|
|
|
|

Nəhayət, teatr ictimaiyyətinin, sənətsevərlərin gözlədiyi gün yetişdi. Dünən Bakıda III Beynəlxalq Teatr Konfransı öz işinə başladı. Konfransın rəsmi açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula, təhsil naziri Mikayıl Cabbarov və başqa rəsmi şəxslər, Milli Məclisin deputatları iştirak edirdilər.
Tədbirin başlanğıcında öncəki iki teatr konfransının görüntülərini əks etdirən videoçarx nümayiş olundu. Teatr Konfransının 4 illik tarixini əhatə edən video material mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bu materialı həm də kiçik bir hesabat hesab etmək olar. Dahi Qara Qarayevin musiqisi sədaları altında o kadrlara baxmaq nostalji duyğular oyadır, eyni zamanda teatr konfransının ciddiliyini bir daha vurğulayırdı. Video materialdan sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq açılış nitqini söylədi. Nazir üçüncü Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycanın mədəni həyatında önəmli hadisə olduğunu və ictimaiyyət tərəfindən maraqla izlənildiyini diqqətə çatdırdı, belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübut olduğunu söylədi. Konfransda dünyanın 45 ölkəsindən teatr nümayəndələrinin iştirak etdiyini deyən nazir əsas məqsədin qarşılıqlı anlaşma yolu ilə çağdaş teatrın problemlərinin həllinə yardım etmək olduğunu bildirdi. Daha sonra Əbülfəs Qarayev Azərbaycan teatrının tarixindən də söz açdı: "Azərbaycanda teatr sənətinin çox qədim və zəngin tarixi var. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, qaravəlli tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyənləşdirib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Dahi mütəfəkkir, iki il bundan öncə anadan olmasının 200 illiyi təntənə ilə qeyd olunan Mirzə Fətəli Axundzadə tərəfindən dram əsərlərinin yaradılması xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Hazırda ölkəmizdə 26 dövlət teatrı, bələdiyyə, antrepriz və özəl teatrlar fəaliyyət göstərir".
Nazir son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyini də vurğulayaraq, bu yeni teatrların arasında "ÜNS" yaradıcılıq səhnəsini xüsusi qeyd etdi: "Zəngin milli teatr ənənələrinə əsaslanaraq müasir düşüncə tərzini və yenilikçi ideyaları gerçəkləşdirən yaradıcılıq səhnəsi artıq ölkənin sərhədlərindən uzaqlarda da tanınır. Şərq və Qərb mədəniyyətlərinin vəhdətini səhnəyə gətirən "ÜNS", beynəlxalq teatr layihələri hazırlamaqla yanaşı, maarifçi xarakterli tədbirlər, yaradıcılıq gecələri, görüşlər təşkil edir. Edvard Radzinski, Serqey Yurski, Konstantin Raykin ilə görüşlər, "Gelikon-opera"nın quruluşları, Robert Sturuanin, Roman Viktyukun səhnə əsərləri teatrsevərlər üçün əsl töhfə olub. "ÜNS" yaradıcılıq səhnəsi yalnız ziyalıların daha çox maraq göstərdiyi tamaşa məkanı deyil, bütövlükdə Azərbaycanın vizual mədəniyyətinin müasir nümunəsi olaraq xüsusi önəm daşıyır". Son illərdə Azərbaycan teatrının uğurlarından, iştirak etdiyi festivallardan, xarici ölkə teatrları ilə əməkdaşlıqlardan, dövlətin mədəniyyətə, teatra qayğısından danışan nazir ağrılı məqamları da vurğuladı: "Erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtmışlar. Ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən də yan keçməyib. Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşüb. Bu teatrların yerləşdiyi binalar dağıdılıb, yandırılıb, əmlakı talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq bu teatrlar fəaliyyətlərini davam etdirir. Və biz əminik ki, zaman gələcək onlar yenidən öz əzəli binalarında fəaliyyətlərini davam etdirəcək".
Mədəniyyət nazirinin çıxışından sonra söz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya verildi. Kamal Abdulla teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsinin son dərəcə əhəmiyyətli və qanunauyğun hal olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan dövləti və cəmiyyəti multikultural dəyərlərə sadiq şəkildə yaşayır və inkişaf edir: "Bu gün Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural vətənə çevrilib. Azərbaycan öz multikulturalizm təhlükəsizliyini yaradıb və çağdaş zamanda ölkəmizin ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir". Azərbaycanda tolerantlığın, multikulturalizmin səviyyəsini bir hadisə ilə, əhvalatla ifadə edən Kamal Abdulla məclis iştirakçılarını təsirləndirdi: "Təxminən 10 il əvvəl bir ravini Azərbaycana sinaqoqda işləməyə göndərirlər. Ravin ölkəmiz haqda az məlumatlı olduğu üçün bir qədər qorxuyla yanaşır bu məsələyə və xahiş edir ki, onu başqa ölkəyə göndərsinlər. Amma təyinatı dəyişmək olmur və ravin Azərbaycana gəlib işləməyə başlayır. Bu hadisənin ikinci hissəsini danışmayacam. İkinci hissədə olanları qonaqlarımız bu günlərdə özləri müşahidə edəcəklər. Amma mən üçüncü hissəni deyəcəm: Bu gün o ravin Azərbaycan vətəndaşı olmaq üçün sənədlərini təqdim edib..."
Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jan Trüdo bu konfransın müvafiq sahədə əməkdaşlığa böyük imkan yaratdığını, çağdaş teatrımızda hamımız üçün faydalı olacağını söylədi. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransda müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirdi. Daha sonra rəhbərlik etdiyi təşkilatın tarixi, layihələri haqqında ətraflı danışdı.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais çıxışına bir qədər sərbəst, həm də zarafatyana üslubda başladı: "Bax bu batmış, xırıltılı səsimlə yoracam sizləri. Amma məndə günah yoxdur, səsimi İstanbulda itirmişəm. Əgər buralarda kimsə səsimi tapsa, mənə qaytarsın". Mişel Vais rəhbərlik etdiyi Tənqidçilər Assosiasiyası haqqında da ətraflı məlumat verib Azərbaycan tənqidçilərinin bu təşkilata qoşulmalarından məmnunluğunu ifadə etdi: "Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası 57 ildir ki, fəaliyyət göstərir və 63 ölkədə təmsil olunur. Təxminən 3000 tənqidçi bu qurumun üzvüdür. Azərbaycanlı tənqidçilərin, Məryəm Əlizadə və Aydın Talıbzadənin bizim son tədbirlərimizdə iştirak etməsindən çox razı qaldıq. Amma arzu edərdik ki, gənc tənqidçiləri də, xüsusən xarici dilləri bilən tənqidçiləri də bizim təşkilatın toplantılarına göndərəsiniz. Son olaraq onu da deyim ki, bizim veb jurnalımız fəaliyyət göstərir və siz sayta daxil olub mənim Azərbaycan teatrı haqqında məqaləmi də oxuya bilərsiniz".
Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatının prezidenti Luis Yansen konfransdan öncə Şəhidlər Xiyabanında xeyli təsirləndiyini və bu xiyabanın özünün sənətkarlar üçün düşünməyə mövzu olduğunu söylədi.
Konfransın açılış mərasimi Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının idarə heyətinin üzvü Boris Daussa-Pastorun çıxışı ilə yekunlaşdı.
Fasilədən sonra professor Məryəm Əlizadənin və teatr rəssamı İosif Yusupovun moderatorluğu ilə plenar iclas olacaqdı. Amma mən zamandan istifadə edib bu dəfə konfransa evsahibliyi edən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin fikirlərini aldım: "Bu konfransın bizim teatrda keçirilməsi gözlənilən hadisə idi. Bilirsiz ki, hazırda şəhərdə ən gözəl teatr binası məhz Musiqili Komediya Teatrının binasıdır. Amma məsələ sadəcə binanın gözəlliyində, təmirində deyil. Biz gələn qonaqlarla əməkdaşlıq əlaqələri də yaratmağa çalışırıq. Onlarla müəyyən danışıqlar aparılır. Ümumiyyətlə, məncə, teatr adamları dilindən, millətindən asılı olmayaraq, ayrıca bir xalqdır. Və bu eyni xalqa mənsub insanların bir yerə toplaşması çox böyük hadisədir. Hazırlıqlar artıq uzun zamandır ki, davam edir və hələ ki hər şey qaydasında gedir. Ümid edirəm ki, qonaqlarımız da tədbirin təşkilatından, səviyyəsindən razı qalacaqlar".
Hələ iki il öncə Bakıda master-klasslar verən dahi polyak rejissoru Kşiştof Zanussi konfransın VİP qonaqlarından biridir. Məqam tapıb fasilədə Pan Kşiştofla söhbət etdik. Amma söhbətimizi geniş müsahibə şəklində "525-ci qəzet"in növbəti saylarından birində oxuyacaqsınız. Yalnız bir məqamı deyə bilərəm ki, Zanussi ilə söhbət zamanı əsl sənət və qeyri-adi istedad, eyni zamanda bütün bunları son dərəcə rahat, təmkinli şəkildə ifadə etməsi məni növbəti dəfə təsirləndirdi. Məncə, elə plenar iştirakçılarına da ən çox məhz Kşiştofun çıxışı təsir etdi. Pan Kşiştof teatrın əhəmiyyəti, insan tərbiyəsinə təsiri haqqında xeyli maraqlı məqamlara toxundu: "Şekspiri bilməsək, sevginin, qəzəbin, qorxunun, ağrının, qısqanclığın, sədaqətin nə olduğunu bilməyəcəyik. Ona görə mən teatrdan uzaq adamın tam, bütöv tərbiyəsinə inanmıram. Hardadır teatr? Bu sualı özümə verirəm və dərhal Çexov, Şiller, Şekspir və başqa böyük klassiklər yadıma düşür. Teatr hələ səhnədən öncə onların düşüncəsində, fikirlərində idi. Belə bir sual da verilir sənət, əsl sənət kütləyə təsir edə bilərmi? Mən deyirəm ki, bəli edər, mütləq edir. Məsələn, mən hələ 60-cı illərin sonunda öz həmyerlim, dahi Adam Mitskeviçə senzura qoyulanda, hansısa yasaqlar tətbiq olunanda yüzlərlə gəncin küçələrə çıxıb etiraz etmələrini xatırlayıram. Bax sənətin insanları birləşdirməsi budur. Bu gün avanqard sənətə diqqət daha çoxdu. Amma mən açıq deyirəm ki, bu sənətin ömrü uzun deyil. Mən bu gün artıq musiqi sahəsində köhnəliyə, köhnə tonallıqlara qayıdışı hiss edirəm. Bu da təbiidir. Bir də mən demək istəyirəm ki, əsl canlı aktyorun oyununu heç bir texnika əvəz edə bilməz. Ona görə teatr adamlarına daha inamlı olmağı və interneti, televiziyanı bəhanə gətirib ətalətdə durmamağı diləyirəm".
Kşiştof Zanussinin çıxışından sonra müxtəlif ölkələrdən gələn qonaqlar "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda maraqlı məruzələrlə çıxışlar etdilər.
Konfrans bu gün öz işini müxtəlif plenar iclaslar və master-klasslarla davam etdirəcək.
PƏRVİN



