|
|
|
|
Azərbaycan regionda sülhün nəhayət, bərqərar olmasının, Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Rəsmi Bakı İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi. Bu, təkcə təşəbbüs olaraq qalmadı, Bakı onun reallaşması üçün bütün səyləri göstərir. Beynəlxalq platformalar çərçivəsində ədalətli vasitəçilik səylərindən imtina etməyən Azərbaycan, Avropa İttifaqının, ABŞ-nin, Rusiyanın təşkil etdiyi danışıqlarda iştirak edib. Eyni zamanda, Bakı vasitəçisiz danışıqların aparılması təşəbbüsünü irəli sürüb və bu çərçivədə baş tutan görüşlər göstərdi ki, ikitərəfin danışması daha səmərəlidir. Çünki vasitəçi olmağa can atan qüvvələr öz neytrallığını saxlaya bilmirlər. Biz bunu Aİ-nin də, ABŞ-nin də timsalında gördük. Brüssel formatı başlanğıcda daha ümidverici olsa da, sonra Avropanın, Qərbin bu prosesdə daha çox öz maraqlarını güddükləri məlum oldu.
Qeyd edək ki, “Brüssel formatı” çərçivəsində ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Aİ İttifaqı Şurasının sədri Şarl Mişel görüşdən sonra bəyan etdi ki, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa doğru addım atıblar. Danışıqların növbəti raundlarında müəyyən irəliləyişlər əldə olundu.
Amma təəssüf ki, “Brüssel formatı” bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platformaya çevrilə bilmədi. Brüssel formatını mənimsəməyə və bununla da prosesi pozmağa çalışan Fransa bu mənfur niyyətinə nail oldu.
Yada salaq ki, ötən ilin oktyabrında Avropa Siyasi İcmasının İspaniyanın Qranada şəhərində keçirilən zirvə toplantısında Fransa prezidenti Emmanuel Makronun tərəf qismində iştirak etməyə çalışması prosesə zərbə vurdu. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etsə də, buna imkan verilmədi. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiazərbaycan ab-havası formalaşdığı, Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar və s. Bakını bu formatda danışıqlardan imtinaya məcbur etdi. Çünki belə format Azərbaycana lazım deyildi.
Qəribə olan bu idi ki, Azərbaycanın iştirak etmədiyi Qranada görüşündə qəbul edilən dördtərəfli - Emmanuel Makron, Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Nikol Paşinyan, Bakının da adı salındı.
Proseslərin sonrakı inkişafı göstərdi ki, Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil.
İndi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istədiyi məlum olub. Bu barədə “Politico” nəşri yazıb. İki yüksək səviyyəli diplomat Mişelin bu ayın ortalarında Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyiblər. Mişel, həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə etməyə, sülh razılaşmasını tamamlamağa çağırıb. Nəşr onu da vurğulayıb ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb.
Sülhə çağırış edən güclərin Ermənistanı silahlandırması, yekun sülh sazişi üçün atmalı olduğu addımları gündəmə gətirməməsi onların səmimiliyini əlbəttə ki, şübhə altına alır. Uzağa getmədən, bu günlərdə Sülh Fondu vasitəsilə Ermənistan ordusuna 1 milyon avro həcmində maliyyə yardımın ayrılması qərarını yada salaq. Bir tərəfdən sülh çağırışı edənlər, digər tərəfdən Ermənistana hərbi məqsədlər üçün niyə maliyyə ayırırlar. Eyni zamanda, Aİ, ABŞ Fransanın Ermənistanı silahlandırmasına, onu öldürücü silahlarla təmin etməsinə göz yumurlar. Bütün bunlar regionda müharibə riskini artırır, Ermənistanı sülhdən uzaqlaşdırır. Yada salaq ki, iyulun 18-də İngiltərədə Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də, məhz Baş nazir Nikol Paşinyan dialoqda iştirakdan boyun qaçırdı. Ermənistan öz havadarlarının dəstəyi ilə ikili oyun oynayır. Azərbaycan isə öz mövqeyində qətiyyətlidir. Rəsmi Bakı dəfəlrlə bəyan edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir.
