Atalar məsəli var, "çox gəzən çox bilər". Bir şərtlə ki, bu gəzmək sıradan olmaya. Öz coğrafi ərazisini istirahət üçün tərk edənlərin də, digər ölkələrin gözəlliyini görmək istəyənlərin də, adicə alış-verişə gedənlərin də bir adı var - turist. Amma bu səyahətlərə tamam fərqli yanaşan, həqiqətən də çox gəzərək, çox bilmək istəyənlər və adı səyyah olanlar hələ ki çox deyil. Çox olmasa da, nə yaxşı ki, var. Zamanın müxtəlif dövrlərində səyyahlar həmişə olub. Şərqdə dərviş adlanan bu insanların fərqli dünyagörüşü olsa da, diyar-diyar gəzmək səyyahlıqda dəyişməz olaraq qalıb.
Səyahəti hamı sevsə də, səyyahlıq eşqilə yola rəvan olmaq heç də hər kəsin istəyi olmur. Bunun üçün maraq da, həvəs də çox böyük olsun gərək. Bizim bugünkü müsahibimizdə olduğu kimi. Əslində onunla ilin əvvəlində görüşüb söhbətləşmək niyyətində idik. Amma nə edək ki, istəklərimiz indi zamana, vaxta daha çox bağlıdır. Qismət deyə, bir həqiqət də var ki, ondan da yan qaçmaq olmur. Aylar da bir-birini elə sürətlə qovdu ki... Artıq ilin sonuna yaxınlaşırıq və bu əsnada onun ikinci kitabının işıq üzü gördüyü xəbərini oxudum. Elə bu xəbər də görüşməyimizin körpüsü oldu.
Bu şənbə, əziz oxucu, səni yenə də maraqlı bir müsahiblə görüş gözləyir. Bu, kim ola? Müsahibimiz "Əfşan: İran boyunca uzanan tək səyahətim" və "Eşqin izi ilə" kitablarının müəllifi, səyyah-bloger İradə xanım Qədirovadır.
- "Narahat ürəklər daşqın sel kimi, Hər daşın üstündə bir cür dillənər". Bəxtiyar Vahabzadənin misralarıdır...
- İradə Qədirova da narahatdır. Əslində, hər tərəfə baxanda, gördüyüm uşaq ölümləri əhvalıma çox pis təsir edir, çünki duyğusal bir insanam. Özüm haqqında həmişə deyirəm ki, 70 faiz duyğuyam, 30 faiz məntiq. Lakin insan Allahdan yapışanda, bildiklərinə, öyrəndiklərinə söykənəndə ayaq üstə durmağa özündə güc tapır. Təbiətə çıxanda isə ruhu təzələnir.
- Yaxından tanış olaq...
- İxtisasca tarixçiyəm. Magistratura ilə birlikdə BDU-nun tarix fakültəsini bitirmişəm. Doktoranturaya daxil oldum, lakin sistem xoşuma gəlmədiyindən və istədiyim mövzunu işləməyə imkan verilmədiyindən təhsili yarımçıq buraxdım. Sonra səyahətə başlayan bir həyatım yarandı, fotoqrafçılığa da meyilli idim. Kameranı əlimə alıb yollara çıxdım. Azərbaycanı və dünyanı gəzdikcə, tarixdən oxuduqlarımı insanlara artıq bu vasitə ilə çatdırmağa çalışdım. Təkcə gəzib gördüklərimi şəkillərlə yox, olduğum yerlərin tarixini, gördüyüm xalqların etnoqrafiyasını həm də yazılarımla paylaşmağa başladım. Düşünürəm ki, tarix elmləri doktoru olmağın özü əslində elə budur. Həyatda hərənin bir missiyası var və yaşadıqca anlayırsan ki, sənə adi doktorluq vəsiqəsi yox, elə lazım olan bu imiş.
- Hamımızın böyüdüyü bir mühit var...
- Əslən Şamaxıdan olan mərhum atam Ağabağır Qədirov indiki Texniki Universiteti bitirmişdi, elə tələbəlik illərindən Bakıda qalıb. Daha sonra dövrün nəhəng sənaye strukturlarından olan Kondisioner zavodunda çalışıb, ta ki sovet quruluşu dağılana qədər. Anamın həyatı çox keşməkeşli olub. Atası İranın Əhər şəhərindən, anası Təbrizdən olub və ailə 1937-ci ildə Qazaxıstana sürgün olunub. Anam da elə orada dünyaya gəlib. 1975-ci ildə ailə Azərbaycana köçə bilib. Anam Elmira xanım atamın çalışdığı zavodda işə düzələndən sonra oradan başlanan tanışlıq bir ailənin təməli olub.
