|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda nitqi, dövlət başçısının ən aktual mövzularla bağlı mesajları dünya gündəmi üçün böyük maraq yaradıb. Xarici media dövlət başçısının nitqinə geniş yer verir, ekspertlər tərəfindən şərhlər təqdim edilir.
Qeyd edək ki, üçgünlük forum “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuşdu. Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun təmsilçisi iştirak edib.
Azərbaycan lideri fo¬rumun açılışında üç saatdan artıq media nümayədələrinin suallarını çox ətraflı şəkildə cavablandırıb. Ölkəmizlə, regional və beynəlxalq məsələlərlə bağlı mühüm mövzularda öz fikirlərini söyləyib, dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Azərbaycanın etnik təmizləmənin, işğalın qurbanı olduğunu, bu halın 30 il davam etdiyini deyib: “Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur. Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.
Dövlət başçısı deyib: "Çox istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Prezident, eyni zamanda, Fransanın kolonial siyasətini də tənqid edib. Dövlət başçısı deyib ki, milyonlarla insan bunun qurbanı olub və bəzi ölkələr hələ də bundan əziyyət çəkir: “Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.
Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də antiazərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib”.
Azərbaycan lideri Bakının bu məsələdə qətiyyətini bir daha ortaya qoyub: “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik... Kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik. Əlimizdən gələni edəcəyik ki, siz və sizin kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin”.
Deputat Azər Kərimli hesab edir ki, hazırda dezinformasiya ilə mübarizə əsasən faktların fərdi qaydada araşdırılması, saxta xəbərlərin, yaxud hekayələrin silinməsi və nəticələrinin ləğvi istiqamətində tədbirlərin həyata keçirilməsi yolu ilə aparılır: "Amma sıradan bir saxta xəbərin araşdırılmasına və təhlilinə bəzən saatlarla, hətta günlərlə vaxt sərf olunur. Bu isə böyük maliyyə vəsaitləri, insan resursları tələb edir. Eyni zamanda vaxt keçdikcə dezinformasiyaların nəticələrinin aradan qaldırılması daha da çətinləşir, nəticədə dövlət və ictimai institutların etibarlılığı şübhə altına düşür, xaos və onun yarada biləcəyi çeşidli böhran vəziyyətləri üçün əlverişli zəmin formalaşır. Azərbaycan, uzun illərdən bəri intensiv dezinformasiya hücumuna məruz qalan bir ölkə kimi, məsələnin nə qədər ciddi olduğunu, bəlkə də hər kəsdən daha çox anlayır, dünyanın digər dövlətləri kimi, feyk məlumat və hekayələrlə mübarizənin yollarını axtarır, bu istiqamətdə hüquqi bazanın və antidezinformasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir".
Deputat deyib ki, dövlət başçısı forumda ölkəmizə qarşı aparılan yalan və böhtan kampaniyalarının mahiyyətini tam dəqiqliklə ifadə edib: “Dövlətimizin başçısı bildirdi ki, biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.
Göründüyü kimi, dezinformasiyalar hibrid müharibələrin tərkib hissəsidir və bu qəbildən olan hücumların hədəfinə çevrilən dövlətlərin həyatının bütün istiqamətlərini hədəfə alır. 44 günlük Vətən müharibəsi dövründə informasiyanın cəmiyyət və onun ayrı-ayrı fərdləri, eləcə də dövlətin təhlükəsizliyi, dövlət institutlarının effektiv fəailiyyəti üçün həyati önəm daşıdığı bütün komponentləriylə gün işığına çıxdı. Amma döyüş meydanındakı şanlı qələbə, düşmənin və himayədarlarının informasiya təxribatlarına son qoymadı, əksinə, daha da intensivləşdirdi. Hərbi-siyasi, diplomatik müstəvidə gücsüzlüklərini başa düşən düşmən qüvvələr ölkəmizi dezinformasiya, psixoloji qarşıdurma, hibrid müharibə elementlərinin hədəfinə çevirdilər. Bu baxımdan, dezinformasiya ilə mübarizə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir və ölkəmizin ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi qədər müstəsna əhəmiyyətə malikdir”.
A.Kərimli əlavə edib ki, Prezident İlham Əliyevin media forumunda jurnalistlərin ən müxtəlif mövzularda ona ünvanladıqları suallara verdiyi ətraflı sərrast cavablar təkcə ölkəmizlə bağlı deyil, dünyada baş verən qlobal proseslərlə əlaqədar obyektiv dəyərləndirmələrin geniş vüsət almasına da zəmin yaradacaq.