Həmçinin, sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır. Əgər bir ölkənin əsas qanununda sülh sazişi imzalayacağı ölkəyə qarşı ərazi iddiaları varsa, o zaman bu necə sülh sazişi ola bilər?! Ona görə də Ermənistan öz hüquqa zidd əməllərindən əl çəkməlidir.
Məsələnin digər tərəfi Mişelin nə təklif edəcəyidir. Çünki Azər
baycan və Ermənistan artıq bir çox məsələlərdə razılığa gəliblər. Qeyd etdiyimiz kimi, əsas olan Ermənistanın konstitusiya dəyişikliyinə getməsidir.
Ona görə də vasitəçilik missiyasını bərpa etməyə çalışan Aİ ilk növbədə ədalətli və obyekt olacağına əmin etməli, eyni zamanda bu vasitəçiliyi necə gördüyünü əsaslandırmalıdır. Çünki Bakı və İrəvan artıq vasitəçisiz də danışır, razılığa gələ bilir.
Politoloq Tofiq Abbasov hesab edir ki, ABŞ başda olmaqla Qərb koalisiyası Ermənistanı öz yolundan azdırır: “Son aylar ərzində görürdük ki, Ermənistan sadəcə praqmatikliyə üstünlük verir. Çalışır ki, rəsmi Bakının səsini, sözünü dinləsin. İndi görürük ki, buna mane olan qüvvələr var. İlk növbədə bu Vaşinqtonla Parisdir. Eləcə də Brüssel də bu proseslərdə yaxından iştirak edir. Düşünürəm ki, Brüssel formatının dirçəlməsinə ABŞ birmənalı mane olacaq. Çünki ABŞ-nin istəyi ondan ibarətdir ki, Orta dəhlizin fəaliyyətinə mane olsun. Kortəbii şəkildə Azərbaycanla Ermənistanı sülh müqaviləsini imzalamağa sövq etsin. Həmin dəhlizin də açarlarını əlinə keçirsin. İnanmıram ki, burada rəsmi Bakı Amerikanın istəyilə avtomatik olaraq razılaşsın. Çünki biz Amerika ilə tərəf müqabili deyilik. Biz Ermənistanla tərəf müqabiliyik. Ermənistana deyirik ki, ikili formatda üz-üzə danışaq. Əgər bunu bacarmırlarsa, onda tələsməsinlər. Biz, onsuz da, heç yerə tələsmirik. Çünki bütün strateji məsələləri həll etmişik".
Politoloq əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Ermənistanın silahlı qüvvələrinin qalıqlarından, töküntüsündən artıq ölkənin ərazisini təmizləyib: "Əgər Ermənistan istəyirsə ki, bundan sonra dinc həyat sürsün, gərək rəsmi Bakıya diqqətlə yanaşsın. Amerika, Yunanıstan, Hindistanın sözü ilə oturub-duracaqsa, Ermənistan heç vaxt nicat yoluna çıxa bilməyəcək. Bu, mümkünsüzdür. Çünki Ermənistanın probleminin açarı bölgədədir. O, çox uzaqlara baş vurur. Okeanın digər tərəfinə, Avropanın ortasına, mərkəzinə və sair müraciət edir. Bu, çıxış yolu deyil. Elə başa düşürəm ki, Ermənistanın başı bundan sonra da daşa dəyəcək. Azərbaycan Prezidenti Şuşadan öz xəbərdarlığını edib, mesajlarını səsləndirib. Qırmızı xətti keçmək istəyənlər, bu xəbərdarlığı yada salmalıdırlar. Avropa İttifaqında, guya, Sülh Fondu adını daşıyan təsisat var. 10 milyon avro verir ki, Ermənistan silah-sursat alsın. Bu hansı sülh təsisatıdır ki, pul xərcləyir, Ermənistan vuruşsun, revanşizmə qapılsın. Odur ki, bu proseslər hamısı sülh prosesinə mane olur. Azərbaycan bunların hamısını yaxından izləyir və heç bir təsadüflərə yol verməyəcək. Bizim hazırlığımız yüksək səviyyədədir. Biz heç kimə Ermənistandan fərqli olaraq güvənmirik. Ancaq özümüzə güvənirik. Bu işdə də son söz bizim olacaq".