Uzun müddət şəhərdən kənarda yaşadığımdan Bakının köndələn küçələrinə yaxşı bələd deyiləm. Bir az günəşli, bir az da küləkli qarışıq hava var. Mənə bələdçilik eləyən dostumla gəzə-gəzə gəlib çıxırıq adını eşidib, özünü görmədiyimiz məkana. Ağır açılan qapını itələyib daxil oluruq. Bizi emalatxananın yardıcılarından olan rəssam İsgəndər Məmmədov qarşılayır. İçəridə gənc rəssam Məryəm Məmmədova ilə görüşürük. Arxa fonda gedən retro musiqi, bir-birindən maraqlı əsərlər, kreativ əl işləri istər-istəməz adamda xoş ovqat yaradır.
Üstündən yarım saat keçməmiş emalatxanadakı demək olar ki, bütün əsərlərə baxıb bitirmişik. Emalatxana gözlədiyim kimi böyük olmasa da, mənə maraqlı gələn burada təsəvvür edə bilməyəcəyim qədər görülən böyük işlərdir. İki ilə yaxındır bu məkan fəaliyyət göstərir. Onlar burada rəsm sənətindən əlavə, həm də keramika tədrisi ilə məşğul olurlar.
Dekorativ-tətbiqi sənət nümunələrindən biri olan keramika sənəti bütün insanlıq üçün ən qiymətli mədəni irslərdən biri hesab olunsa da, bu sahənin ölkəmizdə unudulduğunu düşünürdüm. Bu sahəyə xüsusi qayğı ilə yanaşan həmsöhbətimiz Məryəm Məmmədova deyir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keramika ixtisası üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra rəngkarlıqla məşğuldur və bu emalatxanada müxtəlif əsərlər yaradır.
- Keramika sənəti mənə kiçik yaşlarımdan maraqlı olub. O vaxtlar insanlar bu sahə haqqında çox az məlumatlı idi. Gənclərdən demək olar ki, az qismi keramika ilə məşğul olur. Sırf bunu nəzərə alaraq bu sənəti seçdim. 2018-ci ildə Dövlət Rəssamlıq Akademiyasının keramika ixtisasını bitirmişəm. Bir müddət aktiv fəaliyyət göstərə bilməsəm də, ev şəraitində müxtəlif keramik işlər görürdüm. Üzərindən 5 il keçib. Yoldaşım İsgəndər bəylə tanış olduqdan sonra özümüz üçün məkan ayırdıq. Artıq bura əsərlərimizlə dolu emalatxanaya çevrilib. Keramika sənəti ilə hobbi olaraq məşğul olanlar da var. Əl işləri hazırlamaq üçün yanımıza gələnlər olur.
- Burada keramika və rəsm sənətinin tədrisi ilə də məşğulsunuz. Bu sahəyə maraq göstərənlər var?
- İnsanlar daha çox "maraqlı nə hazırlaya bilərəm?" deyə müraciət edirlər. Uşaqdan tutmuş 40-45 yaş aralığında gələnlər olur. Elələri var, təkcə özləri üçün deyil, sevdiklərinə nəsə hədiyyə etmək üçün nəsə hazırlamaq üçün üz tutur. Gəlirlər birlikdə hazırlayırıq, hazırladıqları işlərini özləri ilə aparırlar.
- Sosial şəbəkələrdə məkanınızı "İndigo dünya" olaraq qeyd etmisiniz.
- "İndigo" Asiya ölkələrində yetişən bitki növüdür. Rəssamlar bu bitkidən alınan rəngdən çox istifadə edirlər. Biz də bu rəngə çox müraciət edirik. Studiyamız əslində "Mariso" adlanır. Yoldaşımla düşünüb özümüzə uyğun bir ad seçdik.
- Müxtəlif çeşiddə əl işləri görürəm, bütün ideyalar sizə məxsusdur?
- Bəli, yoldaşımla birlikdə hazırlayırıq, öz beynimizin məhsuludur. Lakin faydalandıqlarımız da var. Ən çox sevdiyim rəssamlıq cərəyanı impersionizmdir. Bu cərəyanın böyük nümayəndələrindən olan Klod Monenin əsərləri məni heyran edir. Azərbaycan İncəsənət nümayəndələrindən isə Səttar Bəhlulzadənin əsərlərindən daha çox ilhamlanıram.
- Sizi yoldaşınız İsgəndər bəylə qarşılaşdıran rəssamlıq sənəti oldu, yoxsa necə?
- Əslində tanış olanda bilmirdik ki, ikimiz də rəssamıq. Tələbə yoldaşı olaraq tanış olmuşduq və bu yolu birlikdə getməyə qərar verdik. Mən Məryəm Məmmədova və yoldaşım İsgəndər Məmmədov 2022-ci ildə ilin gənc rəssamları seçildik. Yadımdadır ki, Rəssamlıq Akademiyası tərəfindən portfoliomuz Gənclər və İdman Nazirliyinə göndərilmişdi.
- Xarici ölkələrdə keçrilən sərgilərdə iştirak edirsinizmi?
- Bəli, əsərlərimizi onlayn şəkildə dünya sərgilərinə göndəririk. Təəssüf ki, hələlik özümüz gedib sərgilərdə iştirak edə bilmirik.
- Elə rəssamlar olur yaratdığı əsərlərlə bağlı qeydlər aparır. Siz necə edirsiniz?
- Bəzən yazırıq, bəzən də yox. Bir çox məşhur rəssamlar hansı əsərin necə yarandığını qeyd etmirlər. Elə əsərlər də olur, qiyməti yüksək olsa belə, əsərə baxanda rəssam haqqında dərin bir fikir deyə bilmirik. Biz o əsəri anlamasaq belə, rəssamın dərin fəlsəfi fikirləri gizlənir orda. Bu, müəllifin daxili aləmindən gələn bir prosesdir. O sadəcə öz fikirini və ya mesajını özünəməxsus şəkildə çatdırır. Bir əsəri anlamaqda çətinlik çəkiriksə, demək orada bilmədiyimiz məqamlar çoxdur.
Söhbətdən sonra şəkillər çəkdirdik. Bura başqa bir dünyadır, rəsmlərin özləri də danışır. Öz gözlərinizlə görsəniz, daha yaxşıdır.
Havar ŞƏFİYEVA