Qərb dairələri Ermənistanı silahlandırmaqda davam edirlər. İrəvanın silahlandırılması regionda təhlükəsizliyə, sabitliyə təhdid olmaqla yanaşı, onun Azərbaycanla sülh prosesindən də uzaqlaşdırır. Son günlər isə İrəvanın silah coğrafiyası daha da genişlənib, bu sıraya Yaponiya və Cənubi Koreya da daxil olub. Təbii ki, bu məsələdə də ABŞ-ın rolu birmənalıdır. Məhz Vaşinqtonun göstərişi ilə Ermənistana silah tədarükü ilə bağlı danışıqlar aparılır.
Mövzunu 525.az-a şərh edən Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev deyib ki, Qərb dairələri ilk növbədə Ermənistandan öz maraqlarını reallaşdırmaq üçün vasitəçi kimi istifadə edirlər.
“Əsas məqam odur ki, bu gün Ermənistan KTMT-nin üzvü olaraq qalır və əgər NATO blokuna qoşulmaq, yaxud alyans dövlətləri ilə silah alveri etmək istəyirsə, bunun üçün mütləq şəkildə KTMT-dan tam imtina edib, onu tərk etməlidir. Düşünürəm ki, burda əsas məqam Rusiyaya qarşı yönəlmiş addımlardır və Rusiya-NATO sərhəddinin məhz Türkiyə-Ermənistan sərhədi olduğu nəzərə alınaraq, bunu başqa yolla həll etmək mümkün deyil. Digər məsələ bu, birmənalı şəkildə Cənubi Qafqazda nüfuzunu daha da genişləndirmək üçün NATO-nun atdığı addımdır. Təbii ki, buna Rusiya adekvat cavab verməlidir. Onlar bu prosesləri Ukraynada həyata keçirdilər, amma tam şəkildə istədiklərinə nail ola bilmədilər. Eyni ssenarini Kişnyovda etmək istədilər, Moldovanı vasitəçi kimi istifadə etməyə çalışdırlar”, - A.Nağıyev deyib.
Onun sözlərinə görə, bu gün həmin dairələrin atdıqları addımlar Cənubi Qafqazda regional problemləri öz nəzarətlərində saxlamaq üçündür: “Çünki Gürcüstan və Azərbaycan birmənalı şəkildə onların diqtəsi ilə problemi həll etmək istəmirlər. Ermənistanla Azərbaycan arasında olan münasibətlərdə onlara ehtiyac yoxdur, çünki tərəflər vasitəçi olmadan danışa bilirlər. Təbii ki, bu məsələdə İran da öz sözünü deməlidir. Necə yəni, bu qədər NATO silahları regiona gəlir, amma İran susmaqda davam edir”.
A.Nağıyev Ermənistanın bir sıra digər ölkələr, Cənubi Koreya, Yaponiyadan silah alışına da toxunub: “Azərbaycanın məlum məsələdir ki, həm Cənubi Koreya, həm Yaponiya, o cümlədən ABŞ, NATO ölkələri ilə ən yüksək səviyyədə münasibətləri var. İstər siyasi, istər enerji, hərbi və digər məsələlərdə əlaqələr qurulub. Bizim çox ciddi əlaqələrimiz var, müqavilələr imzalanıb. Lakin buna baxmayaraq, Ermənistanı seçərək bu problemin həllinə çalışırlar. Azərbaycan təbii ki, bütün gedişatlara hazırdır və dünya da, BMT də başa düşməlidir ki, öz müstəqil daxili və xarici siyasətini həyata keçirən Azərbaycan bütün bu fəsadlara mütləq şəkildə cavab vermək imkanındadır. Dünya onu da başa düşməlidir ki, nə qədər ki, regionda bu problemlər yaşanıb, bu heç də gələcəkdə alovlanacaq ocaqları söndürməyə kömək etməyəcək. Ona görə də Rusiyaya qarşı atdıqları addımı məhz regionda həyata keçirmək, Azərbaycanın müstəqil siyasətinə qarşı olmaq düzgün deyil. Ermənistan da başa düşür ki, o öz gücünə nə Yaponiyadan, nə də Cənubi Koreyadan bu qədər silah almaq iqtidarındadır. Mütləq şəkildə bunun üçün ciddi maliyyə dəstəyi lazımdır. Tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almaq nə dərəcədə düzgündür. Bunlar hamısı məlumdur ki, heç vaxt Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhlükə altına ala bilməz. Bu təhdidlərin qarşısını almaq üçün Azərbaycanın da güclü potensialı mövcuddur, çox sıx əlaqələri var. Ona görə də düşünürəm ki, nə Cənubu Koreya, nə Yaponiya birmənalı şəkildə Azərbaycana qarşı öz mövqelərini dəyişən deyillər, bu sadəcə olaraq, NATO-nun, daha doğrusu Qərbin diqtəsi ilə atılan addımlardır”.
Pərvanə