- Səyyahlıq - maraq, ya da həvəs...
- Başlanğıcda həvəs idi düşünürəm. Çünki dünyanı gəzmək, səyahət etmək istəyirdim. Lakin vaxtımı nə qədər alacağını bilmirdim, çünki düzənli səkkiz saatlıq bir işim vardı. Tarixi seçəndə də məqsədim o olmuşdu ki, dünyanı gəzim, xalqların etnoqrafiyasını çəkib paylaşım. Həmişə bunun arzusunda olmuşam. 2020-ci ildə daimi iş yerimdən uzaqlaşandan sonra səyahət tam öz düzəninə keçdi. Hər zaman yollardayam və bu, artıq nə həvəsdir, nə hobbi. Buna ruhun səsi kimi baxıram, çünki insan sevdiyi işlə məşğul olmalıdır. Biz işləyib pul qazana bilərik, amma bu, sevdiyimiz iş deyilsə, ruhumuzu geri salacaq. Səyyahlara çox vaxt bir gözlə baxırlar, o mənada ki, deyirlər ancaq gəzirlər, elə orda-burdadılar. Mən isə buna başqa cür yanaşıram. İnsan ölənə qədər öyrənmək aşamasındadır. Bu öyrənmək ya mütaliə, ya da bütün dünyaya açılmaq vasitəsilə ola bilər. Addımladığın yollar, keçdiyin cığırlar, gəzdiyin ölkələr bir kitab rolunu oynayır səyahət zamanı. Mən də bunun peşindəyəm. Gəzmək, görmək, öyrənmək və öyrəndiklərimi çatdırmaq istəyindəyəm. Və düşünürəm ki, bu, həvəs, hobbi yox, nə isə başqa bir şeydir.
- İlk səyahət...
- Düz 13 il əvvəl Yunanıstana oldu ilk səyahət. Ali məktəbə qəbul olunanda görmək istədiyim üç ölkədən biri idi Yunanıstan. O biri iki ölkə Misir və İtaliya idi. Üç antik ölkəni görməyi çox arzulayırdım. Sosial şəbəkə üzərindən tanış olduğum yaxın rəfiqəm Yunanıstanda yaşayırdı və məni ora dəvət etdi. Pasportuma ilk olaraq Avropanın möhürü vuruldu. Lakin sonralar Şərqə vurğun oldum, özümü daha çox orada tapdım. Bu günün özündə belə, Şərq məni daha çox çağırır, nəinki Avropa ölkələri.
- Səyahət zamanı səyyaha ən maraqlı olan...
- Hərənin öz seçimi, öz üstünlükləri var. Mənim üçün önəmli olan getdiyim yerin insanlarıdır. Çünki bir ölkəni, bir şəhəri, bir yeri, Azərbaycanın özündə belə, bir kəndi unuda bilərik. Lakin həmin yerləri xatirəyə çevirən insanlardır. Torpağı torpaq edən, hekayəni unudulmaz edən insandır. O yerdə insan, yadda qalan bir xatirə olmasa, yəqin ki, adi getdiyimiz yerlərdən birinə çevrilər.
- Dünya səyahətinizi faizlə ölçək...
- Əksəriyyət elə düşünür ki, bütün dünyanı gəzmişəm, amma elə deyil. Məndə bir ölkədə sürəkli, mütəmadi olmaq kimi bir xarakter var. Qarşıma ev tapşırığı kimi bir öhdəlik qoyuram. Elə ölkə var ki, oranı bir dəfə görmək kifayət etmir. Üç, iki, on beş dəfə olduğum yerlər var. Ona görə də məndə ölkələrin sayı artmır və bunun o qədər marağında da deyiləm. Mənimçün əsas qarşıma qoyduğum istəyin arxasınca getmək, öyrənmək və ondan sonra geri qayıtmaqdır. Bu baxımdan gəzib görüləsi çox yer var hələ.
- Səyyah, qərib ellər və qarşılanma...
