"Azərbaycanla Almaniya arasında münasibətlər hər zaman yaxşı səviyyədə olub. Almaniya Qarabağ münaqişəsi dövründə də, indi davam edən sülh prosesində də neytral mövqeyi ilə fərqlənib. Düzdür, bu ölkədə ermənipərəst dairələrin, antiazərbaycan siyasəti aparan, "alovun üstünə benzin tökən", Ermənistanı öldürücü silahlarla təchiz edən və yeni müharibəyə hazırlayan Fransanın təsiri altında bəzi siyasətçilərin ölkəmiz əleyhinə addımları, bəyanatları olub. Amma ümumilikdə iki ölkənin maraqları münasibətlərin daha yüksək səviyyə qaldırılmasını ehtiva edir. Almaniya, xüsusilə iqtisadi sahədə Azərbaycanla sıx əməkdaşlığa maraq göstərir. Eyni zamanda, Ermənistanla sülh gündəliyinin irəliləməsi istiqamətində öz töhfəsini verməyə çalışır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili də Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını nümayiş etdirir.
Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizə artan marağın, iqtisadi gündəliyin xeyli zəngin olmasını göstərir. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, "Falk" konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, "Uniper Global Commodities SE" şirkətinin birinci vitse-prezidenti Uve Fip, "Rhenus Group" beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, "VNG" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, "Rohde SchZarz" şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və "HHLA İnternational" şirkətinin icraçı direktoru Filip Sveens daxildir.
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlət başçısı bir sıra aktual mövzularla bağlı fikirlərini açıqlayıb, iqtisadi əlaqələrin önəminə toxunmaqla yanaşı, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkəmizə qarşı Qərbdəki haqsız və qərəzli münasibətə diqqət çəkib.
Prezident alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib. Dövlət başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək, bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Eyni zamanda, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Prezident bildirib ki, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsi Azərbaycan tərəfindən dəstəklənir.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması, qalan məsələlərin həlli üçün öz səylərini davam etdirir və arxasında pozucu niyyət dayanmayan bütün təkliflərə açıqdır. Rəsmi Bakı dəfələrlə bu mövqeyini bəyan edib. Təəssüf ki, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bəzi güclər əsassız iddialar irəli sürməyə başladılar və regionda yeni münaqişə ocağı yaratmaq üçün hərəkətə keçdilər. Ancaq dövlət başçısının görüşdə qeyd etdiyi kimi, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Prezident təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir.
Yada salaq ki, Borrel bəyan etmişdir ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Dövlət başçısı isə haqlı olaraq sual edib ki, "Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bakının belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir".
Qeyd edək ki, ötən ilin sentyabrından bu yana Ermənistanla şərti sərhəddə sakitlik idi. Bu il fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra Bakı buna adekvat cavab verdi. Görünən odur ki, bu qüvvələr Ermənistanı yeni gərginlik yaratmağa, atəşkəsi pozmağa təhrik edirlər.
Bakı sülh prosesinə sadiq olduğunu növbəti dəfə bəyan edib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qaldı. Fransanın, Avropa İttifaqının Ukraynanı ərazi bütövlüyünü təmin etmək üçün müdafiə etdiyi bir şəraitdə tam tərsinə, ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırması əlbəttə ki, anlaşılmazdır və islamofobiya nümunəsidir.
Prezident görüşdə bəyan etdi ki, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq.
Sitat: "Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu, mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!"
Prezident bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Almaniya şirkətlərinin rəhbərləri Azərbaycanın iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirildiyini etiraf edib, yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları olduğunu deyiblər. İnfrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələrinin Azərbaycana səfəri də Almaniyanın ölkəmizlə əməkdaşlığa göstərdiyi maraqdan irəli gəlir.
Mixael Harms vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı bildirib ki, Almaniya şirkətləri Azərbaycanın əhəmiyyətini daha düzgün dərk edirlər, nəinki Almaniya siyasi dairələri. Almaniya siyasətçilərinin vaxtaşırı Azərbaycanla bağlı həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlarda qərəzli siyasət yeritdiyinin dəfələrlə şahidi olmuşuq. Eyni zamanda Almaniya mətbuatında da Azərbaycanla bağlı yanlış materiallar çoxluq təşkil edir. Lakin bununla belə, Almaniya biznes dairələri Azərbaycanın iqtisadi imkanlarının böyük olduğunu və onların fəaliyyəti üçün əlverişli olması qənaətinə çoxdan gəliblər.
Deputat bildirib ki, cənab Prezidentin Almaniya nümayəndələri ilə görüşündə onların Azərbaycan iqtisadiyyatının bütün sahələrinə maraq göstərdiklərinin şahidi olduq: "Azərbaycan bu gün qeyri-neft sektoru baxımdan yüksək inkişafa sahib olan ölkədir. Həmçinin, işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə investisiyalar da arzuolunandır. Alman biznesmenlərinin ölkəmizə maraq göstərməsi isə yüksək qiymətləndirilir.
Azərbaycan hər zaman ərazilərinə investisiya qoymaq istəyən ölkələrə yaxşı şərait yaradır. Onlar sərbəst fəaliyyət göstərə bilir, vergi və digər ödənişləri etdikdən sonra sərbəst şəkildə öz gəlirlərini Azərbaycandan çıxara bilirlər. Bu baxımdan ölkə başçısının dünən Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü Azərbaycan-Almaniya arasında geniş imkanlar açır. Azərbaycan bir daha demokratik ölkə olduğunu, beynəlxalq hüquqa hörmətlə yanaşdığını, xarici kapitalın cəlb edilməsinə maraq göstərdiyini nümayiş etdirdi. Almaniya siyasətçiləri isə öz yanlış hərəkətləri ilə alman biznesinə mane olmaqdan başqa bir nəticə əldə etmirlər. Çünki onların Azərbaycana qarşı qərəzli siyasəti dövlətimizi öz suverenliyini və maraqlarını beynəlxalq birlikdə qorumağa heç bir zaman mane ola bilməz".