Bu günlərdə Azərbaycanda mobil kino festivalı CİNEMO öz işinə başlayıb.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yaradıcı Həftə" çərçivəsində Kino Agentliyinin dəstəyi ilə keçiriləcək "CINEMO"dan məqsəd Azərbaycanda mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Mobil Film Festivalının məramı, məqsədi və digər nüanslarla bağlı suallarımızı festivalın müəllif və rəhbəri, aktyor, prodüser Ruslan Sabirliyə ünvanladıq:
- Ruslan bəy, hər şeydən öncə festivalın adı maraqlıdır. Niyə CİNEMA, yox CİNEMO?
- Bəziləri CİNEMO deyəndə, onu orfoqrafik səhv kimi qəbul edib axırıncı hərfini "düzəldirlər" və onu CİNEMA kimi yazırlar. Amma bu, belə deyil. Çünki CİNEMO adı kreativ olaraq düşünülmüş bir addır. "Cinema" və "mobil" sözlərinin birləşməsindən yaranıb. Yəni son hissəcik "mobil" sözündən götürülüb.
- "Mobil kino" anlayışının özü insanda bir az çəkingənlik, bir az da cəsarət hissi oyadır. Belə bir festilav keçirmək riskli deyilmi? Bu festival mobil kinonu tanıtmaq üçündür, yoxsa mobil kino anlayışının təfəkkürümüzə daxil olmasının nəticəsidir?
- Əslində, çəkingənlik və utancaqlıq deməzdim, hardasa özünə sığışdırmamaqdır, bəlkə də. Bəziləri düşünür ki, mobil kino nədir, kinonu yaxşı kamerayla çəkərlər. Bax, bu fikir olduğu üçün mobil kinoya bəzən uşaq əyləncəsi kimi yanaşılır. Amma onları məyus etməliyəm, çünki mobil kino heç də oyuncaq deyil, dünyada böyük vüsət alan yaradıcı sənayenin bir hissəsidir. Amma cəsarət oyatması fikrinizlə razıyam. Bəli, mobil telefonla film çəkmək insandan cəsurluq, riskə gedə bilmək xüsusiyyəti tələb edir. Çünki sən peşəkar kamerayla yox, adi mobil telefonla film çəkmək istəyirsən. Bu da cəsarət istəyir.
Mobil kino festivalını keçirmək, əlbəttə ki, riskdir. Azərbaycanda belə bir festival keçirib, güclü işlər gözləməyin özü də riskdir. Amma ən azından cəhd etmək lazımdır. Hər şey ilk dəfədən başlayır. Mənim fikrimcə, artıq vaxtı yetişib. Əslində, mən bu festival haqqında 2018-ci ildən düşünürdüm. 2019-cu ildə təsis etdim, amma həmin ərəfələrdə pandemiya başladı, sonra da pandemiyanın nəticələri olan post-pandemiyanı yaşadıq. Artıq bütün hadisələrin üzərindən 4-5 il keçib və 2023-cü ildə nəhayət, bu festivala start verə bildik. Onu da qeyd edim ki, bu festival Mədəniyyət Nazirliyinin "Yaradıcılıq həftəsi" çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Təəssüf ki, hələ də Azərbaycanda "mobil kino" anlayışı təfəkkürümüzə daxil olmayıb. Bayaq da qeyd etdiyim kimi, insanlar "mobil kino" anlayışına spektiv yanaşırlar. Çox istərdim ki, mobil kino anlayışı təfəkkürümüzdə oturuşsun.
Amma yadınızdadırsa, mən ölkəmizdə "Booktrailer" festivalını keçirəndə də insanlar bunun nə olduğunu bilmirdilər, məlumatsız idilər. Ona görə də qəbul etmək istəmirdilər. Festival nəticəsində biz bunun nə olduğunu onlara tanıtdıq və getdikcə bu, geniş vüsət almağa başladı, yazıçılar öz kitablarına özləri booktrailer çəkdirirlər. İndi də mobil kinonu ölkəmizdə təbliğ edən BİR şəxs olacağam.
-Festivala təqdim olunan filmlər konkret bir mövzunu əhatə edir, yoxsa rəngarənglik var?
- Festivala start vermişik və yanvarın 31-nə qədər hər kəs mobil telefona filmlər çəkib göndərə bilər. Bu, üç kateqoriyanı əhatə etməlidir: bədii film, sənədli film və sosial çarx. Bu festivala hər kəs qatıla bilər. Bir şəxs birdən artıq mobil film təqdim edə bilər. Amma bir film bir nominasiya üzrə iştirak edə bilər. Hər nominasiya üzrə üç qalib seçiləcək. Mükafat fondu minimum 800 manat olmaqla, ən böyük mükafat 2000 manata kimidir.
- Buradakı filmlər kinotənqidçilərdən xeyir-dua alıb? Yoxsa ilk dəfə nümayiş etdiriləcəklər?
- Bu filmlər festivala təqdim olunub, nümayiş etdirildikdən sonra kino tənqidçilərinə də açıq olacaq, geniş ictimaiyyətə də çıxacaq. Maraqlısı budur ki, həmin filmlər artıq xaricdə keçirilən beynəlxalq mobil film festivallarına da qatıla bilərlər. Bu il ilk dəfə olduğu üçün yerli festival kimi keçiririk, amma gələn ildən bu festivalı beynəlxalq səviyyədə keçirmək fikrimiz var. Yəni olacaq CİNEMO beynəlxalq mobil film festivalı.
- Bir məsələ də var ki, kino sənayesi böyük büdcə tələb edir. Mobil kinolarda büdcə məsələsi necədir?