- Əslində, bu, orta əsrlərin ab-havasından doğan bir sualdır. Bu gün dünyanın bir-birinə açıldığı bir dönəmdə yaşayırıq. Əgər bir yerə turist gəlirsə, bu, fərqli bir duyğu yaratmır. Amma əgər bir ölkənin ucqar yerinə bir turist gəlirsə, əsl hadisə ondadır. Səfər etdiyim ölkələrdə turistlərin getmədiyi yerlərə daha çox üz tuturam. O zaman içimdə qədim səyyahların ruhu oyanmış olur, həm də özümə maraqlı olur. Turistlərin ayağı dəymədiyi yerə getmisənsə, səni fərqli qarşılayacaqlar, həm də sən həmin yerdə onlardan biri olacaqsan. Bir yeri yaxşı anlamaq üçün ora turist kimi yox, həmin insanların biri olaraq getmək lazımdır. Bu, daha maraqlı bir duyğudur.
- Qürbətdə qəribçilik hissi olmamış deyil...
- Vətənimi, ailəmi çox sevirəm. Lakin səyyahın yeri-yurdu olmur. Səyyah turist deyil, dərvişdir. Dərvişlər isə məkansız olur və çalışmışam ki, Vətənimlə, ailəmlə göbəkbağı kimi bir bağlılığım olmasın. Bu səbəbdən də qəribsəməyim yalnız mətbəximiz üçün olub. Əgər məqsədli şəkildə nəyinsə ardınca gedirsənsə, bağlılıq hissini bir qədər nəzarətdə saxlamağı bacarmaq lazımdır, əks halqa bu duyğu xaricdə səni yetib-bitirər. Bu səbəbdən qəribsədiyim durumu yadıma sala bilmirəm, əksinə, geri qayıtmaq istəməmişəm, bir ölkədən digərinə getmək istəyində olmuşam. Bu, həm də səyahətin müddətinin artırmaqdır ki, istəklərimdən biridir.
- Uzaqdan görünən Vətən...
- O qədər gözəl, əvəzsiz görünür ki... Başa düşürsən ki, dünyanın hər bir küncü gözəl və fərqli olsa da, Azərbaycan daha gözəldir, daha doğmadır - insanları ilə, havası ilə, mətbəxilə, qonaqpərvərliyilə, mehribançılığı ilə. Biz yalnız Vətəndən kənara çıxanda, əslində, nəyin içində olduğumuzun fərqinə varırıq ki, Allah bizə necə də böyük lütf göstərib. Dünyanın çox yerində olmasam da, ən istiqanlı bir diyarda belə, bizdə olanı görmək mümkün deyil. Təbii ki, hər kəsə öz Vətəni doğmadır. Amma maraqlıdır ki, Azərbaycana gələn hər bir kəs bizim istiqanlılığımızdan, qonaqpərvərliyimizdən ağızdolusu danışır. Vətəndən söz düşmüşkən, bir məqama toxunmaq istərdim. Bəlkə, səyyah olduğumdandır, "Vətən sənin üçün nədir" sualı ilə rastlaşıram tez-tez. Vətən mənim üçün elə Vətənin özüdür. Vətən mənim üçün hər hansı bir kənddə tanımadan döydüyüm və qapısı üzümə açılaraq məni evində qonaq edən ocaqdır. Vətənə həmişə ana deyirlər. Amma düşünürəm ki, biz Vətənimizi anamızdan da fərqli sevirik. Səfərlərə çıxdığım zamandan bu günə qədər Azərbaycana olan sevginin sözlə ifadəsini tapa bilməmişəm.
- Deməli, bizi dünya tanıyır...
- Təəssüf ki, çox uzaqlarda tanımırlar və bu, üzücüdür. Düşünürsən ki, bizim elə yerlərdə diasporumuz varsa, deməli, çox iş görməlidir. Tanıyanlar əlbəttə ki, sağ olsun, lakin biz olmayana daha çox köklənməliyik ki, tanıda bilək. Deməli, Azərbaycanı tanıtmaq yolunda hələ çox işlər görməliyik, həm dövlət, həm böyük qurumlar, həm də səyyah olaraq.
- Siz həm də iki kitab müəllifisiniz. "Əfşan: İran boyunca uzanan tək səyahətim" ilk kitabınızdır. Görünür, İranı çox sevə bilmisiniz...
