|
|
|
|
...Uzun illər əvvəl hələ gənclik çılğınlığı ilə "ruhun bədəndən oynadığı" vaxtlarda sevgi şeirlərini "xatirə dəftərləri"mizdə qoruyub saxlayanda şair İsa İsmayılzadənin həsrət dolu eşq misraları dilimizin əzbəri idi. Bir vaxt "on beş yaşlı sərt həvəsimiz"i "otuz yaşlı gur nəfəsimiz", ardınca "qatarlarda, təyyarələrdə, gəmilərdə - sənəd kimi öz yanımızda gəzdirdiyimiz həsrət" çağı əvəzləmişdi. Və beləcə "həsrətinə gücüm çatmır, sənə - əlim, istəyirəm, həsrətini meşələrə, dənizlərə atıb gəlim - bacarmıram" acizliyi ilə taleyə də, həsrətə də yenilib təslim olmuşduq... "Sol tərəfdə ürək, sağda - xəyalın, arada - boşluq. Mən isə yenə də sizə qoşulub, çıxıram yollara ayağıyalın..." havasıyla dünyanı çəhrayı rəngdə gördüyümüz o çağlar, əlbəttə, ötüb keçəcəkdi. Ömrümüzün "hələ uşaqsınız, nə yaşınız var..." dönəmini atlayandan sonra "nə qədər yalan udmuşam, nə qədər qəzəb, neçə arzuma başsağlığı verilməyib, nələr keçib könlümdən, yuxumdan..." təəssüfünü də yaşayacaqdıq...
Ömrü boyu bir kənara çəkilib iddiasız şəkildə və "insafsızcasına" gözəl əsərlər yazan İsa İsmayılzadənin dəyərli poetik irsində dərin psixoloji mənalı "Güllələr demədi" şeiri - müharibənin fiziki və mənəvi olaraq məhv etdiyi gəncliyin faciəsini, insanın ruhunu şırımlayan intəhasız kədərin izlərini özündə möhürləyən mühüm ədəbiyyat hadisəsidir. Bu şeir gəncliyin itirilmiş ümidlərini, yaşamaq arzusunu, xiffət dolu iztirablarını əks etdirən gözəl bədii vətənpərvərlik miniatürüdür. Hər dəfə oxuyanda, dinləyəndə sarsılıb bu şeirin "qollarına" başımı söykəyib için-için ağlamışam. Dərd kimi ürəyə oturan misraları təəccüblü şəkildə həm də açdığı yaraya dərman olub... Bu şeir ovqatın lirik vaxtında yazılan sadə poetik nümunə deyil, bir xalqın zaman-zaman elindən və evindən gedənlərinə söylədiyi elegiyanın ümumiləşmiş halıdır... Məzmunu, mahiyyəti, ifadə tərzi, ruhani-mənəvi atmosferi ilə yanaşı, şeirin strukturundakı məntiqi (həm də həyati) ardıcıllığa uyğun psixoloji lövhələrin təsirli bədii təsviri ilə müharibənin alt-üst etdiyi bütöv bir "dünya" yaradılıb:
Getdilər... Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə -
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə...
Təbiətlə iç-içə, canbir qəlbdə yaşayan gənclərin gündəlik həyatdakı təbii anlardan zövq aldığını simvollaşdıran misilsiz söz tablosu... Onların səmimiyyətini və sevincini əks etdirən "fit səsi" həm də daxili azadlığın, təbiətə uyğun yaşamaq arzusunun və uşaqcasına qayğısızlığın ən təbii sədasıdır. Bu fit, gənclərin sadə, qayğısız və təbii həyatın içində özlərini tapdıqlarını göstərir. Və ürək göynədən məqam odur ki, hələ heç tam böyüməmiş, uşaqlıqla gəncliyin sərhədində olan o yeniyetmələrin heç ağıllarına da gəlmir ki, yaşadıqları bəsit, fəqət çox qiymətli anlar təkcə məişət və təbiət rutini deyil, bir müddətdən sonra əllərindən ömürlük alınacaq həyatın ta özüdür...
Yalvarıb-yaxarıb dil tökəndə biz,
Onlar üstümüzə od ələdilər,
Qışqırıb-təpinib hədələdilər:
"Hələ uşaqsınız... nə yaşınız var..."
