|
|
|
|

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
“Əziz ana, can ana, gözəl mehriban ana...” Bilmirəm bu şeiri hazırlıq müəllimim öyrədib, ya evdə anammı, amma yəqinliklə bilirəm ki, İslam Səfərlinin “Ana”sı əzbərlədiyim ilk şeir olub. Sözsüz ki, şeirin müəlifinin İslam Səfərli ya digərinin olması o vaxt mənim üçün heç bir önəm kəsb etməyib. Önəmli olan, uşaq ağlımın dərk etdiyi idi ki, bu şeir canımdan çox sevdiyim anam haqqındadır. Bəli, ilahi varlıq dediyimiz ana sözündə o qədər ilahi cazibə, doğmalıq, hərarət var ki, bu sevgi ondan bəhs edən bütün əsərlərə hopur, hərarət qatır, digərlərindən ayırır, sevdirir, doğmalaşdırır. Fərqi yoxdur, nəğmədir, şeirdir, rəsmdir, heykəldir, əgər ana haqqındadırsa, bu ilahi varlıqdan bəhs edirsə, janrından, zamanından, hansı xalqa, millətə mənsubluğundan, müəllifindən asılı olmayaraq bizə bir köynək yaxındır, doğmadır.
Qeyd edək ki, yazılı və şifahi ədəbiyyatımızda ana mövzusunda yazılan bədii sənət nümunələrimiz kifayət qədərdir. XII əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, ölməz söz ustadı Xaqani Şirvaninin qərinələr öncə bu müqəddəs varlığa həsr etdiyimisraları xatırlayaq:
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim heç bu şöhrəti.
Onun ruzisilə xoş olar halım,
Onun duasıyla gülər iqbalım.
Onun hər sözündən alıram qüvvət;
Qaladır verdiyi hər bir nəsihət.
Onun duaları olmasaydı, ah!
Ömrüm puç olardı, yəqin, bir sabah.
XX əsr Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından Cəfər Cabbarlının, Seyid Məhəmmədhüseyn Şəhriyarın, Əli Kərimin, Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin, Süleyman Rüstəmin, İslam Səfərlinin, Cabir Novruzun, Nəriman Həsənzadənin və digər tanınmışların ana mövzusunda yazdıqları əsərlər öz bədii, mənəvi dəyərini, təsir gücünü günümüzdə də saxlayır. Musa Ələkbərlinin “Tək bircə Allaha yazığım gəlir, deyirlər Allahın anası yoxdur” misrasını anamın yas mərasimində ağı kimi deməyimsə heç yadımdan çıxmır...
Müasir ədəbiyyatımızda da yazarlar bu ümumbəşəri mövzuya tez-tez müraciət edir, yaradıcılıqlarında yer ayırırlar. Bu ədəbi-bədii nümunələr, şeir və hekayələr informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrümüzdə kitab halında çap olunmazdan əvvəl sosial şəbəkələrdə yayılır, müzakirə edilir. Əslində bu müsbət haldır. Çünki sosial şəbəkələr hamı üçün əlçatan olduğundan oxucuların yeni yazılmış əsərlərlə tanışlıq imkanı daha genişdir. Etiraf edək ki, müasir ədəbiyyatın yol-yoldaşı olmalı olan ədəbi tənqidimiz də bu sahədə sosial şəbəkələr qədər çevik deyil, yazılan əsərlərə operativ reaksiya çox vaxt gecikir, ən əsası, geniş oxucu kütləsini əhatələyə bilmir.
Filologiya elmləri doktoru, professor Mahirə xanım Nağıqızının bədii yaradıcılığı ilə ilk tanışlığım da sosial şəbəkə üzərindən oldu. Mahirə xanımın“Ana” şeirini feysbuk sosial şəbəkəsində oxuduqdan sonra çox bəyəndiyim üçün xanım yazarın şeir kitablarını əldə etdim və yaradıcılığı ilə ətraflı tanış olmaq imkanı qazandım. Mahirə Nağıqızının yaradıcılığını yaxından izləyənlər yaxşı bilir ki, onun çoxşaxəli yaradıcılığı mövzu, məzmun baxımından olduqca rəngarəngdir. Bu əsərlərin içərisində şairə xanımın anasının timsalında bütün analara həsr etdiyi şeirləri səmimiliyi və kövrək duyğuların təbii təsviri ilə daha cəlbedicidir, oxunaqlıdır. Bu şeirlərin heç bir “qatqısı” yoxdur - təbii, boyasız, içdən gələn səmimi duyğular peşəkar şair qələmində gözəl, düşündürücü misralara çevrilib vəhər bir oxucunu öz sehrli cazibə qüvvəsi ilə analı dünyasına qovuşdurur, xəyallarını canlandırır. Mahirə xanımın şeirlərinin bu qədər səmimi, canlı olmasının əsas səbəbi bəlkə də onun odlu bir ana ürəyindən nur almasıdır:
Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.
