
Mütəxəssislər və tibb alimləri çipsini insan orqanizminə ən çox zərər verən qidalar qrupuna aid edirlər. Dünyanın ən mötəbər elmi-tədqiqat mərkəzlərinin və nüfuzlu universitetlərinin apardıqları araşdırmalar da bu zərərin kifayət qədər real olduğunu vurğulayırlar. Hormonal tərkibə malik çipsilərin hazırlanması zamanı istifadə edilən müxtəlif qatqılar bir sıra xəstəliklərə yol açır. Xərçəng, köklük, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər çipsinin tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə olunduğunu qeyd edirlər. Bu maddə tütünün də tərkibində mövcuddur.
Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, köklük, diabet, sonsuzluq, qaraciyərin funksiyasının pozulması, alzheymer, parkinson və ürək xəstəliklərinə səbəb olur.
Çipsinin tərkibinin 13 faizi yağdır. Hər gün bir paket çipsi yeyən insan 1 il ərzində təkcə bu qidadan 5 litr yağ qəbul edir. Mütəxəssislər ən azı siqaret qədər təhlükəli olan trans yağların istifadə olunmasına qarşı çıxırlar. İngiltərəli, amerikalı alimlər siqaretdə olduğu kimi, çipsi paketlərinin də üstündə "sağlamlığa zərərlidir" sözlərinin yazılmasını tələb edirlər.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, bir çox paketlənmış qidalarda, xüsusilə də çipsi və suxarıların tərkibində məhsulun ömrünün uzadılması, onun gec xarab olması üçün qatqı maddələrində istifadə olunur. Eynilə də həmin məhsulların içində dadlandırıcı olaraq, asılılıq yaratmaq üçün başqa kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr inkişafda olan uşaq orqanizminə birbaşa mənfi təsir göstərir. Bəzi hallarda bunların tərkibi tam şəkildə etiket məlumatlarında göstərilir. Bir çox məhsularda isə bunlar kimyəvi adlarla qeyd olunur, yaxud yan təsirləri ilə bağlı heç bir məlumat verilmir. Bu qidaları davamlı olaraq qəbul edən uşaqlarda aqressiya, gərginlik, eyni zamanda əqli cəhətdən inkişafdan geri qalma və yaddaşsızlıq kimi problemlər yaranır. Xüsusilə də həmin kimyəvi maddələr sümük əriməsinə səbəb olduğuna görə uşaqların skelet quruluşunun, eyni zamanda da orqanizmin inkişafında bir çox problemlərə gətirib çıxarır. Mütəxəssis bildirib ki, çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda ərimir. Bu yağlar bədəndə toplanır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması və s. xəstəliklərə səbəb olur. Çipsilərin tərkibində trans yağların olması, duzdan həddindən artıq çox istifadə olunması bir çox problemlərin yaranmasına səbəb olur: "Xüsusilə duzun çox olması, maye duz balansının pozulmasına gətirib çıxarır. Trans yağlar ürək-damar xəstəlikləri yaradır. Bir çox hallarda bu kimi məhsulların tərkibində istifadə olunan monosodium qlutomat maddəsinin sintetik tərkiblisindən istifadə olunur. Buna da el arasında "Çin duzu" deyilir. Bu da ağız dadının pozulmasına, yeni bir dadın yaranmasına səbəb olur ki, nəticədə ənənəvi qidalardan zövq almamaq, xüsusilə də davamlı olaraq o qidalarla qidalanmaq istəyi yaradır. Belə qidaları davamlı olaraq qəbul etdikdə insanlarda bəzən iştahasızlıq, bəzən də həddindən artıq qida qəbul etmək istəyi yaranır. Sağlamlığı qorumaq üçün bu qidalardan mümkün qədər uzaq durmaq lazımdır".
