Texnologiyalar inkişaf etdikcə uşaq ədəbiyyatına marağın azaldığının şahidi oluruq. Elə bunun nəticəsidir ki, uşaqlar bu gün nağıllara deyil, internetə, sosial şəbəkələrə meyl göstərirlər. Uşaqların ədəbiyyata marağının azaldığını mütəxəssislər də təsdiqləyilər.
Yazıçı, "Roller Bird" nəşriyyatının təsisçisi Əfsanə Yusif ilə söhbətimiz də elə bu mövzudadır.
- Əfsanə xanım, təsisçisi olduğunuz "Roller Bird" nəşriyyatının fəaliyyətində prioritet məsələlər hansılardır?
- Fəaliyyətimizin əsas məqsədi uşaqlar üçün müxtəlif mövzularda illüstrasiyalı kitablar hazırlamaqdır. Bu kitablar bir neçə hissəyə bölünüb və bunlardan bir hissəsi Azərbaycan təbiətinə aiddir. Kitablar bədii və qeyri-bədii olur. Təbiətlə bağlı kitablara yeni başlamışıq. Ölkəmizdəki quşlar, ağaclar haqqında maraqlı, illüstrasiyalı kitablar yoxdur. Heç özümüz də bir çox ağacları, quşların adlarını bilmirik. Bu fəaliyyət də elə öz təcrübəmlə bağlı olub. Rayonlara gəzməyə gedəndə qarşımıza nə qədər ağaclar, quşlar çıxır və heç birini tanımırıq. Azərbaycanda 410-a yaxın quş növü var. Düşündüm ki, mütləq bunlarla bağlı kitablarımız olmalıdır.
- Nəşriyyatınız sırf uşaqlar üçün nəzərdə tutulub?
- Hələ ki "Roller Bird" sadəcə uşaqlar üçün kitablar çap edəcək. Amma mən başqa nəşriyyat təsis etməyi də düşünürəm. Çünki bəzi ədəbiyyat nümunələri var ki, çox istəyirəm onları Azərbaycan dilinə tərcümə edim. Və çalışıram ki, bunlar da əsasən uşaqların təhsili, psixologiyası ilə bağlı kitablar olsun. Bu il üzərində işləyəcəyimiz kitablar arasında uşaqlara oxumağı öyrətmək üçün də kitablar var. Uşaq hətta o kitabı oxuya biləcək yaşda olmasa belə, şəkillər vasitəsilə informasiyanı mənimsəyə biləcək. Digər hissələrdə isə hərflər, səslər, sözlər ardıcıllıqla qeyd olunub. Bəzən şahidi oluruq ki, böyüklərin özündə də söz ehtiyatı çatmır və düşüncələrini bölüşməyə çətinlik çəkirlər. Kitablarımızda bütün bunları nəzərə almışıq.
- Siz ancaq milli kitablar üzərində çalışırsınız?
- Bəli, azərbaycanlı müəlliflərlə işləyirik, amma bu 10 kitabın içində dünya nağılları da var. Müxtəlif ölkələrin qədim nağıllarını seçib Azərbaycana aid illüstrasiya işləri ilə yenidən canlandırağıq.
- Kitabları seçərkən hansı məqamları əsas götürürsünüz?
- Düşündük ki, uşaqlar üçün nə maraqlı olar, nələr var və nələr yoxdur və yaxud uşaqların leksikasını necə zənginləşdirmək olar, uşaqları daha maraqlı formada oxumağa necə cəlb etmək olar? Bir çox kitablara baxanda maraqsız gəlir mənə. Eyni zamanda dərsliklərdə uşaqların yaşına uyğun olmayan böyük mətnlər yazılır. Uşaqlar yeni-yeni oxumağa başlayanda kitabda yazılardan çox illüstrasiyalar yer almalıdır. Biz uşaqların çiyinlərinə qaldıra bilməyəcəkləri qədər yük qoyuruq. Bu zaman isə uşaq özünü mətn qarşısında məğlub kimi hiss edir.