- Bir il ərzində bu suala çox alışmışam, çünki kitabı oxumadan, məni tanımadan əks fikirlər yürüdülüb. Bu da normaldır, çünki düşünüblər ki, kitabın içindəki siyasi rejimə sevgidir və onun təbliğatıdır. Amma belə deyil. Mən ilk növbədə kitabı sakit başla oxumağın tərəfdarıyam, ondan sonra fikir bildirmək olar. Kitab İran haqqında deyil, İran coğrafiyasında olan bizlər haqqındadır. Bizdən 35 milyon orada yaşayır. Bizim Səfəvi və Səlcuq dövründən qalan abidələrimiz ordadır. Bizim orada tariximiz var. Biz ora İran dövləti deyib bütün bunlardan imtina etsək, böyük bir irsimizdən vaz keçmiş olarıq. Amma gedib görürsən ki, orada səndən bir şeylər var. O zaman İran dövləti deyildi axı, Səlcuqlar gələnə qədər də böyük bir coğrafiya vardı orada. Lakin media hər şeyi o qədər fərqli təbliğ edir ki, həmin dövləti yürüdənlərin bizə qarşı aqressiv siyasəti nəticəsində bizim İrana həmişə apatik bir yanaşmamız olub. Amma gedib görürsən ki, fərd olaraq adi yerli bir vətəndaş səni də, azərbaycanlıları da çox istəyir. Mənim orada köməyə ehtiyacım olanda azərbaycanlı olmayan da yardım əlini uzadıb. Hər bir dövlətin iki üzü var - biri gerçəkdir, o biri medianın insanlara çatdırdığı. Bu stereotipləri qırmaq üçün ölkələrə səfər etmək lazımdır. Yalnız onda həmin ölkənin necəliyinin fərqinə varmaq olar. Kitab halına gəlib çatmağın səbəbi isə mənim tək səyahətim olmağı idi. Adətən yanında yol yoldaşı olanda, duyğularını bölüşə bilirsən. Bu səyahətdə yola tək çıxmışdım. Bütün gördüklərimi, bütün təəssüratlarımı həmin kitabda cəm elədim. Kitabda hər şey var - azərbaycanlıların da, türkün də tarixi var, etnoqrafiya da var. Bir coğrafiya daxilində yaşayanlaya aid olanlar da var. Və bir qadının duyğuları var.
- Dediniz ki, yol yoldaşlarınız olur...
- Lap əvvəllər Azərbaycan daxilində mənə naməlum olan yerlərə qruplarla səyahətə çıxırdım. Lakin getdikcə görürdüm ki, enerjim onlardan daha fərqlidir. Məndə araşdırmaçı ruhu var deyə, qrupla səyahətləri azaltdım. İndi konkret olaraq iki yol yoldaşım var. Yol elə bir şeydir ki, orada eyni dalğada olan insanla yürüməlisən. Bu baxımdan yol yoldaşının kimliyi çox vacibdir. Amma tək çıxdığım səyahətlər də olub. Düşünürəm ki, hər insan həyatında bir dəfə də olsa tək səyahətə çıxmalıdır. Çünki bunun zövqü, duyğusu tamam başqadır və onu ifadə etmək olmur. Elə səfərlər var ki, səni çağırır və o yola tək çıxmalısan. O zaman sənin yol yoldaşın bir Allahdır, bir də yol.
- İkinci və hələlik sonuncu kitabınız adını "Eşqin izi ilə" qoymusuz...
- Həmin kitabı Pakistandan qayıdandan sonra yazmağa başladım. Düşünürdüm ki, ilk kitabım kimi bu da bir ölkəyə həsr olunacaq. Lakin düşündüyüm alınmadı. Birinci kitabın tanıtımları başladı, sərgilər oldu və kitabı yarıda saxladım, necə deyərlər, ilham pərisi məni tərk etdi. Daha sonra həyat bəzi keşməkeşli dönəmlərə düşdü, bəzi hadisələr baş verdi. İndi düşünürəm ki, elə belə daha yaxşı oldu. Baş verdiyi anda ağrı kimi görünənlərlə əslində, Allah bizə həmin yolla nəyin fərqində olduğumuzu yaşadır. Çox çətin anlarımda kitabın bütün formatını dəyişdim və geriyə baxanda gördüm ki, bir il ərzində məni bir eşqə qovuşduran bir neçə iz var. Beləcə, ikinci kitabda bir neçə ölkəyə səfər öz əksini tapıb. Lakin ana qayə olduğu kimi qalıb. Nə olduğunu demirəm, əvəzində kitabsevərləri kitabı oxumağa dəvət edirəm. Tək onu deyə bilərəm ki, oxucu oradakı İradəni özünə yol yoldaşı seçəcək, fərz edəcək ki, birlikdə səfər edirik. Kitabda bu hissi oyatmağa çalışmışam.