Mahirə xanım “Ana” şeirində sinəsini ocağa döndərib ürəyinin odu ilə ailə ocağını isidən, kürəyində böyük bir ailənin daş yükünü daşıyan anasının - bütün xoş sözlərə layiq Azərbaycan qadınının sözlə çəkilmiş dolğun portretini yarada bilib. Onun poetik təsvirindəki ana obrazı dözümlüdür, mətindir, kişi qeyrətlidir, ərinin halal zəhməti ilə övladlarını böyüdən zəhmətkeşqadındır, heç bir maddi çətinliyin sındıra, əyə bilmədiyi məğrur Anadır!
Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.

Mahirə Nağıqızının “Ana” şeirini oxuyanda nədənsə N.A.Nekrasovun çox sevdiyim “Rus qadınları” poemasını, əsərin xanım qəhrəmanı knyagina M.N.Volkonskayanı xatırladım. Rus qadınlarını əksərən xəyənatkar təsvir edən yazıçı həmkarlarından fərqli olaraq bu əsərində N.A.Nekrasov M.N.Volkonskayanın timsalında sadiq rus qadınının dolğun, real bədii obrazını çox ustalıqla yaradıb. Ədib Sibir sürgünündə olan ərinin yanına gedib onun dəmir zəncirlərini öpən M.N.Volkonskayanı ərinə sevgisinə, bu yolda çəkdiyi məşəqqətlərə görə L.Tolstoyun Anna Kareninasından üstün sayır, bu cür də təqdim edir:
Yıxıldım mən onun ayaqlarına.
Mən çaşıb ərimin özündən qabaq
Qandalını sıxdım dodaqlarıma.
Soruşa bilərsiniz, Mahirə xanımın təsvirindəki ananın Nekrasovun xanım qəhrəmanı ilə nə əlaqəsi var? Var! Bu qadınları yaxınlaşdıran, birləşdirən ən ali, bəşəri, ülvi hisslər - ərə, ailəyə, böyük məhəbbətə sədaqətdir, ən ağır anlarda belə onların yanında olmalarıdır. Ərinin qandallarını öpən qadınla əri ilə birgə daş daşıyan qadın eyni hörmət və ehtirama layiqdirlər! Bu mənada Mahirə Nağıqızının “Ana”sını müasir ədəbiyyatımızın ən dolğun bədii ana obrazı kimi dəyərləndirə bilərik. Bu qadının-ananın xarakterini şərtləndirən fiziki gözəlliyi deyil. Onun əlləri iş görməkdən qabar-qabardır, dodaqları boyalı, dırnaqları laklı, ayağı dikdabanlı deyil. Amma Mahirə xanımın təsvirində o dünyanın ən gözəl qadınıdır. Bu ananı dünyanın ən gözəl qadınına çevirənsəailə yükünün ağırlığından əyilmiş çiyinləridir, daşlaşmış əlləridir, qaralmış çöhrəsidir, sevməkdən usanmayan ürəyidir, 11 uşağa süd verən daşlaşmış sinəsidir. Bu qadının gözəllik kriteriyası övladlarının, ailəsinin rahat yaşamıdır, övladlarına içdən ötürə bildiyi sevgidir, mənəvi dəyərlərə hörmətdir, əxlaqi dəyərlərə sayğıdır. Mahirə Nağıqızı anası haqqında kədərlə
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi
- desə də, öz daşlaşmış əlləri ilə ailə yükünü çəkən, od-ocağını isidən sinəsi daşlaşmış qadınla içdən fəxr edir, qürur duyur, onu dünyanın ən güclü qadını kimi məhəbbətlə tərənnüm obyektinə çevirir:
Çörək bişirərdi, paltar yuyardı,
Corab toxuyardı o daş əlinnən.
