|
|
|
|
Məlum olduğu kimi, iyulun 30-da Türkiyə-Ermənistan sərhədində iki ölkənin münasibətlərinin normallaşması prosesi üzrə növbəti görüş keçirilib. Xüsusi nümayəndələr – Sərdar Kılıç və Ruben Rubinyanın iştirakı ilə baş tutan bu görüş sayca beşinci idi.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, tərəflər əvvəlki görüşlərdə razılaşdırılmış məsələləri təsdiqləyiblər: “Xüsusi nümayəndələr, həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Onlar son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını bəyan ediblər”.
Türkiyə təmsilçisi Serdar Kılıç sosial media hesabında yazıb ki, onlar səhər Ermənistan, günortadan sonra Türkiyə tərəfində görüşüblər: “Biz normallaşma prosesinin bütün aspektlərini və daha da inkişaf etdirilməsi imkanlarını konstruktiv anlayışla müzakirə etdik”.
Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan isə sosial media hesabında həmkarı ilə görüşü müsbət qiymətləndirib: “Əvvəllər əldə edilmiş razılaşmaları bir daha təsdiqlədik. Və iki ölkə arasında dəmiryolunun aktivləşdirilməsi üçün tələb olunan texniki qiymətləndirmə də daxil olmaqla, yeni etimad quruculuğuna razılaşdıq”.
Qeyd edək ki, 1993-cü ildə Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğalı etməsindən sonra Türkiyə bu ölkə ilə əlaqələri kəsdiyini bəyan etdi. Ankara sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması məsələsi gündəmə gəldi. Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün danışıqlar davam etdirilir. İki ölkənin sərhədlərinin delimitasiyası sahəsində müəyyən addımlar atılıb. Türkiyə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin müsbət məcrada inkişafı Azərbaycan-Ermənistan münasibətlərindəki inkişafla ehtiva edilir.
Bu çərçivədə 2021-ci ilin sonlarında Türkiyə tərəfdən ABŞ-dakı sabiq səfir, təcrübəli diplomat Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin olundular. Onların ilk görüşü 2022-ci ilin yanvarın 14-də Moskvada keçirilib. Sonuncu dəfə isə 2024-cü il martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli KİV-ə müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında görüşlər davam edir: "Münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq. Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik”.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “525”ə mövzunu şərh edib. Onun sözlərinə görə, bu görüş Ankara və İrəvan arasında dialoqun davam etdirilməsidir: “Tərəflər demək olar ki, heç bir qərar qəbul etməyiblər. Bu, heç gözlənilmirdi də. Hakan Fidan bəyan etdi ki, Türkiyənin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan-Ermənistan münasibətləri qaydaya salınmayana qədər Ankara-İrəvan münasibətləri də irəli getməyəcək. Nə sərhəd açılacaq, nə də yollar”.
Ermənistanın sadəcə görüntü xatirinə Türkiyə ilə dialoqa gedə bilməsinə gəlincə, deputat hesab edir ki, bu, görüş xatirinə deyil: “Söhbət ondan gedir ki, qərar verilməsə də, ancaq o qərarların verilməsi ilə üçün müəyyən razılaşmalar ən azı cızılmalıdır. Ona görə də dialoq aparılır ki, qərar veriləndə bütün qalan məsələlər artıq işlənilmiş olsun”.
R.Musabəyov qərar verilməsi üçün Ermənistanın atacağı ən vacib addımları açıqlayıb: “Bunun üçün İrəvan Azərbaycanla sülh prosesində irəliləməli, ikincisi, Zəngəzur dəhlizi ilə bağlı qərarlar verməlidir. Bu qərarlar verilmədiyi halda, düşünürəm ki, sülh olandan sonra da gözləmək ki, Azərbaycan Ermənistanın istəyi ilə Qazax-İcevan yolu ilə gedəcək, onların istəyi ilə bütün daşınmalar Ermənistandan keçərək təmin ediləcək, xeyr, bu, olmayacaq. Biz öncədən demişik ki, Zəngəzurla Mehridən yol bərpa olunmayana qədər Ermənistan üçün Azərbaycandan heç bir yol açılmayacaq”.
