|
|
|
|
ABŞ-nin Ermənistanı gizli şəkildə silahla təmin etməsinə dair məlumatlar neçə gündür ki, gündəmdədir. Bu məlumatlar təbii ki, Azərbaycanda narahatlıqla qarşılanır. Çünki Ermənistanın kütləvi şəkildə silahlandırılması onu sülh danışıqlarından yayındırır və yeni hərbi təxribatlara cəsarətləndirir. Son günlər Ermənistanın sərgilədiyi mövqe, antiazərbaycan ritorikasının güclənməsi də məhz Qərbin, Avropa İttifaqının İrəvanı kütləvi silahlandırmasının nəticəsidir.
Qeyd edək ki, Caliber.az portalının məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın "Zvartnos" hava limanına iki hərbi təyyarə enib. İki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və başqa uçan aparatlarının trayektoriyalarını izləyən xüsusi qurğular olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ bu cihazları idarə edəcək heyətin sayını 30-50 nəfərə çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən Ştatlara köçmüş slavyan və Qafqaz kökənli insanlardır. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və onun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
44 günlük müharibədən və Azərbaycanın öz ərazisində separatizmə son qoymaq üçün keçirdiyi bir günlük antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda sülh, təhlükəsizlik, dinc qonşuluq prinsiplərinin bərqərar olması üçün yeni imkanlar yarandı. Ermənistanla sülh danışıqlarına başlanılmasının təşəbbüskarı və sülh təkliflərini verən də məhz Azərbaycan oldu. Amma bu gün açıq şəkildə görünən odur ki, regionda öz maraqları olan güclər sülhə maneə yaradırlar. Sabit Cənubi Qafqazı ona görə istəmirlər ki, öz məkrli, pozucu planlarını həyata keçirsinlər. Ermənistandan da məhz bu məqsədlə istifadə edirlər. Çünki regionun digər dövlətləri onların bu oyununa meydan olmayacaq. Forpost olmağa adət etmiş İrəvan bu gün də öz missiyasını yerinə yetirir. Qərbin, Avropanın əlində vasitəyə çevrilib. Amma cəlb olunduğu oyunlar ona heç də yaxşı gələcək, rifah vəd etmir.
ABŞ bir tərəfdən sülhə çağırır, vasitəçi kimi çıxış edir, digər tərəfdən Ermənistanı gizli şəkildə silahlandırır. Bakını da yarımçıq sülh sazişinə tələsdirir ki, bölgədən öz məqsədləri üçün rahat istifadə edə bilsin. Ancaq Azərbaycan bu məsələdə qətiyyətlidir, Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişi ola bilməz.
Təəssüf ki, ABŞ silahlandırma məsələsində tək deyil. Avropa İttifaqı da eyni mövqeni paylaşır. Bu günlərdə Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərilməsinə dair qərar verdi. Bu qərar da Ermənistanda revanşizm meyllərinin güclənməsinə, onun yenidən təcavüzkar siyasətinə təkan verə bilər.
Bütün bunların əsası isə bu il aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan yüksək səviyyəli görüşündə qoyuldu. Görüşün sözdə Ermənistan iqtisadiyyatına dəstək xarakteri daşıdığı bildirilsə də, Bakı əvvəlcədən gizli hərbi paktdan söhbət getdiyini bəyan edərək öz narahatlığını dilə gətirmişdi. Proseslərin sonrakı inkişafı Azərbaycanın haqlı olduğunu göstərdi. Belə ki, görüşdə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsi var idi ki, Ermənistanın silahlandırılması da həmin sənədə uyğun aparılır.
Onu da qeyd edək ki, görüşdən əvvəl aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulamışdı.
Prezident İlham Əliyev dövlət katibinin diqqətinə çatdırmışdı ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı antiazərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən, Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Prezident deyib ki, üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Antoni Blinken 5 aprel görüşünün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırmışdı. Gizli hərbi paktın artıq reallaşması Bakının irəli sürdüyü tezislərin doğruluğunu sübut etdi.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistana iki təyyarə ilə silah daşıması ilə bağlı yayılan məlumatları şərh etməkdən yayınıb. Yerli medianın sorğusuna cavab olaraq səfirlikdə ABŞ-nin İrəvandakı diplomatik missiyasının müvafiq cavabına istinad edilib: "İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal Tərəfdaş" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün ABŞ texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".
Səfirliyin suala cavabdan yayınması, təlimləri ortaya atması, faktı təkzib etməməsi məlumatların doğru olduğunu bir daha təsdiqləyir.
Yada salaq ki, ABŞ-nin Ermənistandakı səfirinin sorğuya cavabı belə olmuşdu: "İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş "Qartal Tərəfdaş" təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".
ABŞ öz geosiyasi maraqlarını reallaşdırmaq üçün Cənubi Qafqazda möhkəmlənmək istəyir, yuxarıda qeyd etdiyimiz kimi, bunu İrəvan vasitəsilə edir. Ona görə də təkcə Azərbaycan deyil, İran, Rusiya, hətta qardaş Türkiyə də bu məsələdə öz qəti mövqe ortaya qoymalıdırlar.
Politoloq İlyas Hüseynovun qənaəti bundan ibarətdir ki, ABŞ ilə Ermənistan arasında "Eagle Partner 2024" hərbi təlimləri keçirildikdən sonra ABŞ-nin Rumıniyada və Yaxın Şərq ölkələrindən birindəki hərbi bazasından silah-sursatın və erməniəsilli hərbçilərin İrəvan hərbi limanına eniş etməsi regional təhlükəsizliyə böyük təhdiddir. O xatırladıb ki, ABŞ səfirliyi bu məlumatı təkzib etməyib, iki ölkə arasındakı hərbi təlimlərdən danışıb: "ABŞ səfirliyi tamamilə yersiz məlumatları şərh edib və eyni zamanda silah-sursatın Ermənistana gəlişi haqqında məlumatı təkzib etməyib. Bu, birbaşa regional güc balansının ABŞ tərəfindən pozulmasına cəhd kimi qiymətləndirilir. Eyni zamanda Ermənistan ərazisinə gələn silah-sursatın çeşidlərinə baxanda da görürük ki, burada xüsusi təyinatlı qruplar üçün zireh, gecəgörmə cihazlarının olması göstərir ki, burada genişmiqyaslı təxribata hazırlıq planı icra olunur".
Politoloq vurğulayıb ki, Azərbaycan öz təhlükəsizliyini, milli maraq və mənafelərini əminliklə müdafiə edir: "Pentaqon nümayəndəsinin daimi əsaslarla Ermənistan Müdafiə Nazirliyində olması xəbərindən sonra istisna etmirəm ki, bu silah-sursat və eləcə də təlimatçılar daimi əsaslarla Ermənistan ərazisində qalacaqlar və təxribat planları haqqında düşünəcəklər. Düşünürəm ki, Azərbaycan bu xüsusda öz təhlükəsizliyini ən üst səviyyəyə qaldırmalıdır. Çünki bu birbaşa olaraq Cənubi Qafqazda olan məsələlərə müdaxilə etmək cəhdidir və qətiyyətlə pislənməlidir".