Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr dinamik inkişaf etməkdədir. Bu, özünü həm siyasi, həm iqtisadi-ticari, mədəni, bir sözlə, ən müxtəlif sahələrdə göstərir. Azərbaycan və Mərkəzi Asiya ölkələrini dərin tarixi köklər, dostluq əlaqələri, din və ortaq dəyərlər birləşdirir. Ən əsası Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yaranmış yeni imkanlar Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə də özünü büruzə verdi.
Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı həm ikitərəfli, həm də çoxtərəfli formatda davam edir. İlk növbədə, Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığı vurğulamaq lazımdır.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində əməkdaşlıq da səmərəli nəticələr verir. Ötən ilin noyabr ayında Bakıda SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşü keçirildi və onun işində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri iştirak etdilər.
Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan daxildir. Azərbaycan bura 2002-ci ildə qoşulub və hazırda birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Ötən həftə Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşünün keçirilməsi əməkdaşlığın inkişafında daha bir mühüm addım oldu. Bu, həm də Mərkəzi Asiyada Azərbaycana, onun liderinə olan göstərdi.
Qeyd edək ki, bu, son iki ildə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Qardaş ölkələr həm də azad olunmuş ərazilərin bərpasına öz dəstəklərini göstərirlər. Azərbaycan Prezidenti avqustun 9-da paytaxt Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bununla bağlı deyib: “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.
Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.
Yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edən Özbəkistan lideri Şavkat Mirziyoyev deyib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. ...Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”.
2024-cü il martın 12-də Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında Prezident Kasım-Jomart Tokayev deyib: “Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.
Dünyada artan təhdid və çağırışlar ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi vurğulamalıdır. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm də bərpaolunan enerji sahəsində sıx əməkdaşlıqda maraqlıdır. Dövlət başçısı çıxışında bildirib ki, bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır: “Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri də həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. “Rəqəmsal İpək Yolu” layihəsi isə rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Göründüyü kimi, Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri müxtəlif sahələrdə inkişaf etməklə, yeni mərhələyə qədəm qoyub. Bu, özünü ticari-iqtisadi əlaqələrdə də göstərir. 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına çatıb.
Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqla bağlı deyib: "Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. ...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. ...Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir".
Dövlət başçıları arasında mütəmadi təmasların olması, qarşılıqlı səfərlər əlaqələrin inkişafında öz sözünü deyir. Azərbaycan COP29-un ev sahibi olaraq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərib. Noyabrda yəqin ki, Mərkəzi Asiya liderləri yenidən Azərbaycana səfər edəcəklər. Rəsmi Bakı artıq bəyan edib ki, regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.