R.Musabəyov əlavə edib ki, sülh müqaviləsi layihəsində ümumi şəkildə bütün nəqliyyat xətlərinin açılması vurğulanıb: “Ermənilər deyirlər ki, Tbilisidən keçərək Ermənistana yol işləyə bilər. Biz deyirik yox. Onlar deyirlər, gəlin Qazax-İcevanı bərpa edib bundan istifadə edək, biz deyirik yox, əvvəl Mehridən keçən yolla bağlı qərar ver, onun açılması ilə bağlı işlərə başla, sonra o biri xətlərdən istifadə etməklə bağlı Azərbaycan öz razılığını verə bilər. Onlar biz deyəni etmirlərsə, biz onlar deyəni heç nəzərdən keçirməyəcəyik”.
Politoloqa görə, Türkiyə Ermənistandan keçən yol Azərbaycana, Rusiyaya gəlib çıxmırsa, ona Türkiyənin nə ehtiyacı var? "Ermənistanla onun hansı həcmdə dövriyyəsi var ki, bu yolun açılmasında elə böyük marağı olsun? Lap açıldı, nə daşıyacaqlar ordan? Ermənistan indi Gürcüstandan keçərək nəyi daşıyırsa, onu bilavasitə Türkiyədən alacaq. İndi olsun, onun dövriyyəsi 200 milyon dollar. Bu hamısı cüzidir, o halda əhəmiyyətli ola bilər ki, o yoldan Azərbaycana, Mərkəzi Asiyaya keçid, Rusiyaya çıxış olsun. İndi Türkiyəyə Gürcüstana daxil olmaq üçün Ermənistandan keçmək lazım deyil. Batumidən keçərək və dəniz limanlarından istifadə edərək öz açıq yolu var. Ermənistandan yol nəyinə lazımdır. Bu, sadəcə olaraq sərhədyanı hansısa ticarət dövriyyəsi üçün ola bilər, bu da cüzi əhəmiyyət kəsb edir”.
R.Musabəyov düşünür ki, Türkiyə-Ermənistan dialoqunun irəliləməsini istəməyən qüvvələr var: “Məsələn, İran bunu istəmir, müəyyən mənada heç Rusiya da istəmir. Çünki Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırdığı halda Paşinyan hökuməti Qərbyönümlü siyasətini gücləndirəcək. Ancaq Ermənistanın da öz maraqları var”.
Deputat sülh prosesi ilə yanaşı, son günlər müəyyən dairələr tərəfindən səsləndirilən müharibə anonslarına, eyni zamanda Ermənistanın təxribatlarına da toxunub: “Ermənistan bunu qəsdən edir, hay-küy qaldırır ki, Qərb ölkələri Azərbaycana təzyiq etsinlər, tələsik sülh müqaviləsi imzalansın. Reallıqda isə heç bir müharibə əlaməti yoxdur, qoşunları ora yaxınlaşdırmamışıq. Qarabağda antiterror tədbirləri başlamazdan əvvəl biz geniş təlimlər keçirdik, sonra isə qoşunları geri çəkməmişdik. İndi heç kim deyə bilməz ki, Azərbaycan ora təlim adı ilə qoşunları yaxınlaşdırıb, belə hal yoxdur, dediyim kimi, reallıqda müharibə əlamətləri yoxdur. Amma Ermənistan təxribata əl atarsa, artıqlaması ilə cavabını alacaq. Biz qarşı tərəfə təxribat etdiyi halda cəzasının ağır olduğunu artıq göstərmişik. Ermənistan təxribat törədərsə, sərhəddə hansısa toqquşma ola bilər, amma bu, müharibə demək deyil”.