Gürcüstan və Avropa İttifaqı (Aİ) birlikdə yaşamağı öyrənməlidir, bizə ciddi dialoq lazımdır.
525.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Nyu-Delhidə keçirilən “Raisina Dialoqu 2025” beynəlxalq konfransı çərçivəsində panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstan Aİ-yə üzvlüklə bağlı ciddi dialoqa ehtiyac duyur: "Aİ Gürcüstan üçün əsas istiqamətdir".
Boçorişvili qeyd edib ki, Gürcüstan uzun illərdir Avro-Atlantik məkana inteqrasiya etməyə çalışır və bu istiqamətdə ciddi irəliləyiş əldə edib.
“Avropa İttifaqı özümüzü görmək istədiyimiz yerdir. Biz Qərb dövlətləri ilə ayaqlaşmaq, NATO və Aİ-nin üzvü olmaq istəyirik. NATO və Aİ ilə sıx əməkdaşlıq edirik. Məsələn, Gürcüstan NATO-nun üzvü olmasa da, Əfqanıstandakı sülhməramlı missiyalarda ən böyük qeyri-üzv iştirakçı olub. 2014-cü ildən Aİ-nin assosiativ tərəfdaşıyıq və dərin, hərtərəfli azad ticarət sazişi çərçivəsində Avropa bazarına inteqrasiya imkanımız var”, - deyə nazir bildirib.
O əlavə edib ki, Gürcüstan son illərdə apardığı islahatlarla Aİ-nin digər tərəfdaş ölkələri ilə müqayisədə irəlidədir və korrupsiyaya qarşı mübarizə, açıq idarəçilik, biznes mühiti ilə bağlı beynəlxalq reytinqlərdə yüksək yerləri tutur.
Xarici işlər naziri vurğulayıb ki, Avropa İttifaqı Gürcüstan üçün yalnız tərəfdaş deyil, həm də təhlükəsizlik təminatçısıdır.