2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə də müsabiqə artıq başa çatıb.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, iş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1304 nəfər işə qəbul olunub.
Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərin təhlili aparılıb, 25-29 avqust tarixlərində müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 388 nəfər işə qəbul edilib.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.
Bildirilib ki, ötən illərlə müqayisədə bu il kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklərin edilməsi də daha çox vakant yerin tutulmasına təsir edib.
Qeyd olunub ki, müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ildə keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən, demək olar ki, olmayıb.
“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.