Macarıstan parlamenti keçmiş prezident Katalin Novakın uşaq istismarı ilə bağlı amnistiya qalmaqalından sonra istefa verməsinin ardınca Konstitusiya Məhkəməsinin sədri Tamas Sulyoku ölkənin yeni prezidenti seçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 146 deputatın iştirak etdiyi səsvermədə Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim partiya Fidesz tərəfindən namizədliyi irəli sürülən Konstitusiya Məhkəməsi sədri Tamas Sulyok 134 səslə prezident seçilib.
Səsvermənin əleyhinə 5 deputat səs verdiyi halda, 7 səs etibarsız sayılıb. 199 yerlik Macarıstan parlamentində müxalifət deputatları əsasən səsvermədə iştirak etməyiblər.
Bazar günü ölkədə dörd müxalifət partiyasının dəstəklədiyi etiraz nümayişində prezident seçkilərinin birbaşa xalq tərəfindən keçirilməsi tələb edilib.
Seçildikdən sonra and içən Sulyok qısa çıxışında prezidentin əfv və mükafatları ilə bağlı qərarlarda şəffaflıq vəd edib.
Novakın yerinə seçilən 67 yaşlı Sulyokun andiçmə mərasiminin martın 5-də keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2014-cü ildə Konstitusiya Məhkəməsinin hakimi olan Sulyok iki ildən sonra məhkəmənin sədri vəzifəsinə yüksəlib. Sulyokun səlahiyyət müddəti beş il olacaq və o, ikinci müddətə yenidən namizəd ola biləcək.
Keçmiş prezident Novak fevralın 10-da prezident səlahiyyətlərindən istifadə edərək əfv etdiyi məhbuslar arasında adı dövlət uşaq evində uşaq istismarı qalmaqalında hallanan məhbusun da olduğu üzə çıxdıqdan sonra istefa verib.
Malik Atilay