|
|
|
|
8-10 oktyabr tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni turizm sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərginin açılışı olub.
525.az xəbər verir ki, Bolqarıstan Respublikasının (BR) turizm naziri, BR-in mərkəzi və yerli hakimiyyət orqanların rəhbərləri, ondan çox ölkənin turizm və mədəniyyət sahəsi üzrə rəsmiləri, otuzdan çox yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda mədəni turizm sahəsində ixtisaslaşmış yeganə sərgi platforması təşkil edir. Builki sərgidə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi nümayiş etdirilib. Sərgidə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks etdirən foto şəkillər təqdim olunub.
Sərgini giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşanın Azərbaycanın tarixi və mədəniyyətində tutduğu əvəzsiz yeri barədə danışıb, Şuşanın Şərq ədəbiyyatı və incəsənətinə verdiyi töhfə, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən biri olduğu haqqında bəhs edib, 30 ilə yaxın işğaldan sonra 2020-ci ildə azad olunub və 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə nəzarəti altında bərpasına dair məlumat vermiş və getdikcə Şuşanın yenidən tək Azərbaycanın deyil, bütün Qafqazın parlaq incisinə çevrildiyini vurğulayıb. Sərginin açılışında BR rəsmiləri, Veliko Tırnovo şəhərinin meri və bələdiyyə şurasının sədri, həmçinin yerli və beynəlxalq bələdiyyələrin, habelə turizm şirkətlərinin nümayəndələri iştirak etmişlər. Sərgi iştirakçıların böyük marağına səbəb olmuş və yerli mediada geniş işıqlandırılıb. Xatırlatmaq olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2022-ci ildə Bolqarıstana rəsmi səfər çərçivəsində Bolqarıstanın mədəniyyət paytaxtı olan Veliko Tırnovo şəhəri Avropa şəhərləri arasında ilk dəfə olaraq Şuşa şəhəri ilə qardaşlaşma memorandumu imzalaıb.
“Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi ilə yanaşı, Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm sərgisində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycanın mədəni turizm potensialını təşviq edən milli stend sərgilənmiş və ölkəmizin gözəl təbiətini, qədim tarixini və parlaq adət-ənənələrini əks etdirən fotoşəkillər, milli suvenirlər və xalılar nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı məlumat verilib, həmçinin milli mətbəx nümunələri təqdim olunub.