|
|
|
|

Gürcüstanda parlament seçkilərinə bir gün qalıb. Seçki günü - oktyabrın 26-sı yaxınlaşdıqca vəziyyət daha qaynar hal alır. Belə ki, Qərb açıq şəkildə seçkilərə müdaxilə edir, vətəndaşların iradəsinə təsir edə biləcək şantaj xarakterli bəyanatlar səsləndirir. Məqsəd isə özünün istədiyi siyasi qüvvəni hakimiyyətə gətirməkdir ki, Qərbin bu cür addımlarının dövlətlərə necə baha başa gəldiyi məlumdur.
Gürcü xalqının öz yolunu özü müəyyən etməsi onun konstitusion haqqıdır. ABŞ başda olmaqla Qərb dairələrinin hərəkətləri isə birbaşa beynəlxalq hüququn pozulması, antidemokratik addımdır.
Məlumdur ki, ABŞ Cənubi Qafqazda möhkəmlənmək, öz təsir dairəsini gücləndirmək istəyir. Ermənistan faktiki olaraq ABŞ-ın nəzarətindədir, Azərbaycanla bağlı bu siyasətin mümkünsüzlüyünü Qərb artıq qəbul edib. Beləliklə, növbə Gürcüstanındır. Vəziyyətin necə inkişaf edəcəyi, Qərbin ssenarisinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə aydın olacaq.
Gürcüstan Qərbin oyunlarına yaxşı bələddir və artıq onun vədlərinə inanmır.
Yada salaq ki, hakim “Gürcü Arzusu”nun əsas rəqibi müxalif “Vahid Milli Hərəkat” blokudur.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzu ilə bağlı "525"ə deyib ki, Qərb öz arealına aid etmədiyi xalqlara bu və ya digər müstəqil dövlətin vətəndaşları, ali bəşəri varlıq kimi deyil, öz maraqları naminə istifadə edə biləcəyi “canlı qüvvə” kimi yanaşır: "Bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri, sözügedən partiyanın seçki siyahısına başçılıq edən Bidzina İvanaşvilinin son müsahibəsində yer alan fikirlər də sübuta yetirir. İvanaşvili müsahibəsində Gürcüstanın sabiq Baş naziri və “Gürcü Arzusu” partiyasının hazırkı sədri İrakli Qaribaşvilinin yüksək çinli Qərb siyasətçilərindən biri ilə söhbətini danışıb. Həmin yüksək rütbəli məmur İrakli Qaribaşviliyə Rusiyaya qarşı “ikinci cəbhə” açmağı təklif edib və bildirib ki, 3-4 gün döyüşdükdən sonra gürcülər meşələrə çəkilə və partizan müharibəsini davam etdirə bilərlər və Qərb partizan müharibəsi aparmaq üçün Gürcüstana bütün dəstəyi verəcək. İrakli Qaribaşvili 3-4 günə gürcülərin məhv ediləcəyini deyəndə, qərbli məmur ona “gürcülər 3 milyondur və ruslar 3-4 günə 3 milyon adamı öldürə bilməzlər” cavabını verib.
Zənnimcə, Qərbin öz geosiyasi maraqları naminə bütöv bir xalqı qurban verməyə hazır olduğunu sübuta yetirmək üçün bundan daha yaxşı nümunə ola bilməz. Əslində, 2008-ci ildə baş verənlərin təhlili də eyni ssenarinin həmin dövrdə də həyata keçirildiyini sübuta yetirir".
Deputat deyib ki, hazırda Ukraynada baş verənlər də eyni ssenarinin təkrarıdır və Qərb, insanlıq əleyhinə törətdiyi və törədilməsinə zəmin yaratdığı bu cinayətləri həyasızcasına “demokratiya”, “azadlıq uğrunda savaş” kimi təqdim etməkdən çəkinmir: "Qeyd edim ki, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbul edilməməsinin əsas səbəblərindən biri də Qərbin gürcü və Ukrayna xalqlarını Rusiyaya qarşı müharibə üçün “canlı qüvvə” kimi saxlamaq niyyəti olub. Bu fakt həm İvanaşvilinin iqtibas gətirdiyim müsahibəsində, həm də dolayısıyla digər gürcü siyasətçilərinin açıqlamalarında da yer alıb.