Gəncliyin kandarına yenicə qədəm basan bu aslan parçaları özlərindən vur-tut 3-4 yaş kiçiklərə "hələ uşaqsınız" təpinməsi ilə "nə yaşınız var..." deyərək "kişilənən" vaxtlarındaydılar... Və bu, həm də özlərindən sonrakı nəslə olan sevgiləri və onları qorumaq cəhdi idi. Elə növbəti misrada (zamanın ertəsi günü də demək olar...) öz "üstlərinə od ələnəcəkdi":
Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
Fikirli oldular, ağır oldular...
Müharibə dəhşətinin insan ruhundakı tufandan əvvəlki sakitliyinin bu qədər gözəl ifadəsi düşündürür də, ağladır da... Bir sadə "dava başlanıb" cümləsi ilə nəsillər, rollar və daha nələr yerlərini dəyişir... Bircə bəndlə sonu göz yaşı ilə bitən bir film keçir gözlərimizin önündən...
Qayğısız həyatdan birbaşa müharibəyə atılmaq məcburiyyətində qalan gənclərin psixoloji əhval keçidi, sevmək azadlığından ölüb-öldürülmək məhkumiyyətinə, ümiddən qorxunun bilinməzliyinə doğru bir səfəri lirizmin zirvəsində insan ruhunun dərinliklərini anladır: Bir cümlə ilə ömrün "tütək-fit çalmaq", "moruq dərmək" kimi sadə zövqlərinin həmişəlik itirilməsi, böyüməyin gətirdiyi ağır, qaçılmaz reallıqlar, həyatın sərt üzü ilə üzləşmək məcburiyyəti... Və o məcburiyyət o yeniyetmələri yetkinləşdirib bu dəfə həqiqətən kişiləşdirir. Dünən çayda deyə-gülə at çimizdirən, çənələri moruq ləkəsinə bulaşan yeniyetmələr bir xəbərlə bu gün ağır, fikirli, oturuşmuş adamları olurlar. Onlar yenə əsl kişi kimi qoruyurlar sevdiklərini - bu dəfə yalvararaq:
Yola salanlara qoşulanda biz
Yalvarıb-yaxarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın... geri qayıdın...
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə".
"Gedər-gəlməz"ə getdiklərini bildikləri üçün özlərindən sonra o sadə gözəllikləri yaşadanların qalmasının vacibliyini anlayırdılar. O qulançar yenə yığılmalı, o moruq yenə dərilməli, o atlar yenə çimizdirilməli idi... Bu həm də hələ "uşaqlıq" adlı ilk Vətənində yaşayan o uşaqları qorumağın instinktiv bir yolu idi... Bilmirdilər ki, müharibə hamını vaxtsız yaşlandırır, vaxtilə əylənmək üçün arxalarınca qaçan o uşaqlar da həmin mənhus xəbərlə böyümüşdülər. Artıq o uşaqlar üçün də özlərindən əvvəlki bir nəsil hər mənada həyatlarından çıxıb gedəndən sonra atları çimizdirməyin zövqü, qulançarın ləzzəti, moruğun dadı qalmayacaqdı, onlar təpinə də bilməyəcəkdilər, çünki müharibə boğazları düyünləmiş, ağızları qıfıllamışdı: "Düşüb arxamızca gəldi uşaqlar, dilimiz gəlmədi bir söz deməyə..."
Şeirin film kimi davam edən süjetində - struktur ardıcıllığında növbəti lirik lövhə yenidən heyran edir. "Dava"nın başlanması xəbərinin yaratdığı dözülməz ruh düşkünlüyünü - təkcə arzuları yarımçıq qalan gənclərin deyil, elə hamının üzərinə sanki alovlanan tonqalın üstünə yağan qəfil selləmə gurşad kimi əndərmişdilər:
Onların yoxluğu düşdü araya,
Oyunlar, "məclislər" qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
Aşıq da havanı çaldı yarımçıq...
Şair poetik möcüzə sərgiləyib müharibənin sadə həyatların ahəngdar gedişatını pozmasının həyati və lirik təsviri ilə - sanki "yarımçıq qalasan" qarğışına keçən bir neçə nəslin (generasiyanın) müqəddəratını göz önünə sərir:
Kəndimiz yamanca uralanmışdı,
Hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
"Deyəsən, gedənlər qayıtmayacaq..."
