|
|
|
|

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Sudanda təxminən 17 aydır davam edən müharibə nəticəsində ölənlərin sayının 20 mini keçdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudana səfər edən Ghebreyesus Port Sudanda mətbuat konfransı keçirib.
Ghebreyesus buradakı çıxışında Sudanda davam edən müharibə ilə bağlı mövcud məlumatlara görə həyatını itirənlərin sayının 20 mini keçdiyi barədə məlumat paylaşıb.
Ölkə daxilində köçkünlərin sayının 10 milyondan çox olduğunu bildirən Ghebreyesus, 2 milyon insanın qonşu ölkələrə köçdüyünü bildirib.
"Bu gün sudanlılar ardıcıl böhranlardan əziyyət çəkirlər, bu, dünyada ən böyük köçkün dalğasıdır və aclıq təhlükəsi Sudan əhalisinin yarısı olan 25 milyondan çox insanı təhdid edir. Digər tərəfdən isə, 14 milyon insanın təcili müdaxiləyə ehtiyacı var", - Ghebreyesus bildirib.
Təbii fəlakətlərin və epidemik xəstəliklərin yayılmasının, eləcə də müharibənin səhiyyə infrastrukturunun çökmə riskinə səbəb ola biləcəyinə diqqət çəkən Ghebreyesus, səhiyyə xidmətlərinin 70 faizinin çətinlikdə olduğunu və bu xidmətlərə çatmaqda çətinliklərin olduğunu bildirib.
ÜST-nin Baş Direktoru Ghebreyesus Sudana ölkədə humanitar və sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün daha çox resursları səfərbər etmək üçün gəldiyini bildirib.
Malik Atilay



