"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurdur. Onunla rəssam Azər Səfərovun "Əfşan" əsəri haqqında danışmışıq.
Azər Səfərov 1953-cü ildə Göyçayda anadan olub. Ali təhsilini Xalq Təsərrüfatı İnstitutunda alsa da, oxuduğu ixtisas üzrə çalışmayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası açıldıqdan bir il sonra burada yaradıcılıq fəaliyyətinə başlayıb. Yaradıcılıq ahəngi ilə seçilən sənətkarın əsərlərində portret və peyzaj janrları daha çox gözə çarpır.
- Mətanət xanım, istərdim söhbətimizə "Əfşan"ın tarixçəsinin bəhsi ilə başlayaq.
- "Əfşan" "səpmək", "rənbərəng", "çiçəklənən" deməkdir. "Əfşan" sərbəst kompozisiya kimi Orta Asiya, Yaxın Şərq, eləcə də Azərbaycan dekorativ tətbiqi sənətində, memarlıq və kitab tərtibatı sahələrində geniş istifadə edilən elementlərdən biridir. Bu kompozisiyaya daha çox xalçalarda rast gəlirik.
- "Əfşan" adı çəkiləndə ağlıma ilk gələn isim Lətif Kərimovdur.
- Azərbaycan incəsənəti və xalçaçılıq tarixinə adını qızıl hərflərlə yazdırmış alim, xalçaçı rəssam Lətif Kərimov Azər Səfərovun babasıdır və onun yaradıcılığında böyük önəmə sahibdir. Azər Səfərovun iki il ərzində ərsəyə gətirdiyi iş isə Lətif Kərimova şöhrət gətirən "Əfşan" xalçasının kompozisiyasıdır. 1932-ci ildə yaratdığı "Əfşan" xalçası və onun 2 variantı (1960-1980-ci illər) ümumi mövzu ilə vəhdət təşkil edir. Hər iki xalça bir-birinə çox yaxındır. Azər Səfərovun işlədiyi versiya, xalçanın (1980-ci il) üçüncü variantıdır. Bu versiya özündə digər variantların xüsusiyyətlərini cəmləşdirdiyi üçün mükəmməl süjet yaradır. Xalçanın mərkəzi sahəsi açıq rəngdədir. Bir-biri ilə rəqs edən spirallar iç-içə keçərək yarpaqlar və çiçəklərlə sonlanır, Təbriz florasının çöhrəsini ornamentlərlə ifadə edir. Demək olar, hər yerdə çiçəklər təkrarlanır, ekspressivliklə assosiasiya yaradır.
Azər Səfərovu ilhamlandıran, sənətinə yön verən təbiətdir. Gözəllik təbiətin özüdür, əsas olan o gözəlliyi görüb ifadə edə bilməkdir. Bu şəkildə rəssam poetik və bitkin əsərlərin yaranmasına müvəffəq olur.
- Əsərin kompozisiyası necədir?
- "Əfşan" əsərində hər şey ardıcıl, məntiqi olaraq düzülüb. Hər bir hissə simmetrik şəkildə, tək-tək yerləşdirilib. Əsər qarışıq görünmür, gözü yormur.
- Əsərin maraqlı texnikası var. Burada hansı bitkilərdən istifadə olunub?
- Rəssamın burada istifadə etdiyi bitkilərə qarabaşaq yarması, buğda, alma toxumu, keşniş toxumu, günəbaxan toxumu, mərci, lobya, düyü və s. daxildir. Mərkəzi hissəyə müxtəlif çiçəklər - çobanyastığı, qızılgül, sarı akasiya, sarmaşıq gülləri, gavalı çiçəyi və s. əlavə edilib. Fon olaraq, elementlərin arasına xırdalanmış yun yerləşdirilib. Rəssam yunu sonradan əlavə etdiyi üçün bu iş bir az çətinləşir. Çünki xalçanın saçaq hissəsi üçün yun sapdan istifadə edilib. Beləliklə, əsərdə əsl xalça illuziyası yaranır. Bu məşəqqətli iş xalça kompozisiyasını daha da cəlbedici edir.
- Əsərin rəng həlli necədir?
- Azərbaycanın el sənətini öyrənmək üçün xalçalarımızın ornament, toxunma sıxlığı, rəng və kompozisiya prinsiplərini nəzərə almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan bu amillər xalçalarımızın bədii xüsusiyyətini müəyyən edir. Bu mövqedən baxdıqda "Əfşan" xalçasının Təbriz xalçaçılıq məktəbi nümunəsi olduğunu görürük.
Rəssam bu əsərində çiçəklərin öz rənglərindən istifadə edərək onları çeşniyə uyğun, su ilə həll olan yapışqanla yapışdırıb. Yapışqan şəffaf rəngdə olduğu üçün boya cilası kimi (vernik) həm də üzərindən keçir. Bunun nəticəsində çiçəklərin rəngi solmur, eyni ahəngdə parlaq, ilkin görkəmində qalır. Yapışqan quruduqda, rəngləri uyuşmayan, xoşa gəlməyən parçalar rahatlıqla çıxarıla bilir. Rənglərin modilyasiyası ara sahədən mərkəzi sahəyə sxematik keçid təşkil edir. Kələkötürlük lövhədə işıq-kölgə, həcm və kontrast yaradır. Yerliyin sarı rəngdə olması üzərindəki elementləri açıqca göstərir. Rənglərin ehtirasla, fərqli fiqurlarda birləşməsi, tamam ayrı şəkildə qurulması əsərin unikallığından xəbər verir.
- Rəssamın yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?
- Rəssam yaradıcılığının təməlini beşinci sinifdə sümükdən hazırladığı əsərlər təşkil edir. Təsvir obyekti kimi sümük üzərində insan siması və ya heyvan surəti görən Azər Səfərov, bunu əsərlərində çox yaxşı istifadə edə bilib. Bunlar al-əlvan, parlaq rənglərdədir. Bundan əlavə, rəssamın taxta üzərində yandırma, inkrustasiya, yadigarlıq boşqab üzərində işlədiyi əsərləri, yarpaqlardan işlədikləri və s. diqqətəlayiqdir. Beş-altı ilə yaxındır ki, Azər Səfərov bitkilərlə və qida məhsulları ilə işləyir. Əsərlərində imza sayılan simvolikası isə evdir. Ev həyatı, yaşamı bildirir, ev varsa, orada insanlar yaşayır, təsvir nəfəs alır. Əsasən qida məhsullarından hazırladığı əl işləri sənətkarın sənətini necə fərqli şəkildə ifadə edə biləcəyini bir daha sübut edir. Rəssam hətta yandırma üsulu ilə Lətif Kərimovun portretini işləyib.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Göründüyü kimi, xalça kompozisiyası olduqca qarışıq və kompleksdir. Azər Səfərov Lətif Kərimovun "Əfşan" əsərini yenidən vücuda gətirdi. Bunların hamısı rəssamın fantaziyasıdır və Azərbaycanda ondan başqa bu işlə məşğul olan heç kim yoxdur.
Azər Səfərovun əsas məqsədi sənətinin fərqlənməsi və insanların təəccüblənməsidir. Çünki peyzajı və ya xalçanı ənənəvi üsulla təsvir etmək olar, bunu hər kəs bacara bilər. Önəmli olan sənətə fərqli bucaqdan baxmaq, yeniliyi öz üslubunun sütunu, əsası edə bilməkdir.
Aytac SAHƏD