Elə bil nə yatar, nə uyuyardı,
Beləcə yol gəldi gəlinniyinnən.
Eşq olsun belə qadına, belə anaya ki, əri ilə birgə daş daşımağı həyat kredosu sayır, əllərinin, çöhrəsinin qırışmağını yaşamının mənası bilir, həyatın daş yükünü mərdanəliklə çəkməyi ailə xoşbəxtliyinin açarı hesab edir, övladlarına da bunu təlqin etməyi bacarır:
Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş asılmadı.
Etiraf etmək çətin olsa da, deməliyik ki, günümüzdə qloballaşan dünyamızın ən ağrılı problemlərindən biri millətin milli yaddaşına arxa çevirməsi, milli köklərindən sürətlə uzaqlaşması, mental dəyərlərin arxa plana keçirilməsi, ailə bağlarının qırılmasıdır. Və bu proses gözəgörünməz əllərin, qüvvələrin yardımı ilə sürətlə reallaşdırılır. Son onilliklərdə valideylərin kimsəsizlər, körpələrin uşaq evlərinə verilməsinin dinamik artımı yaxşı heç nə vəd etmir. Bu prosesin dayandırılmasında, müasir gəncliyin ailə dəyərlərinə məhəbbət ruhunda tərbiyə olunmasında bədii ədəbiyyatın, yazarların, şeir-sənət adamlarının üzərinə böyük məsuliyyət düşür. Mahirə xanımın ana mövzusunda yazdığı bütün əsərlərinin əsas qayəsi də budur ki, ən ail hisslər ailədə formalaşır. Ailəsini, anasını sevən, onun ağrılarını içində yaşayan, zəhmətini dəyərləndirən övladcəmiyyətə sevgi ötürməyə qabil olur, mərhəmət duyğuları aşılaya bilir:
Ay ana, qocalan sən olmadın ki,
Ala bilmədiyin kamın qocalıb...
deyən Mahirə xanımın təsəlli yeri budur ki, anası çox şeydən kamını almasa da, vətənə layiq övladlar böyütdüyünə görə özünü xoşbəxt, bəxtəvər hesab edir:
O əllər su atıb ərin dalınca,
Ərin kürəyinə daş-divar olub.
Evdə ev işində,çöldə bayırda,
Qabar tutsa belə baxtavar olub.
Bu qadın-ana ona görə bəxtəvərdir ki, o,el-obasının gözündə analıq şərəfini, izzətini formalaşdıra, qoruya bilib, nəsildən nəsilə ötürən qeyrət körpüsünə çevrilə bilib:
On bir balasına tək çörək deyil,
Qeyrəti,şərəfi verib o əllər.
Özü bağça salıb,övlad bağçası,
Bağçadan barı da dərib o əllər.
Hər şeyin ölçüsü, dəyəri olan dünyada ananın qiyməti varmı? Mahirə xanımın təbirincə desək- yox!Bu varlığın dəyər ölçüsü, etalonu ancaq özü ola bilər:
Ay ana, neyniyim, deyə bilmirəm,
Ver xeyir-duamı, çıxım səfərə.
Ay ana, bilirəm bu kainatda,
Qiymətli nə varsa, oyun- oyuncaq.
Hər şeyin qiyməti olur həyatda,
Sənin qiymətini tapmadım ancaq.
Mahirə xanım Nağıqızının şeirlərində anası ilə yanaşı atasını da ehtiramla xatırlaması onun ailə dəyərlərinə necə böyük önəm verdiyini, ailə bağlarına ruhən, kökən bağlı olmasını göstərir:
Bir dəfə kiməsə dil tərpətmədin,
Adın, əməlindi tək sığınacaq.
Bizə əlifbanı sən öyrətmədin,
Öyrətdin halalı, haramı ancaq.
Ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında atası ilə bağlı yazdıqları ilə Mahirə xanımın bu şeiri arasında qəribə bir sevgi bağı, bədii paralellik nəzərə çarpır:
Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr döndülər,
Məhəbbətin çıraqları söndülər.
Mahirə Nağıqızının təqdimatındaatası halallığa, dürüstlüyə, şərəf və izzətə böyük önəm verən, sözünün dəyərini, yerini bilən, doğruluğa sığınan ərdir, atadır, əsl Azərbaycan kişisidir:
Göstərdin təmiz ad xaslar xasıdı,
Nə cür qoruyurlar şərəf-izzəti.
