
Xəbər verdiyimiz kimi, bu günlərdə hökumətin qərarı ilə ölkəyə idxal olunan tütün və alkoqollu məmulatların aksiz vergisi yenidən artırılıb. İdxal edilən siqarillolara tətbiq edilən aksiz vergisi 1000 ədədinə görə 43 manatdan 45,5 manata yüksəlib. Siqaretin dolayı vergi dərəcəsi 1000 ədədinə görə 46,5 manatdan 53,5 manata yüksəlib. Bundan əlavə, şampan istisna olmaqla, xaricdən gətirilən şərab və araq məhsullarına aksiz vergisi artırılıb.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, siqaretin qiymətində artım müşahidə olunacaq. İstənilən vergi, aksiz dərəcəsi artırılan kimi ona tətbiq olunan məhsulun da qiyməti qalxır: "Çox güman ki, siqaretin də qiymətində artım baş verəcək. Siqaretin qiymətinin hökumət nümayəndələri bu yolla daha rahat şəkildə artırırlar".
Ekspertin sözlərinə görə, aksiz dərəcəsinin artmasını bahanə edən sahibkarlar dərhal məhsulun qiymətini qaldıracaqlar: "Qeyd edim ki, tütün bazarında kifayət qədər inhisarçılıq var. Tütün məmulatlarını bazara çıxaran və satan şirkətlərin sayı barmaqla sayılacaq qədərdir. Onlar bazarda inhisarçı mövqeyindən istifadə edərək, sərbəst şəkildə qiymət artımına gedə bilirlər. Bununla bağlı heç bir qadağa, ən azından hüquqi əngəllər yoxdur. Ona görə də, bu addımın əsas səbəbi onlar tərəfindən belə izah olunur ki, son zamanlar yükdaşıma bahalaşıb. Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Logistikanın bahalaşmasından qiymət artımı üçün bir bəhanə kimi istifadə edirlər. Tütün məmulatları sosial məsələ olmadığına görə açığı, onun bahalaşması cəmiyyət tərəfindən bir o qədər narazlıqla qarşılaşmır. Ona görə də, bu sahədə rahat şəkildə addımlar ata bilirlər".
Natiq Cəfərli qeyd edib ki, siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı artacaq.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, təkcə ilin birinci yarısında əhali içki və tütün məmulatlarına 1 milyard 259 milyon manat vəsait xərcləyib: "Belə çıxır ki, xərclənən hər 100 manatdan 5 manat bu məhsullara xərclənir. Ümumdünya Səhiyyə Təşkilatı yaxın illərdə Azərbaycanda spirt istehlakının artacağını proqnozlaşdırır. İndi 2 litrdir, gələn il isə bu rəqəm 2,5-ə yüksələcək və 2030-cu ilə qədər adambaşına 3,9 litrə çatacaq".
V.Bayramov bildirib ki, istehlak artdıqca, bu çeşidli malların qiyməti də artır. Nəticə etibarilə, spirtli içkilərin və tütün məmulatlarının istehlakını azaltmaqla ev təsərrüfatları əhəmiyyətli dərəcədə qənaət edə biləcək, xalqın sağlamlığı yaxşılaşacaq: "Ona görə də alkoqol və tütün məmulatlarını istehlak etməkdənsə, ixrac etmək daha sərfəlidir".
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə əsasən, bu tipli vergilərin qiymətlərə təsiri adətən elə də əhəmiyyətli olmur: "Alkoqollu içkilər və siqaretlərə tətbiq edilən aksiz vergisi pərakəndə satış qiymətlərinə ciddi təsir göstərmir. Ona görə də hökumətin aksiz vergisinin dərəcəsini artırmaq qərarı bizim piştaxtalarda qiymətlərin ciddi artımına səbəb olmayacaq. Spirtli içkilər 2-3 faiz, siqaret 10-15 qəpik bahalaşa bilər. Eyni zamanda, hökumət son qərarı ilə şampan şərablarına tətbiq edilən aksiz vergisini iki dəfə artırıb". Onun fikrincə, dolayı verginin artırılması yerli istehsalın və qeyd olunan malların ixracının artmasına dəstək olacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabiq üzvü Rüfət Quliyev bildirib ki, siqaretlə bağlı bahalaşma cüzi miqdardadır. Ola bilər, bir qutu siqaretin qiymətində 10-15 qəpik artım baş versin. Bundan artıq bahalaşa bilməz. Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik məhsulun qiymətinə təsir edəcək: "Aksiz vergisinin artırılmasından sonra bir qutu siqaretin qiyməti 10-15 qəpik arta bilər. Bundan artıq bahalaşa bilməz. Daha çox bahalaşma olarsa, deməli, burada işbazlıq Normal sahibkar belə addım atmamalıdır".
İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, aksiz dərəcələri hər il bahalaşır: "Bu, təbii haldır. Tütün məmulatları və alkoqollu içkilər insan orqanizmi üçün çox ziyanlıdır. Hökumətin siyasəti odur ki, insan orqanizminə ziyan verə biləcək məhsulların vergilərini mərhələli şəkildə qaldırsın. Aksizlər bahalaşanda qiymət də artır. Çünki malın üzərinə müəyyən xərclər gəlir. Belə ki, artımı həm pərakəndə, həm də topdansatışda görəcəyik. Bir sözlə, siqaretlərdə bahalaşmanın şahidi olacağıq. Əgər topdansatışda 10 faiz bahalaşma olarsa, pərakəndə satışda da bir o qədər qiymət artımı görəcəyik. Xaricdən gələn siqaretlərdə qiymət artımı müşahidə olunacaq. Vergilər birbaşa büdcəmizə gəlir kimi mədaxil olur".
Sevinc QARAYEVA



