|
|
|
|
Azərbaycan sərhədçiləri artıq Qazaxın azad edilmiş 4 kəndini nəzarətə götürüblər. Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Rəsmi məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb. Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işlərinin nəticələri haqqında Texniki Protokol tərtib olunub.
2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Beləliklə, bu kəndlərin 30 ildən artıq davam edən işğalına son qoyuldu. Kəndlərin danışıqlar yolu ilə qaytarılması Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində növbəti addımdır, dövlətimizin daha bir tarixi uğurudur. Bu, eyni zamanda 44 günlük müharibə və antiterror tədbirlərində Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərinin davamıdır.
Ermənistanın 1980-ci illərin sonundan başlayan Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalı təkcə Qarabağla məhdudlaşmayıb, digər bölgələri də əhatə edib. Erməni işğalçıları 1990-cı illərin əvvəlindən Qazax rayonunun kəndlərinə silahlı hücumlar edirdilər.
Bağanıs Ayrım kəndi də zaman-zaman ermənilərin hücumlarına məruz qalıb. Ermənilər bu kəndə qarşı öz məkrli niyyətlərini hələ sovet dövründə də ortaya qoyublar. Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib. Onlar gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri yandırıblar. Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət olan bir ailə və daha bir nəfər kənd sakini yandırılıb, kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib. Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib. İşğal olunana qədər kənddə 600 nəfər yaşayırdı. Bağanıs Ayrım Qazaxın tarixinə ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub.
Ardınca 1992-ci ilin martın 8-də Xeyrimli kəndi, həmin ayın 11-də Qızılhacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldular.
Azərbaycan Prezidentin qəti siyasəti və iradəsinin nəticəsi olaraq artıq bu kəndlər azaddır və onların 30 ildən çox davam edən işğalına son qoyulub. Yada salaq ki, Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, "O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir".
Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı "525"ə bildirib ki, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində sərhədin qeyd edilən istiqamətində dörd kəndimizin qaytarılması başa çatdı. Bu, 12,7 km ərazidə sərhəd xəttinin müəyyən edilməsi, prosesin bitməsi deməkdir. Həmin ərazidə mübahisəli olan məsələlər sona çatdırılıb, Ermənistan vətəndaşları oranı tərk edib, Azərbaycan və Ermənistan sərhədçiləri sərhədi qəbul edərək, Qazax istiqamətində xidmətə başlayıblar.
Ekspert deyib ki, sərhədçilərdə bunun adı şəffaf zolaq anlamına gəlir, yəni sərhədçilər bir-birini görərək hərəkət edəcəklər: "Gələcəkdə o dirəklərin arasında məftil əngəlləri, sonrakı mərhələdə necə ki, Rusiya, İran, Gürcüstanla sərhədimiz var, elə bir infrastruktur yaranacaq. Əsas məsələ odur ki, buzlar əridi, bu hissədə Ermənistan ərazilərimizi geri qaytardı, siyasi münasibətlərdə 20 maydan sonra yeni bir mərhələyə keçilmiş sayıla bilər. İndi bu, sənədləşdirilmiş ərazi ümumi sərhədimizin müəyyən olunacaq hissəsinin 5 faizə qədəri də deyil, orada qalan ərazilər də bu prosesdən keçməlidir. Bütün ərazilərdə də eyni qaydada sərhədlər qarşılıqlı tanınmalıdır, sərhədçilər yerləşdirilməlidir. Dövlət sərhəd komissiyaları sərhədləri qəbul edərək, bu hissələri başa çatdırmalıdırlar. İndi həmin dövlət komissiyalarının tərkibindəki mütəxəssislər sərhədin digər bölgələrinə də keçəcəklər, haranı tez delimitasiya, demarkasiya etmək, sərhəd dirəklərini basdırmaq mümkündürsə, oranı tez həll edəcəklər. Ola bilsin ki, elə ərazilər olacaq ki, mübahisəli olacaqlar, onlar ertələnəcək. Ümumiyyətlə bu sərhəd məsələsinin tez bir zamanda həll olunmasını gözləməməliyik. Delimitasiya, demarkasiya uzun çəkən prosesdir, əsas odur ki, bu başlanıldı, tərəflər siyasi iradəni ortaya qoya bildilər. Digər bir məsələ də Ermənistanla sülh sazişinin imzalanması istiqamətində aparılan prosesdə kommunikasiyaların açılmasıdır. Görünən odur ki, Azərbaycanla Ermənistan arasında artıq sərhədlərin müəyyən edilməsi prosesi başlanılmış sayılır. Təbii ki, sərt gücün tətbiqi olmadan Ermənistan tərəfi belə siyasi qərarı verə bilməz, siyasi iradəni göstərməzdi. Bu, Azərbaycanın siyasi iradəsinin və diplomatiyasının növbəti uğurudur. Mən bütün zamanlarda deyirdim ki, növbəti mərhələdə əsas güc diplomatiyanın və ordumuzun üzərinə düşəcək. Hər kəsi, xüsusilə diplomatiya ordumuzun generallarını da təbrik edirəm. Proses təbii ki, "Ermənistan bunu könüllü etdi" anlamına gəlməz. Onlar təhlükəsizliklərinin təminatının bundan keçəcəyinin fərqində idilər. Ona görə də doğru zamanda doğru qərar verdilər".