- Söhbətinizdən belə anlayıram ki, dünya çox gözəldir...
- Çox gözəldir... Rəhmətlik atamın bir sözü vardı və mənim səfər həyatımın qayəsi də budur. Deyirdi ki, dünya Vətəndən başlayır. Çox konservativ bir insan idi və məni səfərlərdən saxlamaq məqsədilə də demişdi bu sözü. Çox heyifsilənirəm ki, səyahətə tez başlamadım. Böyüdüyüm mühafizəkar mühit mənə sərbəstlik verməyib.
- İndi də buna heyifsilənirsiz...
- Əlbəttə... Valideynlərimin razılığı olmadığı üçün mən xaricdə təhsil almaq arzuma da qarşı çıxdım. İndi anam "kaş ki..." deyərək buna çox heyifsilənir. Amma indi bunun mənası yoxdur. Həyatda etdiyim səhvlərimə görə heyifsilənməyim olmayıb. Həmişə Allahdan istəmişəm ki, qoy mən bu səhvi edim və bu səhv məni doğruya aparsın. İstəmirəm mənə kimsə onu eləmə, bunu eləmə deyə bir yol göstərsin. Bir də ki, səhayətə lap gənc yaşlarımdan başlamadığım üçün heyifsilənirəm.
- Onda itirdikləriniz çox olub...
- Faiz nisbəti aparmasam da, itirdiklərim də olub. Amma qazandığım daha çoxdur. Deyim ki, itkinin özü belə, qazanca, hansısa bir yola gətirib çıxarır insanı. Əslində, bununla Allah bizə bir həyat dərsi keçmiş olur. İllər sonra anlayırsan ki, ağlayıb-sızladığın yara səni başqa bir pilləyə qaldırmaq üçün lazım imiş. Və bunu görüb dərk edəndə anlayırsan ki, heç nəyə üsyan etmək lazım deyil. Faydası olmayan heç bir şey həyatımıza gəlmir, itki belə olsa da. Getdiyimiz yol da, aldığımız dərs də bir sınaqdır, buna hazır olmalıyıq.
- İradə Qədirovaya bir göz qırpımı deyilən anı yaşamaq fürsəti verilsə...
- Atamla yaşadığım zamanın bir anını istərdim, çünki o, elə bir göz qırpımında da dünyadan köçdü. Atamla bağım tamam başqa idi. Belə bir fürsətim olsaydı, beşcə dəqiqəlik onun son sözlərini eşitmək istərdim. Baxırsan ki, səfərdir, arzuladığın yerə həmişə gedə bilərsən, axı bunlar dünyəvi işlərdir. Amma qaytara bilməyəcəyimiz daha dəyərli əzizlərimiz var.
- Valideyndən söz düşdü. Bir az da Azərbaycanda xüsusilə də qadınların kifayət qədər yaxşı tanıdığı ananız Elmira Qədirovadan danışaq...
- Sovetlər birliyi dağılandan sonra keçid dövrünün çətinliyi bizim ailədən də yan keçmədi, valideynlərimin hər ikisi işsiz qaldı. Atama dəstək olmaq üçün anam evdə sifarişlər qəbul etməyə başladı, çünki mətbəx işini mükəmməl bilirdi. Beləcə, daha da püxtələşdi. Bir müddət məşhur iki firmada istehsalat rəisi kimi çalışırdı. Atamın vəfatından bir il sonra onun üçün sosial şəbəkə üzərindən bir səhifə açıb dedim ki, bişirdiklərini səhifəsində paylaşa bilsin. Başlanğıcda ailə fotolarını qoyurdu, daha sonra əl qabiliyyətini paylaşmağa başladı. 2017-ci ildən fəaliyyətə başlayan səhifə 3 il ərzində anamı tanınmış Elmira Qədirova etdi. Gerisi artıq onun öz zəhmətidir, Allahın ona bəxş etdiyi bir lütfdür. Başlanğıcda ona köməyim dəyirdi. İndi özü çəkir, videolarını redaktə də edir, paylaşır da. Nə yaxşı bu gün onun başını qata biləcək bir həyatı var, əks halda o yaşda insanlar hər şeyə qarşı çox həssas olur və bunu ağır keçirirlər.