- Bəli, kino sənayəsi ümumiyyətlə, çox böyük büdcə tələb edir. Həmçinin, kinoda belə bir şey var ki, heç vaxt heç nə az olmur. Mobil kinoya da daha çox peşəkar yanaşırsansa, mobil telefonla çəkməyimizə baxmayaraq, bizə orada peşəkar işıqlar, işıqçılar, yaxşı operator, qrimçi, montaj və digər yüksək səviyyəli peşəkarlar lazımdır. Çünki mobil kino telefonu əlimə götürüb çəkmək deyil. Ona xüsusi hazırlıq prosesi olmalıdır. Mobil telefonla çəkmək üçün xüsusi avadanlıqlar var ki, onlar satışdadır və onların hamısını alıb quraşdıranda kifayət qədər büdcə sərf olunur. Amma təbii ki, bu festival ilk dəfə keçirildiyi üçün biz elə də böyük büdcəli işlər gözləmirik. Dünyada isə yüksək büdcə ilə çəkilmiş tammetrajlı mobil kinolar var ki, böyük kinoteatrlarda, "Netlix"də nümayiş olunur və kifayət qədər də kassa toplayır.
- "Mənim telefonum var, mən də kino çəkə bilərəm". Bu fikirlə razılaşarsınızmı?
- Təbii ki, elə deyil. Mobil kino festivalını Azərbaycanda keçirməklə onu göstərmək istəyirik ki, əsas məsələ sənin kinoda rejissor baxışın, situasiyalarda bədii həlli tapa bilməyindir. Texnikanın heç bir önəmi yoxdur. Biz insanlara onu aşılamaq istəyirik ki, sən bahalı kameralarla çəkməklə, filmi yaxşı rəngləməklə, texniki tərəfini yüksək səviyyədə icra etməklə sənin filmin yaxşı film sayılmır. Yəni bütün bunlar filmin yaxşı olduğuna qarantiya vermir. Məsələn, köhnə filmləri xatırlayaq. Ağ-qaradır, texniki baxımdan, nə qədər məhdudiyyətlər var, hətta indi o filmlərə baxanda aktyorların üzünü belə təmiz görmək olmur, təxmini oxşadıb tanıyırıq. Amma oradakı rejissor həllinə, bədii-estetik, vizual həllərə baxın, görün, necə keyfiyyətlidir, necə güclü rejissor mesajı var. İndiki filmlərdə biz onu görə bilirikmi?! O qədər imkanlı insanlar var ki, hər cür bahalı kameranı almaq gücündədir. Bəs o bahalı kamerayla yaxşı film çəkə bilərmi?! Məsələ budur.
- Dünya kino tarixinin "mobil kino" təcrübəsi haqqında da oxucularımıza məlumat verməyinizi istərdik.
- Əslində, bu, ilk dəfə italyan rejissorları tərəfindən başladılıb. "Nokia N90" markalı telefona sənədli film çəkilib. Bu, mobil kinoya ilk cəhd idi. 2005-ci ildə çəkilmiş həmin film televiziyada və festivallarda nümayiş olunub. Müasir dövrümüzdə isə kifayət qədər yaxşı nümunələr var. 2018-ci ildə rus rejissor Boris Qutstammetrajlı "Faqot" filmini çəkdi. O film Rusiyanın 60-a yaxın kinoteatrında nümayiş olundu. Amerikanın kifayət qədər tanınmış rejissoru Stiven Zoderberg 55 yaşında mobil telefonla film çəkdi. "Anseyn" adlanan tammetrajlı bədii filmin büdcəsi 1.5 milyon dollardır. Satışdan isə 14.3 milyon dollar pul qazanıb. Bundan ilhamlanan rejissor mobil telefonla ikinci filmini çəkir və basketbolçunun həyatından bəhs edən tammetrajlı bədii filmi "Netflix" ondan alır. Həmin filmin büdcəsi isə 2 milyon dollardır. Əldə etdiyi gəlir isə 64 milyon dollarla ölçülür. Yəni bizim qarşımızda bu cür nümunələr var və biz də bu istiqaməti seçməliyik. Çünki mobil kino hazırda inkişaf etməkdə olan perspektivli sahədir və yaradıcı sənayenin bir qoludur. Çox istəyirəm ki, bu, Azərbaycanda da inkişaf etsin.
- CİNEMO festivalının qalibləri hansı kriteriyalara uyğun seçiləcək?
- Biz işləri yanvarın 31-nə kimi qəbul edəcəyik. Ondan sonra münsiflər heyəti öz işinə başlayacaq, filmlərə baxış keçirərək səsvermə əsasında qalibləri seçəcəklər. Rejissor baxışı, səhnələrin bədii həlli, fikrini çatdıra bilmək kimi kriteriyalarla ölçüləcək.
Onu da qeyd edim ki, biz festivala hələ start verməmişdən bir neçə iş göndərilmişdi artıq, amma biz onların bəzilərini geri qaytarmalı olduq. Çünki müəlliflər eşidiblər ki, mobil film festivalı keçirilir, lakin iştirak şərtləri ilə tanış olmayıblar, mobil filmlərə qoyulan tələblərlə yaxından tanış deyillər və göndərdikləri filmlər də bu tələblərə, yaxud iştirak şərtlərinə cavab vermir. Buna görə də fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, filmi çəkməmişdən qabaq CİNEMO mobil film festivalının internet səhifəsinə daxil olub iştirak şərtləri, mobil filmlərə qoyulan tələblərlə tanış olsunlar ki, sonra heç bir problem yaşamasınlar, xronometrajı, formatı və digər detalları bizim festivalın qaydaları ilə üst-üstə düşsün.
Şahanə MÜŞFİQ