- Maliyyə dəstəyiniz var?
- Bu işə yeni başlayanda maliyyə dəstəyimiz yox idi. Hazırda startap sayılırıq. Yəni bizim nəşriyyat bir nəfər tərəfindən təsis olunmuş kiçik şirkətdir.
- Sosial sahibkar kimi fəaliyyət göstərirsiniz?
- Bəli, bu, sosial sahibkarlıq sayılır. Çünki bunun sosial təsiri var.
- Bu işdə KOBİA, Məşğulluq Agentliyi sizə kömək edirmi?
- Biz hələ onlara müraciət etməmişik, lakin yaxın zamanda müraciət edəcəyik. Hazırda böyük şirkətlərə və banklara müraciət edirik, onlar sosial korporativ məsuliyyət proqramı çərçivəsində bizə dəstək ola bilərlər. Sonra əlbəttə ki, biz investisiya, sərmayə üçün də müraciət edəcəyik.
- Başqa kimlərdən dəstək gözləyirsiniz?
- Mədəniyyət və Təhsil nazirliklərindən də dəstək gözləyirik. Təhsil fonduna da müraciət etməyi düşünürük. Əslində bir dəfə onlarla görüşdük, 3 kitabımızla maraqlandılar. Onlarla əməkdaşlıq şərtlərini yenidən müzakirə etməliyik. İnsanların dəstəyi nəticəsində 9000 AZN-dən çox məbləğ yığmışıq. Bu dəstək təkcə Azərbaycanda yaşayan vətəndaşlardan deyil, xarici ölkədə yaşayan vətəndaşlarımızdan da gəlir. Yeni Zelandiyadan tutmuş Texasa qədər bizə kömək göndəriblər və bu, çox sevindiricidir.
- Ətraflı tanıda bilmisinizmi özünüzü?
- İlk dəfə müraciət videosunu çəkib paylaşanda böyük siyahım var idi. Hansı ki bu videomuzu paylaşmağı həmin insanlardan xahiş edəcəkdim. Çünki onların çevrəsi böyükdür. Bir çox insanlar demədən belə dəstək durdular bizə. Gün ərzində 27000 baxış oldu. Nə istədiyimizi insanlara çatdırmaq üçün maksimum hazırlaşmışdıq. Bəzən elə insanlar olur ki, maraqsız yanaşırlar. Ətrafımızdakı insanlar birdən-birə yığılmayıb. Biz işə iki nəfər başlamışıq. Mən hər dəfə nəsə etmək istəyəndə insanların yanında o qədər danışıram ki, onlar məni yardımçı ola biləcək insanlarla tanış edirlər. Bu iş mənim üçün elə də çətin deyil. Çünki bu kitabları yaratmaq, yazmaq istəyi təkcə məndə yox, digər yoldaşlarımızda da var. Özləri də bunu çoxdan düşündüklərini, sadəcə bu işi görən bir adamın lazım olduğunu bildirirlər. İstəklər üst-üstə düşəndə insan həvəslənir.
- Təqdimat keçiriləcək?
- Bəli, təqdimat olacaq. Mətn artıq hazırdır, dizaynı üzərində işləyirik. Dizayn işi bitəndən sonra çapa verəcəyik. Nəşriyyat olaraq hər şeyi özümüz edirik, amma tərcüməçilərlə hələ əlaqə saxlamamışıq. Çünki hələ də nağıl seçimi gedir. Nağılları seçdikdən sonra dilə uyğun tərcüməçi seçəcəyik.
- Tərcüməçilər də könüllü dəstək göstərəcəklər?
- Xeyr, biz tərcüməçilər üçün də büdcə ayırmışıq. Davamlı olaraq pulsuz çalışmaq mümkün deyil. Bizim inkişafımız daha davamlı sosial dəyişikliklər gətirə biləcək bir prosesdir. Nəşriyyatın özünün inkişafı sosial fenomendir. Mənə elə gəlir ki, bu mövzuda anlayışlı olsalar, yaxşı olar.
Havar ŞƏFİYEVA