Məlum olduğu kimi, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarılmasına dair razılığa gəliblər. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə bu məsələdə razılığa gəlindiyini təsdiqləyən açıqlama verib.
Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov mətbuata açıqlamasında bəyan etmişdi ki, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb: "Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik".
Bu razılaşma sülh prosesinin irəliyə aparılmasında ümidləri artırsa da, Ermənistanın sərgilədiyi mövqe, öz öhdəliklərini yerinə yetirmək istəməməsi sülh sazişinin imzalanması ilə bağlı prosesi də uzadır. Aydındır ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı dəfələrlə həmin iddiaların aradan qaldırılmalı olduğunu bəyan edib. Bu, baş verməsə, təbii ki, sülh sazişini imzalamaq da mümkün olmayacaq. Əsas qanununda və digər hüquqi aktlarında ərazi iddiaları qaldığı halda necə sülh müqaviləsi imzalamaq və bunu necə sülh sənədi adlandırmaq olar. Ermənistan tərəfi bunu yaxşı dərk edir, amma hərəkətə keçmək istəmir. Baş nazir Nikol Paşinyan Konstitusiya islahatlarının zəruriliyi ilə bağlı bir sıra açıqlamalar verib, lakin ortada əməli iş yoxdur.
Səfir E.Əmirbəyov da müsahibəsində qeyd edib ki, Ermənistan Konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır: "Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək".
Ermənistan bu prosesə başlamaq əvəzinə silahlanmaya üstünlük verir, regionu xarici güclərin plasdarmına çevirməyə çalışır. Son vaxtlar İrəvanın müşahidə olunan ritorikası, sülh danışıqlarından yayınması, ABŞ və Avropa İttifaqı tərəfindən silahlandırılması onun sülh istəmədiyini açıq şəkildə ortaya qoyur.
Belə ki, "Flightradar" uçuşları izləyən sistemə əsasən, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın "Zvartnos" hava limanına iki hərbi təyyarə enib. Ştatların "Boinq C-17" hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib.
Məlumatlara əsasən, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatların trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən Ştatlara köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
Məsələnin başqa tərəfi isə bundan ibarətdir ki, 5 apreldə keçirilən üçtərəfli - ABŞ-Aİ-Ermənistan, Brüssel görüşündə imzalanmış sənədin hərbi-texniki əməkdaşlığın da nəzərdə tutulduğu məxfi hissəsinə uyğun şəkildə, okeanın o tayından Ermənistan ordusu üçün ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, eləcə də zirehli texnika gətirilib. Bundan başqa, yayılan xəbərlərdə Ermənistan xüsusi təyinatlıları üçün NATO-da istifadə olunan mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatlarının çatdırıldığı da əks olunub. Bundan əvvəl ABŞ hərbçiləri erməni xüsusi təyinatlılarına həmin sursatlardan istifadə üzrə təlimlər keçiblər. Ermənistan tərəfi isə bu silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. Məlumatda ABŞ-dən Ermənistana gətirilən silah-sursatın yerli relyefə və hərbi şəraitə uyğunlaşdırıldığı da yer alıb.
Qeyd edək ki, 5 aprel görüşü ilə bağlı rəsmi Bakı öz etirazını bildirmişdi. ABŞ-nin dövlət katib Antoni Blinken, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək görüşün hərbi məqsədlə deyil, daha çox iqtisadi-maliyyə məsələlərini əhatə edəcəyini və Azərbaycana qarşı olmayacağını demişdilər. Amma Bakının daha əvvəldən bəyan etdiyi kimi, söhbət hərbi paktdan gedirdi ki, sonrakı addımlar da bunun doğruluğunu sübut etdi.
Azərbaycan bu görüşün Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və gərginliyin yaranmasına gətirib çıxaracağını bildirmişdi, artıq bu gərginlik özünü göstərir. Ermənistan regionda münaqişəni yenidən alovlandırmaq istəyən, onu silahlandıran güclərə arxalanaraq sülhdən yayınır.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı deyib ki, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi: "Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xətləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıblar. Bu, tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir - birinə zidd yanaşmaları idi. Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-da baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edilib. Rusiya üçtərəfli bəyanatda göstərildiyi kimi, özü tərəfindən yola nəzarət edilməsini istəyir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıda kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz kimi ismarıcları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağı təklifə cavab olaraq verilib.
Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başadüşüləndir. Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya - nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə, hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır".
Politoloq bildirib ki, hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalmasıdır: "Baş nazir Nikol Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir".