Azərbaycan Prezidenti İlham Əliyevin öz ad günlərini və ölkəmiz üçün əlamətdar günləri xalqın arasında keçirməsi, insanlarımızı mühüm xəbərlərlə müjdələməsi artıq ənənə halını alıb. Dövlət başçısı iki il əvvəl, 2022-ci ildə Müstəqillik Gününü Ağalıda, ötən il Laçında, bu il isə Xocalıda qarşıladı.
Prezident səfər zamanı Xocalıya köçən sakinlərlə görüşdü, eyni zamanda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.
İki il əvvəl Zəngilan rayonunda Ağalı kəndinin sakinləri, ötən il isə Laçın şəhərinə qayıdan əhali ilə görüşən dövlət başçısı bu görüşlərin 28 May tarixində təşkilinin böyük rəmzi mənası olduğunu deyib: “Ağalı kəndində görüşün çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan görür ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir”.
Ötən il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Dövlət başçısı deyib ki, bu gün ikiqat bayramdır. Çünki Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident 2011-ci il dekabrın 24-də ad günündə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşünü xatırladaraq deyib: “Mən adətən öz ad günlərimi, o cümlədən, yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar”.
Dövlət başçısının Xocalıya səfəri, sakinlərlə söhbət zamanı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Çünki Xocalı hər bir azərbaycanlının qəlbində fərqli yer tutur. Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırım, bəşəri cinayəti illər, əsrlər keçsə belə, nə xalqımızın yaddaşından, nə də tarixin səhifəsindən silinəyəcək. Amma Xocalının azad edilməsi, sakinlərin qayıdışı bu ağrıya bir məlhəm oldu.
Prezident Xocalı sakinləri ilə söhbət zamanı söyləyib: "Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır”.
Dövlət başçısının Xocalıda soyqırımı abidəsinin tikilməsini daim planlaşdırdığını bildirməsi qayıdışa, işğaldakı torpaqlarımızın azad olunacağına inamın göstəricisidir.
“Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir”.
Prezidentin toxunduğu mühüm məqamlardan biri də Ermənistanın törətdiyi soyqırımla bağlı Ermənistan rəhbərliyinin üzr istəməsi ilə bağlı oldu: “Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.
Ermənistanın bu addımı atıb-atmayacağını zaman göstərəcək. Çünki Xocalı soyqırıma bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir.
Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. İdman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.