Göstərdindoğruluq dost qapısıdı,
Dürüst yaşamağın nədir ləzzəti.
Və sözsüz ki, belə dürüst kişinin xanımı, uşaqlarının anası ayrı cür ola bilməzdi, məhz belə yaşamalıydı, çiyin yoldaşı, dərd ortağı olmalıydı və bu qadını, anasını Mahirə xanım kövrək bir həsrətlə, yanğı ilə vəsv edir, heç vaxt unuda bilməyəcəyini deyir:
Hər dəfə başımı dizinin üstə –
Çəkərdi, saçımı oxşardı anam.
Bir onu, birdə ki, qulac saçıma
Dəyən nəfəsini unudammıram.
Mahirə xanımın dünyadan köç edən Nazlı anası ilə bağlı şeirləşdirdiyi kövrək hissləri hamımıza doğmadır, dünyasını dəyişən bütün analara elegiyadır:
Yuxuma gəlmirsən niyə, nədəndi
Ağlayıb doymuram hər gecə sənsiz.
Sübhəcən qapıya baxıram, ana!
Yanıram gizlicə, ölürəm sənsiz!
Övladlar dünyadan köçən analarını yuxuda görmələri ilə təsəlli tapır, xatirələri ilə ovunurlar...Mahirə xanımın bu şeiri tələbə yoldaşım Mirşahin Ağayevin BDU-da, 1-ci kursda oxuyarkən yazdığı və o vaxt fakültənin “Jurnalist” qəzetində çap olunan “Ana” şerini yadıma saldı:
Bu gecə dünyada ən ulu gecə
Onu tanrım mənə bəxşiş veribdi
Bu gecə müqəddəs yuxulu gecə
Bu gecə yuxuma anam giribdi.
Yuxusuz gözündən rəng alıbdı dan
Hələ saçlarımda anamın əli
Bu gecə yuxudan doya bilmirəm
Dünyadan anamın qoxusu gəlir.
Mahirə xanım ana mövzusunu işləyərkən demək olar ki, ədəbi janrın bütün formalarına müraciət edib. Onun şifahi xalq ədəbiyyatının ən geniş yayılmış forması olan bayatı janrında yazdıqları diqqət çəkir:
Ana, gözündə nəm olaram
Hamıdan mübhəm olaram
Məni ərit qəlbində çək
Yarana məlhəm olaram
Dedilər qara dağlar,
Geyinib xara dağlar.
Anamı itirmişəm
Varmı bir çara dağlar!
Budurmu yazı, Nazlı,
Taleyin nazı, Nazlı.
Gedərgisə bir ömür,
Nə çoxu, azı, Nazlı...
Bu bayatılarda ağrı yükü o qədər böyükdür ki, sanki sətirləri əyir, sındırır. Ölməz söz sərrafı Seyid Məhəmmədhüseyn Şəhriyarın anasının ölümünə yazdığı şeir-elegiya- “Eyvah, madərim”lə Mahirə xanımın ana şeirləri arasında bədii bağlılqla yanaşı ruhi bağlılıq da hiss olunur:
Ata qüdrətli anam,bacı şəfqətli anam,
Kişi qeyrətli anam!
Yarımcan bir çırağın işığını yandıran,
gözlərinin odunu
Töküb neft əvəzinə ocağı odlandıran.
Mənim qəhrəman anam,
Mənim mehriban anam!
İnsan ömrü sonu 3 alma ilə bitən nağıl kimidir. Hər sonluqda alma payı var, amma hər adamın onu bölməyə macalı yox:
Tanrı qismətiydi yazılarımız,
Hərə bir naxışda düşdü ilməyə.
İllər elə keçdi nağıl diliynən,
Macal tapmadın ki alma bölməyə.
Bu köhnə dünyamızda bütün yazarların sevə-sevə müraciət etdiyi, edəcəyi əbədi bir mövzu var-ana. Bu mövzuda dünən də yazılıb, bu gün də yazılır, sabah da yazılacaq. Amma bunların heç biri bir-birini təkrarlamayacaq. Çünki ana təkrarsız varlıqdır, hərəsi bir dünyadır və bu dünyaya baş vuranlar da ilahi sehrin cazibə qüvvəsinə düşənlərdir...



