|
|
|
|

Bəstəkarlar İttifaqı ilə AzTV-nin “Musiqi xəzinəsi” layihəsi Azərbaycan televiziyasında iki il davam etdi. Ən azı son iyirmi il ərzində telekanalların heç biri zəngin musiqi mədəniyyətimizin ardıcıl, fəal və peşəkar təbliğinə bu qədər səxavətlə vaxt ayırmamışdı. Verilişlərin efir vaxtı da adət etdiyimizdən çox idi, hər veriliş təqribən bir saat yarımdan artıq çəkirdi. Belə geniş vaxt ərzində tamaşaçılara musiqi nümunələrini, unikal ifaları dinləmək imkanı da verilirdi. Layihənin maraqlı və yeni cəhətlərindən biri də verilişlərin teleaparıcılara deyil, məhz mütəxəssislərə həvalə olunması idi.
“Musiqi xəzinəsi” hər həftənin beş günü AzTV-nin “Mədəniyyət” kanalında yayımlanırdı. Həftənin birinci günü caz, ikinci günü bəstəkar yaradıcılığı, üçüncü günü mahnı, dördüncü günü xalq musiqisi, beşinci günü aşıq sənəti haqqında veriliş tamaşaçıların görüşünə gəlirdi.
“Musiqi xəzinəsi”nin caz bölümü musiqişünas, caz araşdırmaçısı Arif Əliyev tərəfindən aparılırdı. Dünyanın görkəmli caz ustalarına, klassik və müasir caz təmayüllərinə, Azərbaycan caz incəsənətinin uğurlarına və caz ifaçılarımıza həsr olunan silsilə verilişlərdə maraqlı şərh və dialoqlarla yanaşı, ifalar da səslənir, hər bir yayım “ustad dərsi” formatına düşürdü. Telekanallarda son illər cazın peşəkar təbliği istiqamətində bu layihəni ən uğurlu hesab etmək olar.
Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunan verilişləri tanınmış musiqişünas, BMA-nın professoru Xatirə Həsənzadə aparırdı. Xatirə xanımın hər yayımda dəyişməyən missiyası var idi: Geniş tamaşaçı auditoriyasında ciddi, klassik və müasir bəstəkar musiqisinə marağı artırmaq. Bu marağı artırmaq üçün isə musiqinin ciddi məsələlərini yalnız musiqişünas və bəstəkarlara deyil, həm də professional təhsili olmayan musiqisevərlərə anlaşıqlı bir tərzdə təqdim etmək lazım idi. Efirin belə bir “ciddi musiqi və həvəskar dinləyici” probleminin öhdəsindən X.Həsənzadə hər dəfə peşəkarlıqla gəlirdi.
Bu silsilə verilişlərdə Azərbaycan bəstəkarlıq məktəbinin, demək olar, bütün nəsillərinin yaradıcılığına yer verildi. Peşəkar, təcrübəli, adlı-sanlı bəstəkar, musiqişünas, ifaçı və müəllimlərinin iştirakı, onların canlı dialoqları, fəal fikir mübadiləsi verilişləri daha maraqlı edirdi. Musa Mirzəyev, Fərəc Qarayev, Fidan və Xuraman Qasımovalar, İmruz Əfəndiyeva, Ülviyyə İmanova, Zemfira Qafarova, Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Oqtay Rəcəbov, Nazim Kazımov, Aydın Əzimli, Cəlal Abbasov, Cəmilə Həsənova, Lalə Hüseynova... Şübhəsiz, belə yüksək səviyyəli peşəkar kontingentin iştirakı auditoriyanın musiqi incəsənətinə münasibətinə də keyfiyyətli təsir göstərmişdir. Verilişlərin baxımlı olmasını təmin edən daha bir amil bəstəkar əsərlərinin səslənməsi idi. Xüsusilə, əsərlərin ifaçıları, dirijorları, ifa məkanı haqqında məlumatların verilməsi onların haqqında ətraflı təsəvvür yaradırdı. Rəğbətlə qarşılanan bu silsilə verilişlər gənc musiqişünaslar və bəstəkarlar, xüsusilə də musiqiçi tələbələr üçün sözün əsl mənasında “Azərbaycan bəstəkarlarının yaradıcılığı” dərsi idi.
Sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova “Musiqi xəzinəsi”ni mahnı janrına həsr etdiyi dəyərli verilişləri ilə zənginləşdirirdi. Yeri gəlmişkən, “mahnı bum”u yaşasaq da, az tapılan yaxşı mahnıların həmişə intizarındayıq. Etiraf edək ki, bəzi özəl teleradio kanallarının kütləvi musiqi zövqünü aşağıladığı bir vaxta “əsl mahnı nədir və necə olmalıdır” sualı hər bir tələbkar və mədəni dinləyicini düşündürməyə bilmir. Mahnı dövriyyəsinin diletantların əlinə keçdiyi bir vaxtda “Musiqi xəzinəsi” mahnı janrını xilas etmək missiyasına başladı. C.Mahmudovanın mövzuya dərindən bələdliliyi, mahnı problemlərinə aktual yanaşması “Musiqi xəzinəsi”ni son illərin ən maraqlı və baxımlı efir proqramlarından birinə çevirdi. Bu verilişlərdə tanınmış peşəkar müğənnilərin çıxışı, onların ifaçılıq sənətinə, repertuar seçiminə, mahnıların səviyyəsinə münasibəti son illərin yaddaqalan efir hadisələridir. Qeyd edək ki, ifalarla yanaşı, görkəmli mahnı ifaçıları haqqında sənət xatirələri də maraqla qarşılanırdı və əlbəttə, zövq tərbiyəsinə müsbət təsir edirdi.
“Musiqi xəzinəsi”ndə xalq musiqisinə və muğamlara dair silsilə verilişləri Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov aparırdı. Əlbəttə, efirdə muğamların az səslənmədiyi bir vaxtda, belə maraqlı verilişlər təşkil etmək, muğamların və ustad ifaçıların təbliğini layiqincə aparmaq çətin olduğu qədər də məsuliyyətli idi. S.Fərəcovun həm bəstəkar, müəllim, həm də muğama bələd olan tar ifaçısı kimi mükəmməl təcrübəsi və yüksək bacarığı bu verilişlərin təğbət qazanmasına səbəb oldu. Digər tərəfdən, muğamlarla bağlı bir çox mətləblərdə məhz sənətkarların fikrinə və ifalarına gen-bol yer verilməsi, dəyərli sənətkarların yada salınması – layihənin daşıdığı adı və məqsədi bir daha doğrultdu. AzTV həmişə olduğu kimi, yenə də muğam xəzinəmizin təbliğindəki liderliyini qoruyub-saxladı.
Nəhayət, aşıq sənətinə həsr olunan verilişlər üzərində dayanaq. Bu silsiləni aşıq sənətinin, folklorun tədqiqi üzrə ölkəmizdə və xaricdə tanınan görkəmli alim və ziyalı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı aparırdı. Aşıq musiqisinə dair verilişlərə bu sənətin tarixən yaranıb inkişaf etdiyi regionların hamısına vaxt verildi, hər regionun ustadları ilə efir təması quruldu. On illərlə televiziyalarda adını eşidib, üzünü görmədiyimiz ustadlar çalıb-oxudular, sənətin ənənələrindən, yaradıcılıqdan, sənətkarlıqdan, havalardan, dastanlardan çox maraqlı söhbətlər etdilər. M.Qasımlının sənətə və ustadlara ehtiramla yanaşması, onların sözünü kəsməməsi, vaxtın çoxunu onlara verməsi də tamaşaçıların ürəyincə idi. Bu verilişlərdə nə qədər unudulan, az oxunan havalar yenidən ifaçılığa gəldi, ustad-şagird ənənələrinin qaydaları, etiketi haqqında ustadların öz dilindən söhbət aparıldı. M.Qasımlının aşıq sənəti haqqında silsilə verilişlərinin hər biri aşıq sənəti haqqında əsl ustad dərsi idi.
Ümumiyyətlə, “Musiqi xəzinəsi” efirdə olduğu 2 il ərzində ən ali məqsədini – maarifləndirmək və təbliğ etmək vəzifəsini yüksək səviyyədə yerinə yetirdi. Azərbaycan musiqisi haqqında bu əhəmiyyətli və uğurlu layihədən müsbət rəylərlə, xoş təəssüratlarla, rəğbətlə ayrılırıq. Ümid edirik ki, yaxın gələcəkdə Bəstəkarlar İttifaqı və AzTV musiqisevərləri bu qəbildən yeni layihələrlə sevindirəcək.
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının müəllimi