Həkim pediatr Zümrüd Osmanovanın dediyinə görə, çipsilər düzgün şəkildə hazırlanmadığı üçün tərkibində kansoregen maddələr mövcuddur: "Əslində, həmin kartofu evdə sağlam bir formada hazırlamaq heç də çətin deyil. Kartof bir tərəvəz kimi çox xeyirlidir, tərkibində xeyli sayda vitamin və mikroelementlər var. Ancaq kartofun tərkibində olan nişasta çipsin hazırlanma texnologiyası düzgün olmadıqda orqanizm üçün zərərli maddələrə çevrilir. Hətta kanserogen maddələr belə. Son zamanlar bütün dünya qışqırır ki, "fast food" qidalar kanserogendir. Mümkün qədər uşaqlara verməyin. Bir qida maddəsi kimi mən onun qəti əleyhinəyəm. Həm hazırlanma prosesini, həm də tərkibindəki inqridentləri keyfiyyətsiz hesab edirəm. Bu səbəblərdən də son zamanlar uşaqlar arasında iştahsızlıq kütləvi hal alıb. Yanıma 50 valideyn gəlirsə, 50-si də uşağının iştahsızlığından şikayətlənir. Ola bilməz ki, bu şikayətlərin hamısı tibbi səbəblərdən olsun. Sadəcə çipsi yox, "fast food" qidaların hamısının tərkibində xolesterin maddələr var. Narahat edici məqam odur ki, analar həmin yerlərdə oturub uşaqlara qeyri-sağlam qidalar yedizdirirlər. Daha sonra da uşağının şəklini sosial şəbəkədə paylaşıb toppuş yanaqları ilə fəxr edirlər. Daha düşünmürlər ki, yedizdirdikləri həmin qidalar uşağın orqanizmi üçün nə dərəcədə ziyandır. Tez hazırlanan yeməklərin istehsalı bir neçə dünya ölkəsində qadağan olunub".
Həkimin dediyinə görə, çipsi kimi zərərli qidalardan istifadə piylənməyə səbəb olur: "Artıq çəki və piylənmə bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu siyahıya diabet, ürək xəstəlikləri və bəzi növ xərçənglər aiddir. Artıq çəki olan insanlarda ürəyin iş yükü artır. Artıq çəki ürəyin işemik xəstəliyinə, stenokardiyaya və yüksək təzyiqə səbəb ola bilər. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan (təngnəfəslik) əziyyət çəkdikləri üçün bu, son nəticədə ağciyər və ürək çatmazlığına səbəb olur. Çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski yüksək olur. Xolesterol səviyyəniz dəyişə bilər. Piylənmə pis xolesterol və trigliserid səviyyələrində sıçrayışlara səbəb ola bilər, HDL xolesterolunu da aşağı sala bilər. Nəticədə ürək xəstəliyi riski artar. Eləcə də qan təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Kök insanlar bədənlərini oksigen və qida maddələri ilə təmin etmək üçün daha çox qana ehtiyac duyurlar, nəticədə qan təzyiqi yüksəlir. Eyni zamanda yüksək qan təzyiqi də infarktın ümumi səbəbidir. Piylənmə diabetə səbəb ola bilər. Obez insanların diabetə tutulma şansı daha yüksəkdir. 65 yaşdan yuxarı diabetli insanların ən azı 68 faizində ürək xəstəliyi də var".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çipsi istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə olunur: "Bir çox Avropa ölkələri bu cür malların əleyhinədir. Dünya bununla bağlı problem yaşayır. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qanun qəbul olunanda təklif irəli sürmüşdük ki, ölkəyə GMO mallarının gətirilməsinə qadağa qoyulsun. Bu gün ölkəmizdə kifayət qədər GMO əkilir, biçilir, satılır. Kartofdan hazırlanmış çipsilər də bura daxildir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar çipsilərin istifadə edilməsinə qarşıdır. Bizdə bunu müəyyən edən ə laboratoriya yoxdur, bu sahə ilə cəmi 10-15 adam məşğul olur. GMO-nun insan həyatına nə vaxt təsir edəcəyi bilinmir. Ancaq onlar çox təhlükəlidir. GMO malları təbiətin biomüxtəlifliyinə ciddi təsir göstərir. Çalışmaq lazımdır ki, uşaqlar çipsidən istifadə etməsinlər. Çünki çipsinin çox güclü fəsadları var. Ümumiyyətlə, çipsi Avropa ölkələrində arzuolunmaz qidalar siyahısına daxildir".
Sevinc QARAYEVA



