|
|
|
|

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın ikinci dəfə ev sahibliyi etdiyi Qlobal Media Forumu artıq beynəlxalq miqyasda böyük maraq doğurur. Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30 ölkədən informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin iştirakı da bunu sübut edir. Tədbir mühüm əhəmiyyət daşıyan, dünya gündəmi üçün aktual olan mövzuların müzakirəsi ilə yadda qaldı. Eyni zamanda, ölkəmizin müxtəlif məsələlərə baxışı, mövqeyi diqqətə çatdırıldı.
Prezident İlham Əliyev üç saatdan artıq aparıcı media nümayəndələrinin suallarını cavablandıraraq dövlətimizə qarşı uydurulan yalanları ifşa etdi, sülh prosesi ilə bağlı Bakının mövqeyini bir daha diqqətə çatdırdı. Xarici medianın hələ də forumla bağlı mövzuya geniş yer verməsi bir daha onun əhəmiyyətini göstərir.
Prezident çıxışında ötən bir ildə həm regionda, həm də ölkədə mühüm dəyişikliklər baş verdiyini, ən mühüm hadisələrdən birinin ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi olduğunu söylədi. Bu hadisə təkcə birinci və ikinci forumlar arasında deyil, həm də Azərbaycanın müasir tarixində mühüm mərhələ oldu.
Dövlət başçısı deyib: "Hansı Cənubi Qafqazda yaşamaq istəyirik sualına hamı cavab verəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun. Mən dəfələrlə söyləmişəm və dərindən təəssüf edirəm ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar. Lakin bu, baş vermədi. İndi bu barədə nə demək olar. Ancaq indi bir şans var. Bunun üçün yenə də həm Gürcüstanda, həm də Ermənistanda həmin xarici siyasət modifikasiyalarının nə ilə yekunlaşacağını Azərbaycan düzgün təhlil etməli və sonunu görməliyik. Bundan sonra müəyyən mənada daha ciddi addımlar atmalıyıq. Hər halda biz hesab edirik ki, uzunmüddətli sülh mümkündür və təbii ki, ona üstünlük veririk".
Diqqəti dezinformasiya ilə bağlı çağırışlara çəkən dövlət başçısı bildirib ki, Azərbaycan uzun illərdir ki, ermənipərəst siyasətçilər və media nümayəndələri tərəfindən yayılan feyk faktların və yalan nağılların manipulyasiyası ilə üzləşib. Bu cür yalan xəbərlər təkcə ölkənin nüfuzuna deyil, həm də biznes potensialına, investisiya imkanlarına xələl gətirir.
Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilib. Bu mənada Qlobal Media Forumunun Şuşada keçirilməsi çox önəmlidir: "Artıq ikinci ildir ki, Şuşada Beynəlxalq Forum keçirilir. Beynəlxalq media nümayəndələri Azərbaycana gəlir. Şuşada bu tədbirə qatılırlar və Prezidentin mesajlarını da buradan alırlar. Təbii ki, beynəlxalq forumun azad ərazidə, azad Şuşada keçirilməsinin də bəlli çalarları var. Yəni öz rəmzi mənası var. Azərbaycan həqiqətlərinin həm də beynəlxalq ictimaiyyətə daha dolğun, daha dəqiq çatdırılması baxımından da biz bunu müsbət dəyərləndirə bilərik.
Forumda Prezident İlham Əliyev çıxışı zamanı çox mühim məsələlərə toxundu. Bu gün Cənubi Qafqaz yeni bir reallığa daxil olub. Bu reallığı Prezidentin rəhbərliyi ilə Azərbaycan yaradıb. Əslində bir çox Qərb dövlətlərinin əsas hədəfi və məqsədi bu torpaqların davamlı olaraq işğalda qalması idi. Ona görə bizə hər zaman deyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız. Yalnız biz bu deyilənlərə məhəl qoymadıq, həm müharibə meydanıda bu döyüşü apardıq, həm də informasiya müharibəsində qalib gəldik".
Onun sözlərinə görə, bu gün Qafqazda yeni bir reallıq yaranıb, çoxlarının arzusu ürəyində qalıb: "Onlar Ermənistanın gücləndirilməsi üçün addımlar atırdılar. Azərbaycan onların bütün cəhdlərinin qarşısını alaraq Cənubi Qafqazda yeni reallığı yaratmağa nail oldu. Bu gün Cənubi Qafqazın mərkəzi Azərbaycandır. Hər zaman cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın razılığı olmadan bölgədə heç bir addım atıla bilməz, heç bir plan həyata keçirilə bilməz. Bu gün bütün məsələlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Bu gün Azərbaycan qalib xalqdır. Bu gün Azərbaycan sülh istəyir. Azərbaycan sülhün şərtlərini beynəlxalq hüquqa diktə edir və bunun üçün səylə çalışır. Bir tərəfdə Azərbaycan, "Sözümüz imzamızdır" deyən cənab Prezidentimiz var, digər tərəfdə isə yalançı, saxtakar Ermənistan. Hansı ki, cənab Prezident çox gözəl formada qeyd edib ki, Britaniyaya gedib görüşdən imtina edən, digər tərəfdən müxtəlif platformalardan, sülhdən və konstitusiyanın dəyişdirilməsindən dəm vuran Ermənistan bir daha özünü ifşa etdi. Bu, yeni bir mərhələdir və bu mərhələyə biz hazırıq. Bu gün biz çox ciddi layihələr həyata keçiririk, qonşularımızla münasibətimizi inkişaf etdiririk".
VI çağırış parlamentin deputatı Aydın Hüseynov isə bildirib ki, mədəniyyət paytaxtımız Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bu gün dünyanın aparıcı mətbuatında, televiziya və xəbər agentliklərində müzakirə olunmaqdadır: "Nəzərə alsaq ki, noyabr ayında keçiriləcək COP29-la bağlı bütün diqqət Azərbaycana yönəlib, ölkə rəhbərinin dediyi fikirlər, irəli sürdüyü tezislər həssaslıqla qarşılanır. Şuşada dünyanın 50-yə yaxın ölkəsindən 150-dən çox jurnalistin, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumda Prezident İlham Əliyev iştirakçıların suallarını cavablandırarkən bütün mövzulara açıq olduğunu bir daha təsdiq edib. Qeyd edilib ki, Azərbaycanda media bütün mənalarda azaddır, ölkə həyatının istənilən sahəsini müzakirə etməyə qadir, həm də dünya mətbuatı ilə ayaqlaşan bir ictimai institutdur".
A.Hüseynov deyib ki, Prezident mediamızı böyük Zəfərimizin müjdəçisi adlandırıb: "Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirib və indi də bu missiyanı uğurla davam etdirir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. İkinci Şuşa Qlobal Media Forumu regionda və ölkəmizdə baş verən hadisələri dəqiqliklə beynəlxalq ictimaiyyətə təqdim edə bilib. İlham Əliyevin çıxışında da əsas çağırışlarından biri baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması idi. Diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara yönəldən Prezidentimiz qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır".
O qeyd edib ki, Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərilib: "Enerji sektorunda qazandığımız uğurlar, yeni əməkdaşlıq formatları, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması əsas hədəflərimizdəndir. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Prezidentimiz qeyd etdi ki, atılan bütün addımların və təşəbbüslərin əsas məqsədi ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirməkdir".



