarını masaya boşaltması, digərinin isə onları doğraması bu dəniz məhsullarının elə bu gün gətirildiyi, yəni təbii və yeni olmasından xəbər verir. Bu rəsmlə həmçinin dövrünə görə bazar alverinin necə işlək olduğunu görə bilirik. Rəssam əsəri elə bir məharətlə işləyib ki, əsər bu gün də sənət dünyasında öz yerini qoruyub saxlayır.
Aytac SAHƏD