- Üç il əvvəl indi qarşılıqlı oturub söhbət etdiyimiz gün ömrümüzə yazılan 44 gündən biri idi...
- Bu müharibə labüd idi. Cənab Ali Baş Komandan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı oldu, düz 30 il. Amma bunu istəmədilər. Bu, bizim haqq davamız idi. 30 il bizlərdən çox şey çalındı və sonda onları geri qaytardıq. Zəfər qazandıqdan sonra ilk səfərim Türkiyəyə oldu, ardınca İran gəldi, daha sonra Pakistan. 44 günlük müharibənin şövqünü məhz Türkiyə və Pakistanda hiss etdim. Müharibəyə qədər Pakistana getsəydim, bəlkə, bu qədər tanınmazdım, baxmayaraq ki, 90-cı illərdə də bizim müstəqilliyimizi ilk tanıyan ölkələrdən biri Pakistan olmuşdu. Orada hara gedirdimsə, hiss edirdim ki, hər kəs Azərbaycana qəhrəman bir dövlət kimi baxır. O qədər möhtəşəm bir hiss idi ki, elə bilirdim 44 günü tək savaşmışam. Belə qarşılanmaya görə Ali Baş Komandana, şəhid və qazilərimizə borcluyuq, Yalnız onların sayəsində dünyada belə qəbullandıq. Natamam Vətənimiz sonunda tamamlandı.
- Allaha çox bağlı olduğunuzu düşünürəm...
- Yəqin ki, hicabı nəzərdə tutursuz. Buna 17 il gecikmişəm deyərdim. Bu, elə bir hissdir ki, Allaha inanc sonda səni buna gətirib çıxaracaq. Bunu məcburiyyətlə etmək istəməmişəm heç vaxt. Gözləyirdim ki, o sevgi özü gəlsin. 2012-13-cü illərdə ard-arda Ramazan ayında bu addımı atdım, lakin gecələr ibadətdən sonra səhər işə gedəndə hicabı çıxarırdım, çünki orada bunu qəbul etmirdilər. Sonralar bu hiss məni tərk etdi və onun qayıdacağını gözlədim. Keçən il bu hiss yenə də gəldi və mən yenə də addım ata bilmədim. Artıq sosial, dünyaya açılmış bir həyatım vardı, səyyah-bloger, ictimai bir insan idim. İçimdə Allah sevgisi səkkiz ay ruhumu çox incitdim. Sonda Ümrə ziyarətinə getməyə qərar verdim və orada son sözümü deyəcəyimi özlüyümdə qətiləşdirdim. Bu addımı ya atacam, ya da yox. Etməsəm belə, Allah mənim içimdən xəbərdardır və ruhumu rahat buraxıb onu daha incitməyəcəyimə söz verdim. Çox şükür ki, doğru qərar verə bildim.
- Söhbətimizi dahi Cavidin məşhur misrasınin iki kəlməsi ilə yekunlaşdıraq: Qadın gülərsə...
- Qadının üzünün gülməyi daima öz-özünə olan bir hal deyil axı. Fərd olaraq Allah bizi ikili olaraq yaradıb. Qadının içində nə qədər sevgi-məhəbbət olsa da, o, barmaq ucu qədər də olsa, sevgiyə, şəfqətə ehtiyac duyur. Bunu qadına verəndə, o, dünya boyda sevgilə geri qayıdır. İstəməzdim ki, insanlar özlərini bu sevgidən məhrum etsinlər.
SÖZARDI: İradə xanım söhbətimiz üçün açıq səma altında bir məkan seçmişdi. Sərin külək qarışıq xoş bir hava idi. O danışdıqca, tez-tez dəqiqələrə baxırdım ki, söhbətimiz tez bitməsin. Bir az da necə deyərlər, kadr arxası söhbət etdik çay içə-içə. Bir saata çatmayan müsahibə müddətində hər an bir səyyahla söhbət etdiyimi mənə hiss etdirməyi də bacardı. Həqiqətən çox gəzən çox da bilər. Yolunuz daima açıq olsun, səyyah xanım.
Tamilla M-zadə