|
|
|
|

Əgər Ukrayna həqiqətən də “Şimal axını” və “Şimal axını2” boru kəmərlərini partladıbsa, bu, Kiyevin Berlinə qarşı hərbi təcavüz aktı kimi qiymətləndirilə bilər.
525.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın xüsusi köməkçisi olmuş Duq Bandounun “The American Conservative” jurnalında dərc olunan məqaləsində deyilir.
“İttihamlar (işdə şübhəli bilinən Ukrayna vətəndaşlarına qarşı- red.) təsdiqini taparsa, o zaman aydın olacaq ki, Kiyev Almaniyaya qarşı hərbi təcavüz aktı törədib, onun fundamental enerji infrastrukturunun mühüm hissəsini məhv edib”, - ekspert yazıb.
Onun sözlərinə görə, Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya hökumətinin Rusiyaya qarşı “döyüşkən” olmasına baxmayaraq, alman polisi müstəqil olaraq qalır və təxribatı araşdırmağa davam edəcək. Kiyevin boru kəmərlərinin partladılmasında rolu Berlindən gələn hərbi yardımı dayandırmağa kömək edə bilər.
“Təsəvvür edin, alyans Rusiya-Ukrayna münaqişəsinə cəlb edilsə, Kiyevə qarşı çıxsa, nə baş verərdi! Təbii ki, bu, olmayacaq. Bununla belə, Ukraynanın öz dostlarına qarşı müharibəyə açıq-aşkar hazır olması müttəfiqlərin Ukrayna hökumətinə faktiki olaraq qeyd-şərtsiz dəstəyini dayandırması üçün daha bir səbəbdir”, - sabiq prezident köməkçisi vurğulayıb.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Baltik dənizinin altından keçən boru kəmərlərində partlayışlar aşkar edilib. Bu isə Rusiya qazını Almaniyaya daşıyan çoxmilyardlıq layihəni kimin sabotaj etməsi suallarını yaradıb. Danimarkanın Bornholm adasında baş verən və sistemin dörd xəttindən üçünü qoparan partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib. Rusiya dəfələrlə “Şimal axını”na hücumun ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyini bildirib. Vaşinqton və London isə bu ittihamları rədd ediblər. Aparıcı Qərb mediası hücumun arxasında Ukraynanın dayandığını yazıb.
Pərvanə Sultanova



