|
|
|
|

Azərbaycan mühüm nəqliyyat imkanlarına malik dövlətdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi də bu məsələdə vacib rol oynayır. Amma təbii ki, mövcud imkanlardan, eləcə də coğrafi yerləşmədən səmərəli istifadə etməyi, fürsətləri reallığa çevirməyi hər dövlət bacarmır. Azərbaycan birmənalı şəkildə nəqliyyat sahəsində dünyada lider dövlətlərdən birinə çevrilməyi bacarıb. Bu gün ölkəmiz çox böyük səylər göstərərək, mövcud maneələri keçərək qeyd edilən məsələdə böyük uğurlara imza ataraq, nəqliyyat-logistika üzrə regional haba, qovşağa çevrilib. Amma qarşıda hələ yeni layihələr, planlar dayanır.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir sıra mühüm məqamlara toxundu, həm nəticələrdən, həm də yeni layihələrdən söz açdı. Dövlət başçısı qeyd etdi ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Hazırda ölkə ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən, rəqəmsallaşma məsələlərinə diqqət göstərilir.
Müşavirədə dövlət başçısı Zəngəzur dəhlizi layihəsinə xüsusi diqqət ayırdı. Məlumdur ki, bu layihə İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən sonra beynəlxalq gündəliyə salınıb. Prezdentin qeyd etdiyi kimi, bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Baxmayaraq ki, Ermənistanın imza atdığı üçtərəfli bəyanatın 9-cu bəndində bu dəhlizin açılması yer alıb, rəsmi İrəvan öz öhdəliyini yerinə yetirməkdən hələ də imtina edir.
Prezident bununla bağlı deyib: “Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir”.
Prezident qeyd edib ki, Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac verilib. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə ən qısa və ən rahat bağlantımız yoxdur: “Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq”.
İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Prezident deyib ki, beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz.
Dövlət başçısı vurğulayıb ki, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır: “Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Prezident Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə bağlı da çox maraqlı məqamları açıqlayıb: “Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən, mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən, onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Biz nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Hesab edirəm ki, bu, bizim coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, - mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, - amma biz ciddi iradə göstərərək buna nail olduq”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev nəqliyyat müşavirəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlıq etdi. Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladı: “Həqiqətən də Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə “Sülh kəsişməsi” layihəsi reallaşmır?!”
O deyib ki, Nikol Paşinyanın bu layihəsini dinləyirlər, amma real baxmırlar. Çünki Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihəsi baş tutmayacaq: “Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır. Suriyada Türkiyənin MİT rəhbəri İbrahim Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər və xəbərdarlıqlar edir. Hələ ki, Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb”.
Ekspert deyib ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul edəcək: “Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq”.



