Fransa Cənubi Qafqazda sülhün olmaması, qarşıdurmanın, gərginliyin davam etməsi üçün özünün pozucu siyasətini davam etdirir. Üstəgəl, regionda yeni müharibəyə təhrik edən rəsmi Paris, İrəvanı açıq şəkildə silahlandırır. Təəssüf ki, müstəqil siyasət aparmayan, forpost olmağa adət etmiş Ermənistanın rəhbərliyi sülh üçün çox uyğun imkanların olmasına baxmayaraq, öz dövlətinin deyil, Fransanın maraqlarından çıxış etməklə bu fürsəti əldən verir.
Rəsmi Parisin məqsədi Ermənistan vasitəsilə özünü bölgəyə soxmaqdır. İkinci Qarabağ müharibəsindən bu yana Makron hakimiyyəti məhz buna can atır. Ermənistan tərəfindən Azərbaycanla şərti sərhəddə beş aydan çox davam edən sabitliyin ardıcıl olaraq pozulması Fransanın təhriki ilə baş verir.
Son günlərin hadisələrinə nəzər saldıqda rəsmi Parisin regionda təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş irticaçı siyasətini açıq şəkildə görmək mümkündür. Bu, özünü Baş nazir Nikol Paşinyanın Fransaya səfəri zamanı da göstərdi. Paşinyanın sərgilədiyi davranış və açıqlamalar Münxen Təhlükəsizlik Konfransı çərçivəsində əldə olunmuş pozitiv siqnallara və irəliləyişə zərbədir.
Xatırladaq ki, Münxendə fevralın 17-də Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici işlər nazirlərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.
Ardınca isə rəsmi İrəvanın Parislə bərabər təxribatçı addımlarını müşahidə etdik. Həmişəki kimi, bu dəfə də Paşinyan sülh prosesində irəliləyişi məhz Makronun təhriki ilə pozdu.
Burda başqa, bir məqam da ondan ibarətdir ki, Makron Münxendəki irəliləyişdən, tərəflərin vasitəçi olmadan danışıqlarından, çox narahat olub, bir müddət əvvəl müttəfiqlik etdiyi Şoltsun indi sülh prosesi istiqamətində təşəbbüs göstərməsini qısqanclıqla qarşılayıb. Şolts görüşdə giriş nitqində deyib ki, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəkləyir. Brüssel platformasını ələ keçirməyə, orda söz sahibi olmağa çalışan Fransa isə niyyətini baş tutmadığını görəndə qeyd edilən formatın işini faktiki olaraq pozdu. Baxmayaraq ki, bu format daha effektiv hesab olunurdu.
Regionda sülhün olmasını istəməyən, vəziyyəti gərginləşdirən Fransa Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır. Afrikadan qovulan Fransa Cənubi Qafqazda məskən salmağa, möhkəmlənməyə cəhd edir. Və Parisin əsas hədəfi təkcə Azərbaycan deyil, eyni zamanda Rusiyadır. Məqsəd Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Baş nazir Nikol Paşinyanın Fransada olduğu günlərdə bu istiqamətdə atılan bir sıra addımlar, o cümldən, İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətlərini dondurduqlarını vurğulaması, Fransa müdafiə nazirinin növbəti dəfə Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər edəcəyini bəyan etməsi buna istiqamətlənib. Hərçənd Paşinyan Parisdə olduğu zaman "France 24" telekanalına müsahibəsində bildirmişdi ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.
Onu da bildirək ki, Fransanın Rusiyanın Ermənistandakı bazasının çıxarılması və əvəzində fransız bazasının yerləşdirilməsi planından İranın kəşfiyyat orqanları-nın da məlumatı var və Tehran bundan narahatlığını gizlətmir. Deməli, Parisin pozucu planları və addımları onun Tehranla da münasibətlərini pisləşdirəcək.
Fransanın müdafiə naziri Sebastian Lekornu Paşinyandan dərhal sonra fevralın 22-23-də Ermənistanda səfərdə olub. O, erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında ölkəsinin lazım olarsa, Ermənistana qısa, orta və uzaqmənzilli raketlər verə biləcəyini vurğulayıb. Qeyd edib ki, həmin raketlər Ermənistanın müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq: "Ermənistana hansı texnikanın gələcəyi ilə bağlı çox təfərrüata varmayacağam, lakin bunların hamısı müdafiə baxımından əhəmiyyət kəsb edir".
Fransız nazir onu da bildirib ki, Ermənistan hökumətində daimi hərbi müşavir olacaq. Hərbi müşavirin əsas vəzifəsinə gəldikdə isə o, fransız texnikasının tətbiqini öyrədəcək, onun xüsusiyyətlərindən istifadə üçün şəxsi heyətin hazırlanmasında iştirak edəcək.
Görünən odur ki, Paris artıq İrəvanda mövcudluğunu qətiləşdirib. Ermənistan hakimiyyətinin Fransanın onun üzərindən regiona daxil olmaq üçün bütün istəklərini yerinə yetirməsi üçün regional təhdidi artırmaqla yanaşı, bu ölkənin özü üçün də yaxşı heç nə vəd etmir. Ermənistan müstəqil dövlət olduğunu unudaraq, Parisin diktəsi ilə hərəkət edir.
Fransa özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır və kolonizator simasını gizlətmir, Azərbaycana qarşı bütün addımları nəticəsiz qalan və Prezident İlham Əliyevə məğlub olan Makron indi Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Lakin fakt budur ki, Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişməyəcək. Paris Azərbaycanın hansı hərbi imkanlara malik olduğunu hələ bilmir. Azərbaycan Ordusu müharibədə şanlı qələbə qazanan, 23 saata ermənilərin 30 il ərzində qurduğu istehkamları məhv etmiş ordudur. Azərbaycana Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etmək üçün bir neçə saat kifayət edəcək. Azərbaycan dövləti bəyan edib ki, ona yönəlmiş bütün təhdid və təhlükələri dəf edəcək. Prezident İlham Əliyev bu ilin yanvarda yerli mediaya müsahibəsində bu barədə fikirlərini bildirib. Dövlət başçısı deyib ki, Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar: "Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən, rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq.
Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq... Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik".
Azərbaycan dövləti konkret mövqeyini açıq şəkildə bəyan edib - təhdid hiss etsə, tərəddüd etmədən məhv edəcək. Regiona kənar qüvvələri, ge-osiyasi gücləri gətirən, real qarşıdurma yaratmağa çalışan İrəvan-Paris cütlüyü Azərbaycanla növbəti müharibənin real nəticələrini də nəzərə almalıdırlar.