Bu gün Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçirilir.
525.az-ın əməkdaşı Astanada seçki məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçilərlə danışıb və onların fikirlərini öyrənib.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Sədi Cəfərov deyib ki, TDT-nın missiyası bu gün səhərdən bir sıra seçki məntəqələrində müşahidələr aparıb.
"Bu gün səhər saat 7:00-da məntəqələrin birində referendum başlayarkən iştirak etdik. Müşahidələrimiz davam edir, amma indiyədək olduğumuz məntəqələrdə səsvermənin Qazaxıstan Respublikasının qanunlarına və beynəlxalq standartlara uyğun keçirildiyini görürük. Seçki məntəqələrinin təşkili ilə tanış olduq, seçicilərin iştirakçılığı ilə maraqlandıq, müşahidə etdik ki, səsvermə hüququ olan bütün vətəndaşların referendumda iştirakı təmin olunub. Seçki məntəqələrinin sədrləri, komissiyaların üzvləri ilə təmaslarımız oldu. Bütövlükdə seçkilər yaxşı təşkil olunub, qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Amma yenə də müşahidələrimizi səsvermə başa çatana kimi davam etdirəcəyik", - S.Cəfərov əlavə edib.
Onun sözlərinə görə, 20-dən artıq məntəqədə olmağı planlaşdırırlar, sabah isə mətbuat konfransında yekun müşahidələr təqdim olunacaq.
Pərvanə Sultanova, Astana