NATO və Avropa İttifaqına üzvlük Qərbin tələdəki yemidir. Həm də ilğım, “virtual”, yalnız sözlərdən ibarət “yem”. Qərb siyasi texnoloqları tələyə hətta yem də qoymurlar, yemin sözlə “şəklini çəkirlər”.
Son 20-21 ildə Qərbin öz geosiyasi maraqlarını təmin etmək üçün stimullaşdırdığı və birbaşa müdaxilə ilə həyata keçirdiyi “rəngli inqilab”ların baş verdiyi məkanlara nəzər salaq. İraq, Suriya, Yəmən, Liviya, Ukrayna... Əfqanıstanda öz yetişdirdikləri, formalaşdırdıqları siyasətçiləri belə güdaza verib bu ölkədən tülkü kimi qaçanlar, utanmadan “insan hüquqları”nın, “demokratiya”nın qorunmasından danışırlar. İndisə hədəf Cənubi Qafqaz seçilib və gürcü xalqını yenidən güdaza vermək, öz iyrənc niyyətlərini həyata keçirmək istəyirlər.
Hesab edirəm ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti baş verənlərin fərqindədirlər və ölkələrinin növbəti dəfə onlara sadəcə “canlı qüvvə” kimi baxan Qərbin “rəngli inqilab” ssenarisinin qurbanına çevrilməsinə imkan verməyəcəklər".
Politoloq İlqar Vəlizadə isə deyib ki, təkcə Gürcüstan yox, eyni zamanda digər Cənubi Qafqaz ölkələri Qərb siyasətinin hədəfindədir: "Biz görə bilərik ki, illər öncə Azərbaycana qarşı belə addımlar atılırdı. Sadəcə olaraq Azərbaycan hakimiyyəti beynəlxalq münasibətlərin subyekti olduğunu dəfələrlə təsdiqləyib. Xaricdən olan müdaxilələri müvəffəqiyyətlə dəf etmişdi. Ona görə də Azərbaycanla bu cür oyunlar alınmayıb. Müxtəlif dövrlərdə belə cəhdlər olub. O cümlədən, bizim daxili siyasi səhnəmizə qarışmaq cəhdləri olub. İndi də davam edir. Amma heç bir nəticə vermir. Çünki Azərbaycan dövləti və cəmiyyəti bu təhdidlərə davamlıdır. Qonşu Ermənistanda bu cəhdlər bir neçə il bundan əvvəl olub və görünən odur ki, Qərb üçün müvəffəqiyyətlə nəticələnib. Belə ki, hal-hazırda Ermənistanın daxili-siyasi səhnəsi, demək olar ki, Qərbin əlindədir.

Həmin ssenari də Gürcüstana tətbiq olunur. Ancaq Gürcüstan hakimiyyəti kifayət qədər uzaqgörənlik edib və bir neçə ay bundan əvvəl qanun qəbul edib ki, bu qanun Qərbin qrantlarının ölkədə yayımlanması ilə bağlı müəyyən məhdudiyyətlər törədir. Bu məhdudiyyətlər imkan vermir ki, qrant təşkilatlar istədiyi kimi siyasətlərini Gürcüstana yürütsünlər. Gürcüstan Qərb üçün çox əhəmiyyətlidir. Çünki Qara dəniz hövzəsinin Qərb ölkələri ilə rabitəsini nəzərə alsaq, Gürcüstan Qərb üçün Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya da qapı rolunu oynayır. Bu darvazanı əlində saxlamaq üçün onlar əllərindən gələni edirlər. Demokratiya, demokratik haqların müdafiəsi adı ilə bu addımlar atılır".
Digər istək də ondan ibarətdir ki, həm Gürcüstan, həm Ermənistan Qərbin əlində alətə çevriləndən sonra Azərbaycana təzyiq göstərməyin daha rahat olacağını düşünürlər. Azərbaycanı nəticə etibarilə öz şərtlərinə gətirə biləcəklərini düşünürlər. Yenə də əsas məqsəd Cənubi Qafqazda öz siyasi nüfuzunu möhkəmləndirməkdir. Gürcüstan hakimiyyəti, siyasi elitası başa düşür ki, bu siyasətin axırı olmayacaq. Bu siyasət Gürcüstan xalqını, dövlətini Qərb siyasətinin girovuna çevirə bilər. Müqavimət göstərir. Bu müqavimət nə dərəcədə davamlı olacaq, nə dərəcədə effektli olacaq - bunu yaxın günlər göstərəcək".



