|
|
|
|
Avropa İttifaqı (Aİ) Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı sülh planına dair mediada yayılan xəbərləri şərh etmir.
525.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano brifinqdə bildirib.
O deyib ki, Avropa İttifaqı prezident Vladimir Zelenskinin planını dəstəkləməyə davam edəcək: “Biz üzv dövlətlərin təşəbbüsləri ilə bağlı mediada yayılan xəbərləri şərh etmirik. Avropa İttifaqı üçün ən layiqli plan Vladimir Zelenskinin planıdır. Siyasi birlik onun həyata keçirilməsinə nail olmaq üçün Ukrayna və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək”.
Aİ nümayəndəsi vurğulayıb ki, Ukrayna ilə bağlı istənilən plan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa əsaslanmalı, respublikanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.
Bundan əvvəl Şolts bildirib ki, indi Ukraynada mümkün qədər tez sülhə necə nail olmağı müzakirə etmək lazımdır. Ona görə də Ukrayna böhranı ilə bağlı növbəti konfransın keçirilməsi zəruridir. O, konfransda Rusiyanın da iştirak etməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də oxşar mövqedən çıxış edir.
İtaliyanın “La Repubblica” qəzeti isə yazıb ki, Olaf Şolts Rusiyanı Ukrayna ilə danışıqlar masasına oturtmaq üçün özünün sülh planı üzərində işləyir.
Pərvanə Sultanova