Bu bənddə dilimizin yaddaş saxlancından misilsiz ifadələrin seçilib şeirə gətirilməsi faktından əlavə, fonetik səslənişdəki ahəngin gözəlliyi də ürəkdə yuva salıb hafizədə taxt qurur... Gedənlərin halı isə qalanların əhvalından daha faciəli idi. Qalanların sevinci, oyunları, məclisləri yarımçıq idisə, gedənlər hər an ölümlə qol-boyun "oynayırdılar". Hər şey yerini amansızlıqla dəyişmişdi, gənclərin fit səslərini müharibənin əcəl zəngləri əvəzləmişdi: "Mərmilər, güllələr fit çala-çala, hey böyür-başından ötdü onların..." Və qalanlar gedənlərin yerinə keçmişdilər. Uşaqlar bir anda böyümüşdülər, həyat çətinliklərinin ağır yükü düşmüşdü zəif çiyinlərinə, vaxtilə şaqraq gülüşlərlə əylənən gənclər öz yerlərinə - yaşamaq və yaşatmaq üçün "kətmən vura-vura, ot çala-çala yollara baxan" dərd - qayğı yüklü yeniyetmələri qoyub getmişdilər... O ağzıgöyçəyin ümidsizliyi isə başı boş buraxılıb vəhşiləşən atlar kimi düşüncələrin çöl-biyabanlığında dolaşırdı: "Deyəsən, gedənlər qayıtmayacaq..." Gedənlərsə onminlərlə, hətta yüzminlərlə idi... Və o gedib qayıtmayan nakam talelərin çoxluğunu müəllif son bənddə xüsusilə güclü bədii intonasiya ilə ifadə edib. Şeirin üslub xüsusiyyətləri, mətnin dilinin xəlqiliyi, sadəliyi, aydınlığı, struktural təkrarlama və daxili ritm şeirin yaddaqalanlığına xidmət edib. Təkrarlanan ifadələr fikir qüvvətləndirici bədii təkrir olmaqla bərabər, həm də müharibə dəhşətlərinin miqyasının, uşaqlığı bitməmiş gəncliyə atılanların, gənc ikən yetkinləşənlərin, gedənlərin də, elə qalanların da ürəyinə daş kimi basılan ölümə bərabər ayrılığın mənəvi ağırlığının lakonik poetik təsviridir:
Getdilər, getdilər Berlinə sarı,
Getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
Qəlpələr demədi: geri qayıdın,
Hələ uşaqsınız, nə yaşınız var...
"Güllələr demədi" şeiri Azərbaycan xalqının unudulmaz bədii manifestlərindən biridir. İtkilərin və ümidsizliyin həzin, amma sarsıdıcı ağrıyla ifadə edildiyi bu şeirdə qədirbilən həssas oxucuya böyük emosional yüklə yanaşı, o çarəsizliyin alt qatında işıqlı ümid və ölməz insanlıq dəyərləri də təqdim olunur. Yazılmasından yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq (1971-ci il), bu şeirin yaddaşlarda diri qalması həm də buna görədir.
Ümumən, "Güllələr demədi" şeiri qalanlarımızın - əllərində silah 1941-45-ci illərdə Berlinə sarı gedənlərimizlə bərabər, həm də 1990-cı, 2020-ci illərdə də Vətəni işğaldan qurtarmaq üçün Qarabağa yollanıb ölümlə üz-üzə gələnlərimizə - şəhidlərimizə oxunan nisgil türküsüdür. Bu şeirin içində tariximiz, dilimiz, ədəbiyyatımız, folklorumuz, mənəviyyatımız, təbiilik stixiyası - kəndimiz, ruhaniyyatımız, ağrımız, qürurumuz, bütövlükdə - Azərbaycanın ruhu yaşayır və görkəmli müəllifinin də adını yaşadır. Buna görə bu şeir bir belə dəyərli, əziz və unudulmazdır. Vətənin hər yerindən boy göstərən bütün dövrlərin şəhid məzarlarının qarşısından keçərkən Allaha yönələn dualardan sonra pıçıldanası dillər əzbəri misralar yazmaq elə təvazökar, amma böyük şair olan İsa İsmayılzadəyə yaraşardı... Fiziki yoxluğundan sonra mənəvi varlığı və ədəbi irsi ilə ruhu-könlü oxşayan şairin şeirlərinin birində -
Bu dünyaya bir də qayıtmağım var...
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn
Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm" -
yazırdı. "İsanın poetik möcüzəsinin sehri"nə qapılan biri kimi sonda deyə biləcəyim budur ki, Əlahəzrət Sözün vurğunları hər dəfə misralarının başına dolanıb şeirlərinin qadasını aldıqca, əminəm, İsa İsmayılzadə dünyaya bir də qayıdır...