|
|
|
|

28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Dünya liderlərinin təbriklərində bir daha Azərbaycanın önəmi vurğulanır, ölkəmizlə əməkdaşlıqda maraq ifadə olunur.
ABŞ Prezidenti Co Baydenin mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubundan o nəticəyə gəlmək mümkündür ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlar bütün dünya kimi, ABŞ tərəfindən də qəbul olunur. Eyni zamanda, Azərbaycanın önəmi etiraf olunur və yeni reallıqlar çərçivəsində ölkəmizlə əməkdaşlığın davam etdirilməsi əzmi ifadə edilir.
Baydenin təbrikində deyilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir: "Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.
Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən, iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq".
Məktubda vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir: "Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq".
Göründüyü kimi, Azərbaycan Prezidentinin məqsədyönlü və prinsipial siyasətinin uğurları, ölkəmizin bütün dünyada nüfuzunun yüksəlməsi dünya liderlərinin cənab Prezidentə təbrik məktublarında da aydın şəkildə ifadə olunur.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar olaraq Prezident İlham Əliyevə dünya liderləri tərəfindən çox sayda təbrik məktubları daxil olmaqdadır: "ABŞ Prezidenti Co Bayden tərəfindən daxil olan təbrikdə çox maraqlı məqamlar nəzərdən keçirilir. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın öz gücü hesabına BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi, sonrakı dövrlərdə mərhələli şəkildə öz ərazisində separatizmin kökünü kəsməsi, separatçı rejimin fəaliyyətini tamamilə dayandıra bilməsi, suverenliyini tam olaraq bərpa etməsi, güclü tərəf olmasına baxmayaraq, Ermənistanla münaqişənin sonrakı mərhələlərini sülh, danışıqlar yolu ilə həllində səylərini artırması alqışlanmaqdadır".
Deputat əlavə edib ki, ABŞ Prezidenti tərəfindən Azərbaycanın yaratdığı yeni reallıqların artıq anlaşılan olmasını qeyd etməsi, Azərbaycana, Cənubi Qafqazda əməkdaşlıq üçün önəm verildiyini dilə gətirməsi sevindirici haldır: "Əsas odur ki, müxtəlif dövrlərdə Azərbaycanla münasibətlərdə müəyyən təzadlar olsa da, Ermənistana açıq şəkildə dəstək nümayiş etdirilsə də, erməni lobbisinin təsiri altında Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər edilməsinə cəhdlər müşahidə olunsa da, reallıqlar artıq dünya tərəfindən qəbul edilir. Xüsusilə də ABŞ Prezidenti tərəfindən buna eyham vurulması düşünürəm ki, nəhayət ki, həqiqətlərin qəbulu kimi dəyərləndirilməlidir. Azərbaycan ötən müddətə ərzində çox balanslaşdırılmış və açıq siyasət həyata keçirib. İlk gündən şərtlərini hər kəsə bəyan edib, bu gün də Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında danışıqlar aparılır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, biz sərhədlərin delimitasiya və demarkasiyası prosesnə başlamalıyıq və Ermənistan tərəfindən Azərbaycanın ilk olaraq anklav olmayan kəndləri geri qaytarılmalıdır. Daha sonra isə digər kəndlərin geri qaytarılması üçün dövlət komissiyaları işini davam etdirməlidir. Xüsusilə heç bir vasitəçi olmadan Ermənistanla Azərbaycan arasında danışıqların nəticələr verməsi və artıq delimitasiya və demarkasiya məsələsində irəliləyişin olması, Azərbaycan tərəfindən 4 kəndin tam nəzarətə götürülməsi, sərhəd xidmətlərinin razılaşdırılmış sərhədlərdə xidmətə başlaması, bu, artıq Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir. Açıq şəkildə demək olar ki, cənab Prezident həyata keçirdiyi bu işlər nəticəsində dünyada sülhə nail olunması üçün yeni bir modelin əldə edilməsinə, formalaşdırılmasına nail olub. Yeri gəlmişkən, Azərbaycan bir sıra ölkələrdə, o cümlədən, İraqda, Əfqanıstanda sülhyaratma missiyasında iştirak edib. Prezident Baydenin məktubunda da bu məqama diqqət çəkilərək, qeyd edilib ki, hər iki ölkə Əfqanıstanda çiyin-çiyinə döyüşüb".
N.Həmzəyev deyib ki, Azərbaycan çox uğurlu, qlobal səviyyəli işlər həyata keçirir: "Bu il ölkəmiz COP29 kimi mühüm tədbirə ev sahibliyi edəcək. ABŞ lideri Baydenin məktubunda COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstək verilməsinə hazır olduqlarının dilə gətirilməsi də yeni reallıqlardan biridir. Azərbaycan bəşəriyyət üçün önəmli olan ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması üçün dünya dövlətlərinin bir araya gələ bilməsi, birləşməsi və vahid qərar qəbul etməsi üçün səylərini gücləndirəcəkdir. Xüsusilə də Azərbaycanın təşəbbüsü ilə COP29-un keçiriləcəyi ərəfədə dünyada bütün münaqişələrin və müharibələrin dayandırılmasına nail olmaq istəyirik ki, bu da nəticə etibarilə məhz elə həmin müddətdə iqlimə vurulan zərərlərin azacıq da olsa qarşısını ala biləcək, həmçinin də ətraf mühitin qorunması və iqlim dəyişikliklərin yaratdığı fəsadların aradan qaldırılması üçün dünya dövlətlərinin real olaraq öhdəliklər götürməsi, ən əsası maliyyə tutumlu layihələrin reallaşması üçün maliyyə öhdəliklərinin yerinə yetirilməsi, maliyyənin tapılması məsələləri də məhz Bakıda müzakirə ediləcək, həll olunacaqdır. Biz inanırıq ki, Azərbaycan bu ağır, çətin və məsuliyyətli işin də öhdəsindən gələcəkdir. Bir sözlə, Azərbaycan dünyanın aparıcı və inkişaf etmiş dövlətləri ilə əməkdaşlıqlarını davam etdirməkdə, regional və qlobal problemlərin həllində səylərini artırmaqda davam edəcəkdir və ədalətli dünya naminə iqlim dəyişikliklərinin aradan qaldırılması üçün həmrəylik naminə irəli sürdüyü ideyaları reallaşdıracaqdır. Dünya dövlətləri də bu ideyaları, bu səyləri, bu təklifləri dəstəkləyəcək. Çünki Azərbaycanın bütün səyləri, təşəbbüsləri daha yaxşı, daha təhlükəsiz dünya üçündür".



